Yukiya Amano: İran nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib

Yukiya Amano: İran nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib
03:03 17 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Vyana, 17 yanvar, AZƏRTAC
İran 2015-ci ilin iyul ayında əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano məlumat verib. O deyib: “Bu gün mən Birgə Kompleks Fəaliyyət Planının icrasına başlamaq üçün İranın tələb olunan lazımi hazırlıq mərhələlərini artıq başa çatdırdığını təsdiqləyən hesabatı ictimaiyyətə açıqladım”. Hesabat BAEA-nın Direktorlar Şurası və BMT Təhlükəsizlik Şurasına göndərilib.
Hesabat agentliyin müfəttişləri Birgə Kompleks Fəaliyyət Planının tələblərinin İran tərəfindən yerinə yetirildiyini təsdiqlədikdən sonra hazırlanıb və bu hesabatın müsbət olması sanksiyaların aradan qaldırılması üçün əsas şərt olub.
Baş direktor Y. Amano bildirib ki, bununla da İranla BAEA arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Götürdüyü öhdəliklərə uyğun olaraq İran BAEA ilə birgə Təhlükəsizliyə dair Sazişin əlavə protokolunun icrasına başlayacaq.
BAEA-nın müvafiq hesabatı ilə İranın nüvə proqramına dair 13 ildən bəri davam edən mübahisələrə son qoyulacağı gözlənilir. Yanvarın 16-da ABŞ baş katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə razılaşmasının rəsmən icrasını başlamaq üçün Vyanada görüşüblər. Görüşdən öncə “altılıq” dövlətləri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi üçün BAEA-nın müvafiq hesabat yayması şərtini irəli sürmüşdülər.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yukiya_Amano_Iran_nuve_razilasmasina_dair_butun_telebleri_yerine_yetirib-919209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR