Ötən ilin mədəni hadisələri - SORĞU

Ötən ilin mədəni hadisələri - SORĞU
11:57 1 Yanvar 2015
144 Sosial
Ölkə mətbuatı
A- A+

2014-cü ildə bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də müəyyən yeniliklər oldu.
 
Milli.Az axar.az-a istinadən ölkəmizdə və dünyada ötən ilin yadda qalan mədəni hadisələri ilə bağlı mədəniyyət adamları arasında sorğunun nəticələrini təqdim edir.
 
Kinoşünas professor Aydın Dadaşovun fikrincə, Beynəlxalq kinofestivallara yürüş, AMEA-nın Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin fəaliyyətə başlaması, Bakı Xoreoqrafiya Akademiyasının açılışı, Bakı bulvarının 25 km qədər uzadılması prosesinin davam etməsini ilin mədəni hadisələri hesab etmək olar. 
 
Kinorejissoru Tahir Əliyev bildirdi ki, onun üçün ilin ən mühüm mədəni hadisəsi çox sevdiyi kinorejissor Nuri Bilgə Ceylanın “Qış yuxusu” filminin Kann Film Festivalında “Qızıl Palma budağı” alması olub: “Ölkəmizdə isə Asif Rüstəmovun çəkdiyi "Axınla aşağı" filminə görə sevinirəm. Yaxşı filmdir. Amma və lakin mədəni hadisə adlandırmazdım. Hər halda, kino məmurları üçün yeni film mədəni hadisə ola bilər. Asif üçünsə növbəti filmdir”. 
 
Rejissor Rövşən İsaxın tərəddüd eydi: “Çox fikirləşdim... tam səmimi desəm, ağlıma ancaq bunlar gəldi: "Vur, komandir, vur!" və QARABAĞ futbol klubunun qələbəsi”.
 
Ssenarist İntiqam Hacılı üçün ilin ən yaddaqalan mədəni hadisəsi türkiyəli rejissor Nuri Bilgə Ceylan erasının bitməsidir: “Ölkə xaricində mənimçün ən yaddaqalan hadisə Nuri Bilgə Ceylanın Kann Film Festivalında “Qızıl Palma Budağı”nı alması idi. Yəni NBC erası, nəhayət ki, bitdi”... 
 
Bakı Uşaq Teatrının aktyoru Rauf Şahsuvarlının yadında qalan mədəni hadisələr bunlardır: “Könül Xasıyevanın “Xalq artisti”, Babək Niftəliyevin, Rauf İslamovun, Rafael və Coşqunun “Əməkdar artist” fəxri adlarını alması. Şəkidə teatr festivalının keçirilməsi…”
 
Həmişə fərqli mövqeyi ilə diqqət çəkən əməkdar artist İlqar Cahangirin bu dəfəki cavabı da qısa, konkret və orijinal oldu: “Yadıma sala bilmədim. Deməli, mənimçün olmayıb”. 
 
“Buta Film”də inzibatçı çalışan Vidadi Rüstəmov ölkəmizdəki mədəni hadisələri sadalamaqla kifayətləndi: “Kino sahəsində çalışan bir şəxs kimi mən öncə bu sənətdəki uğurlarımızı diqqətəlayiq hesab edirəm. “Thorn”, “Axınla Aşağı” və “Nabat” filmlərinin uğurunu qeyd etmək istəyirəm. Bu il ilk dəfə olaraq Kann və Venesiya kino festivallarına qatıldıq. Həmçinin, ilin sonuna doğru bir neçə müstəqil kommersiya filmi ölkəmizin kinoteatrlarında ekrana çıxdı ki, bu da tamaşaçıların milli filmlərimizə kinoteatrlarda baxmaq ənənəsinin yenidən bərpası istiqamətində vacib addımdır və eyni zamanda müstəqil kino sənayesinin yaranmasına əvəzsiz xidmət edir”.
 
Mədəniyyət və İncəsənət Universitetinin rektorunun dəyişməsini ilin yadda qalan mədəni hadisəsi hesab edən kinoşünas Sevda Sultanova bunları dedi: “Konkret kinodan söhbət gedirsə, Elçin Musaoğlunun "Nabat" və Asif Rüstəmovun "Axınla aşağı" filmlərini son illərdə çəkilmiş uğurlu, urvatlı film hesab edirəm. Bu filmlərlə festivala çıxmaq olar, yəni utanmayacağıq. Bir də bu il kino bazarını dirçəldə biləcək kommersiya layihələrinin “Mənim adım İntiqam” ("My name is İntiqam") və "Xoxan" komediyalarının çəkilməsini də müsbət tendensiya kimi dəyərləndirirəm. Mədəniyyət və İncəsənət Universitetinin mühafizəkar, bu ali məktəbi köhnə sistemlə idarə edən rektorunun novator rəhbərlə dəyişilməsi də mədəni hadisə sayılarsa, bunu da illik yekuna daxil edirəm. Kinoteatrlarda əcnəbi filmlərin yaradıcı heyətin iştirakı ilə qala gecələrinin keçirilməsi ənənəsinin başlamasını da hadisə sayıram. A kateqoriyalı Berlin, Kann, Venesiya festivallarının keçirilməsi dünya kino müstəvisində hadisə sayıla bilər. Amma xarici mətbuatı izlədiyim qədər, fövqəladə heyrətamiz film olmayıb. Trierin provakasiyon "Nimfomanka" əsərini qeyd etmək olar. Bu il çəkilən, kino tənqidçilərinin "top on" siyahısına düşmüş üç filmi izlədim: "İda", "İtkin qadın" və "Mənim dərimdə ol”. Şəxsən mənim üçün onların heç biri hadisə deyil”.
 
Rejissor Əli İsa Cabbarov ilin sırf kino ilə bağlı olan mədəni hadisələrini qeyd etdi:
 
1) Milli Kinomuzun Locarno, Kann və Venesiya festivallarında təmsil olunması;
 
2) Yeni kino zallarının açılması və tamaşaçıların kino zallarına qayıtması;
 
3) “Nabat” filminin premyerası.
 
Azərbaycan Milli Dram Teatrının rejissoru Gümrah Ömərə görə ilin yadda qalan mədəni hadisələru bunlardır: “Şəki 1-ci Beynəlxalq Teatr festivalı, 3-cü Beynəlxalq Teatr konfransı, Akademik Teatrda hazırlanmış “İlahi oyun” tamaşasının Konya teatr festivalındakı uğurlu çıxışı, “Nadir şah” tamaşasının premyerası”.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/54763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR