Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclər daha fəal olmalıdırlar

Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclər daha fəal olmalıdırlar
16:18 25 Fevral 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

A+
A

Bakı, 25 fevral, AZƏRTAC
Bu günlərdə Azərbaycan xalqı 24 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilən insanların xatirəsini dərin ehtiramla yad edir. Bununla əlaqədar ölkəmizdə və dünyada müxtəlif tədbirlər keçirilir. Məqsəd Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar partiyanın Gənclər Birliyinin üzvləri ilə görüşdə səsləndirib.
Əli Əhmədov deyib: “Şübhəsiz ki, Xocalı soyqırımı tariximizdə üzləşdiyimiz ən böyük faciələrdən biridir. Yüzlərlə dinc insanın bu cür qətlə yetirilməsinə dünya tarixində nadir hallarda rast gəlmək olur. Həqiqətən, insanlığa böyük ləkə gətirən bu faciə uşaq, qadın, qoca qətli ilə yaddaşlarda yaşayır. Hər şeydən əvvəl, Xocalı faciəsi erməni separaçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində məkrli addımlarının nəticəsidir. Təəssüf ki, ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün ondan da qat-qat çirkin olan üsul seçdilər. Bu da bir şəhərin bütünlüklə yer üzərindən silinməsi, orda yaşayan bütün insanların xüsusi qəddarlıqla qətlə yetirilməsidir”.
Baş nazirin müavini təəssüflə qeyd edib ki, dünya birliyi hələ Xocalı faciəsinə layiqli hüquqi-siyasi qiymət verməyib və bu da ikili standartların göstəricisidir. Lakin ikili standartlar, Xocalı qətliamına bəzi ölkələrdə göstərilən biganəlik bizi ruhdan salmamalıdır və bu soyqırımının dünyada tanıdılması istiqamətində qüvvələrimizi daha da səfərbər etməliyik. “Biz Xocalı soyqırımının dəhşətli nəticələrini geniş təbliğ etməklə bu faciəni milli düşüncənin bir elementi kimi gələcək nəsillərə çatdırmalıyıq. Əsas məqsədimiz odur ki, gələcək nəsillər bunu bilsin və tarixdən dərs alaraq Azərbaycana qarşı belə faciələr törətmək istəyənlərin qarşısını alsınlar. Dövlətimizin əsas məqsədi erməni separatçılarının və terrorçularının Xocalıda törətdikləri kütləvi qətl hadisəsini dünyaya azərbaycanlıların soyqırımı kimi tanıtmaqdan ibarətdir. İstər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları və vətəndaşlarımız yorulmadan Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərməlidirlər. Biz beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq. Bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb, bir sıra dövlətlər, o cümlədən, ABŞ-ın bəzi ştatları Xocalı soyqrımını tanıyıblar. Bundan sonrakı səylərimiz də nəticəsiz qalmayacaq. Eyni zamanda, Azərbaycan cəmiyyəti və xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bu istiqamətdə səylərini artırmalıdırlar”, - deyə YAP sədrinin müavini qeyd edib.
Bildirilib ki, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıb. Bu baxımdan Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası xüsusi əhəmiyyət daşıyır.
YAP Gənclər Birliyinin böyük bir ordu olduğunu deyən Əli Əhmədov vurğulayıb ki, partiyanın gəncləri faciə ilə bağlı həqiqətlərin yayılması işinə öz töhfələrini verirlər. O, gənclərin bu prosesdə daha da fəal olmalarının önəmini vurğulayıb.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan dövlətinin siyasətindən, Ermənistan rəhbərliyinin danışıqlarda tutduğu qeyri-konstruktiv mövqedən də danışılıb.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Xocalı soyqırımı ilə bağlı fikirlərini bildirib, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən vəzifələrdən danışıblar.
AZERTAG.AZ :Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclər daha fəal olmalıdırlar


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xocali_soyqirimina_dair_heqiqetlerin_dunya_ictimaiyyetine_chatdirilmasinda_gencler_daha_feal_olmalidirlar-930406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı