ARDNŞ-nin ümumi aktivləri 5 dəfə artıb

ARDNŞ-nin ümumi aktivləri 5 dəfə artıb
18:38 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

Bu gün ARDNŞ-də 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Şirkətin idarə və müəssisə rəhbərlərinin də iştirak etdiyi müşavirəni Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açaraq 2014-cü ildə Azərbaycanın neft-qaz sənayesinin qazandığı nailiyyətlər, qlobal və regional əhəmiyyətli “Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi, Transanadolu (TANAP) qaz boru kəmərinin inşası və digər layihələrin gedişi haqqında məlumat verib. Bildirib ki, yola saldığımız 2014-cü il dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq SOCAR üçün uğurlu keçib. Əsas göstəricilər üzrə proqnozlara tam əməl olunub.

Şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentləri Süleyman Qasımov və Mikayıl İsmayılov ilin əsas istehsalat göstəriciləri və 2015-ci ildə planlaşdırılan əsas istiqamətlər haqqında məruzə ediblər. Qeyd olunub ki, neftin və qazın hasilatı, neft məhsullarının istehsalı ilə əlaqədar bütün proqnozlara, eləcə də Şirkətin ixrac öhdəliklərinə əməl olunub. ARDNŞ-nin ümumi aktivlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə artaraq 24 milyard 442 milyon manata çatıb. ARDNŞ 2014-cü ildə öz tarixində ilk dəfə olaraq büdcəyə rekord səviyyədə 1 milyard 825 milyon manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.

Dövlət Neft Şirkətinin prezidenti R.Abdullayev müşavirəyə yekun vuraraq 2015-ci ildə qarşıda duran məsələlərdən danışıb, idarə rəhbərlərinə konkret göstərişlər verib. Bildirilib ki, yeni ildə Şirkətin həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycan Respublikasının yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə Şirkətin bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır.

R.Abdullayev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə müşavirə iştirakçılarını, eləcə də bütün neft-qaz və kimya sənayesi işçilərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2349245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR