Mal da, övlad da fitnədir

Mal da, övlad da fitnədir
21:37 30 Dekabr 2014
142 Sosial
Ölkə mətbuatı
A- A+

Yəqin ki, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərindəki məşhur “Fitnə” hekayəsindən xəbəriniz var. Fitnə həmin hekayədəki qızın adıdır. Hekayənin məzmunu da belədir ki, bir padşah öz ovçuluq məharəti ilə Fitnəni heyrətləndirməyə çalışır, amma qız bütün gördüklərini laqeydliklə qarşılayır və bütün bunların sadəcə vərdişlə əldə edildiyini söyləyir. Bu cür ovçuluq məharəti qarşısında Fitnənin laqeyd münasibət göstərməsi padşahı hirsləndirir və onu qovur.
 
Fitnə də eyni üsulla padşaha daha ibrətli bir dərs verir. İbrətli dərsi də bundan ibarət olur ki, yenicə doğulmuş buzovu boynuna alıb hər gün qırx pilləkəni qalxıb-enir. Fitnə o qədər məşq edir ki, həmin buzov böyüyüb iri bir cöngə olanda da çətinlik çəkmədən onu boynuna alıb pilləkənləri çıxır və enir. Fitnənin bu məharəti dillərə düşür və gedib padşahın qulağına çatır. Padşah da öküzü çiyninə alıb qırx pilləkəni qalxıb-enən qızı görmək üçün durub Fitnənin yanına gəlir və incə bir qızın o boyda öküzü boynuna qaldırmasından heyrətə düşür
 
Padşah onu tanımasa da, Fitnənin bu qabiliyyəti qarşısında heyrətini gizlətmir. Nəhayət, padşaha lazım olan dərsin verilmə məqamının gəldiyini anlayan Fitnə üzündən örtüyü atıb özünü tanıdır və boynuna öküz qaldırmağın da adi vərdiş olduğunu deyir.
 
Necə düşünürsünüz? Sizcə, Nizami öz qəhrəmanına niyə Fitnə adı verib? Hə, bu sual ətrafında ciddi düşünməyə dəyər.
 
Qurani-Kərimdə bildirilir ki, mal da, övlad da fitnədir. Buradakı “fitnə” sözü ara pozuculuq, bədxahlıq, azğınlıq mənasında deyil, çətin imtahan anlamındadır.
 
Kim inanmırsa, ətrafına baxsın. İnsanların böyük əksəriyyəti məhz bu iki amil üzündən günaha düşürlər. Mal, sərvət sevgisi o qədər güclü, o qədər cazibəlidir ki, çevrəsinə düşən insan ondan çətin yaxa qurtara bilir. Nəfs doyumsuzdur, aldıqca şişir, şişdikcə istəyir, get-gedə ölçüdən, əndazədən çıxaraq vəhşiləşir. Beləsinin yenidən insanlığı dönüşü ən çətin yolçuluqdur və çox güclü iradə ilə mümkün ola bilər.
 
Övlad məsələsi də çox həssas mövzudur. Görün neçə nəfər haqqı, ədaləti, qanunu düşünmədən öz övladı üçün nə əməllərdən çıxır. “Başqalarına nə olur-olsun, təki mənim uşağıma bir şey olmasın”, “uşaqlarının gələcəyi üçün tədarük etmək”, “bala saxlamaq” kimi düşüncələr insanlar arasında ədalət hissini aradan qaldırır, zülmün cəmiyyətdə hakim olmasını təmin edir.
 
Amma heç düşünmürük ki, övladın sabahından narahat olmaq, onu ədəbli, tərbiyəli yetişdirmək əvəzinə, gələcəyi üçün sərvət yığmaq bir tərəfdən Allaha güvənməmək, digər tərəfdən də özünə zülm etməkdir.
 
Bəli, bizə bu həyatda seçim haqqı verilib, hər kəs özü düşünsün və seçimini etsin.
 
Allah islah eləsin. Vəssalam.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR