FİFA-nın fevralın 4-də açıqlayacağı milli komandaların növbəti reytinq siyahısının təxmini variantı dərc olunub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həmkarlarımızın hazırladığı bu cədvəldə komandaların hansı pillələrdə qərarlaşacağı ilə bağlı ehtimallara üstünlük verilib.

Yanvarın 7-də açıqlanan rəsmi siyahıdan sonrakı cədvələ qədər olan 28 gündə baş tutacaq matçların nəticələrini nəzərə alan ekspertlər buna uyğun cədvəl tərtib ediblər. Təxminlərə əsasən, Azərbaycan yığması gələn ay 117-ci pillədə yer alacaq.

Bu siyahıda hesabında 296 xalı olan komandamız yanvarda açıqlanan cədvəllə müqayisədə 1 pillə geriləyib. Bu müddətdə heç bir rəsmi matça çıxmayan Robert Prosineçkinin yetirmələrinin gözlənilən mövqe dəyişikliyinə digər yığmaların nəticələri səbəb olub.

Belə ki, Türkmənistan 116-cı və Fələstin 111-ci yerə yüksəlməklə, komandamızı təxmini cədvəldə arxada qoyub. Türkmənistanlıların belə irəliləməsi diqqətdən yayınmır. Çünki onlar son 10 il 3 ayda, yəni 123 ayda ilk dəfə Azərbaycanı arxada qoyublar. 2 komandanı önə buraxan yığmamızın 2 pillə deyil, 1 pillə geriləməsi isə Zimbabve ilə bağlıdır. 23 pillə aşağı yuvarlanıb, 131-ci yerə düşən afrikalılar yığmamızdan geri qalırlar.

Millimiz və "qonşuları"

112 (105). Anqola - 306
114 (111). Mərkəzi Afrika Respublikası - 302
115 (113). Çad - 301
116 (115). Aruba - 298
116 (117). Türkmənistan - 298
117 (116). AZƏRBAYCAN - 296
118 (121). Syerra-Leone - 290
119 (119). Sent-Kitts və Nevis - 289
120 (128). Beliz - 286
120 (120). Gürcüstan - 286
120 (121). Tailand - 286

Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayacaq. Planetin nəhəngləri mövqelərini gələn ay da qoruyacaqlar. Yalnız Çilinin xal hesabında artım olacaq.

İlk "onluq"

1 (1). Belçika - 1494
2 (2). Argentina - 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya - 1347
5 (5). Çili - 1293
6 (6). Braziliya - 1251
7 (7). Portuqaliya - 1219
8 (8). Kolumbiya - 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun yeri və xalı dəyişməz qalacaq. Çexiya isə Kot-d`İvuarın geriləməsindən yararlanıb 1 pillə irəliləyəcək. Sonuncuları keçən Şimali İrlandiya daha bir Afrika təmsilçisini - Əlcəzairi - də arxada qoyaraq, irəliyə doğru 2 addım atacaq. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabı artacaq Norveç isə 4 addım irəliləməlidir.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (4). Almaniya - 1347
25 (26). Çexiya - 860
28 (30). Şimali İrlandiya - 825
50 (54). Norveç - 597
198 (198). San-Marino - 28

Qeyd edək ki, qonşu Türkiyə yığması təxmini siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb. "Ay-ulduzlular" da Kot-d`İvuarı keçəcəklər.

Milli.Az