A+
A–
Ağsu, 9 fevral, Adil Ağayev, AZƏRTAC
İlaxır çərşənbə günündə Ağsu rayonunun Gəgəli kəndində II Beynəlxalq tərəkəmə çərşənbəsi folklor festivalı keçiriləcək. Festival MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “HeritageTravel” MMC və “Sarılı” MMC-nin təşkilatçılığı, AMEA Folklor İnstitutu və Ağsu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşacaq.
MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-a bildirib ki, İlaxır çərşənbə martın 15-dən 16-a keçən axşama düşür. Üç gün davam edəcək festival çərçivəsində müxtəlif folklor qrupları mədəni proqramlarını nümayiş etdirəcək, sərgi-yarmarka və bayram mərasimləri keçiriləcək, tonqallar yandırılacaq, eləcə də Ağsu turu təşkil olunacaq. Keçən il bu festivala Türkiyə, Gürcüstan və Misirdən 200-dən çox iştirakçı qatılmışdı. Bu il də Türkiyə, Gürcüstan, Misir, Makedoniya və digər ölkələrdən qonaqların gəlməsi gözlənilir.
Qeyd edək ki, Gəgəli kəndi Axtaçı obasının əsasını təşkil edən yaşayış məntəqələrimizdən biridir. Axtaçı tarixən Azərbaycanda Şirvan bölgəsinin iri obalarından biri olub. Maldarlıqla məşğul olan bu türk obasının bəzi folklor nümunələri özünəməxsusluq təşkil edir. Özünəxas bayram mərasimlərinin təhlili bu obanın timsalında əski türklərdə İlaxır çərşənbə mərasiminin necə önəmə malik olduğunu göstərir.