A+
A–

Bakı, 16 mart, AZƏRTAC
Kambocanın Dövlət Qulluğu Nazirliyinin dövlət katibinin müavini Thor Sethananın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi dövlət qulluğu ilə bağlı Azərbaycan modelini, dövlət idarəçiliyi və korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənməkdir. Nümayəndə heyətinə tərkibinə Kamboca Dövlət Qulluğu Nazirliyinin, İdarəçilik Məktəbinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Baş Katiblik yanında Dövlət Maliyyə İdarəçiliyi üzrə İcraiyyə Komitəsinin, İqtisadiyyat və Maliyyə Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Kambocadakı nümayəndəliyinin əməkdaşları daxildir.
Martın 18-dək davam edəcək səfər zamanı nümayəndə heyəti üçün “Azərbaycan Respublikasının dövlət qulluğu sistemi”, “Dövlət qulluğuna qəbulda obyektivlik və şəffaflığın təmin olunması”, “E-xidmətlər. Dövlət qulluğuna qəbulun İT idarə edilməsi sistemi”, “Test tapşırıqlarının təkmilləşdirilməsi və ekspertizası. Dövlət qulluğu imtahanına hazırlıq. Test və müsahibə proqramları”, “Dövlət qulluğuna qəbulun maddi-texniki təminatı”, “Dövlət qulluqçularının peşəkarlığının inkişaf etdirilməsi. Dövlət qulluqçuları üçün Təlim Mərkəzinin yaradılması” və “Dövlət qulluğunda etika və korrupsiyaya qarşı mübarizə” mövzularında təqdimatla çıxışlar olacaq.
Nümayəndə heyəti Komissiyanın Test İmtahanı Mərkəzində və “ASAN xidmət” mərkəzində də olacaq.
Xatırladaq ki, Gürcüstanın və Əfqanıstanın dövlət qulluğu siyasətini həyata keçirən qurumları da dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə səfərdə olublar.
AZERTAG.AZ :Kamboca dövlət qulluğu sahəsində Azərbaycan modelini öyrənir