A+
A–

Bakı, 27 fevral, AZƏRTAC
Monteneqro Mərkəzi Bankı Azərbaycanın "Azmont Banka" təşkilatına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya verilməsi barədə qərar qəbul edib.
AZƏRTAC “balkanpro.ru”ya istinadla xəbər verir ki, "Azmont Banka" ölkədə fəaliyyət göstərən 15-ci bank olacaq. "Azmont Banka" Boka-Kotor buxtası sahillərində yerləşən Kumbor qəsəbəsindəki "Portonovi" tikinti kompleksi layihəsinə xidmət göstərməyə başlayacaq.
Bank "Azmont Investments" layihəsinin azərbaycanlı investoru və "Azerbaijan Global Investments" (AGI) şirkəti tərəfindən təsis edilib. AGI-nin maliyyə sektorunda böyük təcrübəsi var. Onun strategiyası Azərbaycandan kənarda investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir.
Qeyd edək ki, "Portonovi" Çernoqoriya ərazisində ən iri kurort komplekslərindən biridir. Bura "One&Only" otel kompleksi, iqamətgahlar, villalar və evlər, mağazalar, restoranlar, SPA mərkəzi, yaxtalar üçün liman daxildir. Kompleksin 2018-ci ilin yayında istismara verilməsi nəzərdə tutulur.
AZERTAG.AZ :Monteneqro Mərkəzi Bankı "Azmont Banka"ya lisenziya verib