BTQ dəmir yolunun Gürcüstan hissəsi hazırdır

BTQ dəmir yolunun Gürcüstan hissəsi hazırdır
07:06 31 Dekabr 2014
62 Dünya
Ölkə mətbuatı
A- A+

Çətin dağlıq relyefin olmasına və havaların şaxtalı keçməsinə baxmayaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan ərazisindəki hissəsinin tikintisi başa çatdırılıb. Yolun bu hissəsində sınaq qatarı xəttə buraxılıb. Axalkalakidən yola çıxan qatar dekabrın 26-da axşam Türkiyə ilə sərhəddəki Karçaxi stansiyasına çatıb.

Bu sözləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəravtoyolservis” Qapalı Səhmdar Cəmiyyətinin Gürcüstan filialının rəhbəri Qurban Piriyev deyib.

Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur.

Qeyd olunub ki, yolun Axalkalakiyə qədər olan hissəsi keçmiş sovetlər dövrünün standartlarına uyğun tikilib. Buradan Türkiyə sərhədinə - Karçaxi stansiyasına qədər olan hissə isə Avropa standartlarına uyğun inşa olunub. Bu yola uyğun olaraq Almaniyadan yeni lokomotiv də alınıb.

Bildirilib ki, BTQ-nin Gürcüstan hissəsinin tikintisinə ümumilikdə 775 milyon dollar vəsait xərclənib. Bu vəsaitin də xeyli hissəsini Azərbaycan hökuməti güzəştli şərtlərlə, uzun müddətə Gürcüstana kredit kimi verib.

Hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlərin cədvəl üzrə getdiyini bildirən Q.Piriyev deyib ki, burada xəttin uzunluğu 74 kilometrdir. Artıq tunellər tikilib və əsas yolda torpaqlama işləri aparılır. İşlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Q.Piriyev deyib: “Bu layihə nəticəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirəcək. Bu yol təkcə insanların və yüklərin daşınmasına deyil, həm də mədəniyyətlərin, sivilizasiyaların daşıyıcısı olacaq, millətlərin inteqrasiyasına, xalqların rifah halının yaxşılaşmasına xidmət edəcək”.

O, yolun tikintisi zamanı yaranmış təbii və süni problemlərdən də danışıb. Bildirib ki, dünyanın heç bir yerində dəniz səviyyəsindən 2000-2500 metr hündürlükdə, dağlarda dəmir yolu çəkilməyib. Havaların şaxtalı keçməsi də işləri bir qədər gecikdirirdi. Bəzən inşaatçılar 12 dərəcə şaxtada işləməli olublar. Lakin ən ciddi problem dəmir yolunun Gürcüstanın Cavaxetiya bölgəsində, ermənilərin yığcam yaşadıqları ərazilərdən keçən hissəsində yaranıb. Ermənilər müxtəlif üsullarla yolu bağlamağa, təxribatlar törətməyə cəhd göstəriblər. Azərbaycanın və Gürcüstanın dövlət başçılarının səyi nəticəsində bu problem həllini tapdı. Mən burada bir faktı xüsusi qeyd etmək istəyirəm: “Bu problemin həllində biz Prezident İlham Əliyevin qətiyyətinin, dəstəyinin və əzmkarlığının bir daha şahidi olduq. Məhz dövlətimizin başçısının səyi və qətiyyəti nəticəsində problem öz həllini tapdı. Buna görə, gürcü xalqı da Azərbaycan Prezidentinə minnətdardır”.

Q.Piriyev bildirib ki, BTQ-nin Gürcüstan ərazisindən keçən hissəsinin rəsmi açılışı yaxın vaxtlarda olacaq.

http://azertag.az/xeber/822167

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=317284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR