Türkiyədə "17 dekabr- rüşvət əməliyyatları" zamanı tutulub bir müddət həbs yatdıqdan sonra buraxılan cənubi azərbaycanlı iş adamı Rza Zərrab ABŞ-da həbs olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mayamidə hakim Riçard Bermanın sədrliyi ilə keçən məhkəmədə Rza və digər iki nəfər üçün ABŞ hökumətini aldatmaq ittihamı ilə 5 il, ABŞ-ın İran sanksiyalarını pozduğu üçün 20 il, bank saxtakarlığı üçün 30 il və "çirkli pullar"dan istifadə üçün 20 il olmaqla ümumi 75 il həbsi istənilib.

Martın 19-da həbs edilən iş adamları 2010-2015-ci illərdə ABŞ-da gördüyü qeyri-qanuni biznes işlərinə görə məhkəmə qarşısına çıxarılıblar. Məhkəmənin qarşıdakı günlərdə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddətdir Rza Zərrabın həyat yoldaşı, müğənni Ebru Gündeşdən boşanacağı şayiələri də gəzir.

Milli.Az