Yohan Kruyf öldü. Dövrümüzün kumiri idi. Həm sevirdik, həm acıyırdıq ki, dünya çempionu ola bilmədi.

Ən təəccüblüsü Argentinada keçiriləcək 1978-ci il çempionatına getməməsi idi. O çempionatda Argentina hərbi diktatorluğu fırldaqla öz milli taqımını çempion edəcək, bundan propaqanda vasitəsi kimi yararlanacaq, Borges daxil bir xeyli yerli intellektualı futboldan iyrəndirəcək, sonra eyforiyaya qapılıb müharibəyə girişib iflasa uğrayacaqdı.

Finalda argentinalılar ikinci dəfə dalbadal finala çıxmış hollandiyalılara qalib gələcəkdilər. Öz ölkəsində çoxu bu məğlubiyyətə görə Kruyfu qınayırdı ki, o getsə idi, bəlkə nəticə başqa ola bilərdi.

Amma Kruyfun o çempionata getməməsini uzun müddət onun diktaturaya etirazı kimi dəyərləndirənlər də var idi. Buna görə ona dünyada hörməti ikiqat artanlar da çox olmuşdu. Camaatın belə düşünməsi üçün əsas da var idi. 1973-cü ildə "Ayaks" onu İspaniyaya satmaq qərarına gəlir. O, "Real"a təklif edilir. Kruyf mən Franko ilə assosiasiya olunan bir klubda oynamaram deyib, imtina edir və "Barselona"ya keçir.

Amma Kruyf həmişə Argentinaya siyasi səbəblərdən getmədiyini inkar edirdi, bu barədə danışmaq istəmədiyini deyirdi. Yalnız, 2-3 il bundan qabaq bir müsahibəsində bu barədə danışdı.

Dedi ki, evinə çempionatdan bir neçə ay əvvəl mafiya tərəfindən basqın olub və burada başına gələnlər onu şoka salıb. Bu hadisə dünyagörüşlərinə ciddi təsir edib, buna görə də getməyib.

Amma düşünürəm bu açıqlama da o çempionat barədə qaranlıqlara tam işıq salmadı. Mən indi də düşünürəm ki, əlaqə olub.
Fəqət həmin çempionata məhz diktaturaya etiraz kimi getmədiyi hamıya bəlli başqa oyunçular var idi. Məşhur alman oyunçusu dəmir adlandırdığımız Braytner bunlardan biri idi.

Lakin əks hadisələr də olub. Misal üçün, sonradan bizim də millinin baş məşqçisi olacaq Berti Foqts o çempionatda diktaturanı tərifləmiş və buna görə də dünya ictimaiyyəti tərəfindən ciddi qınaqlara tuş gəlmişdi.

Hərənin bir cür qiymətləndirməsi ola bilər. Bilirəm xeyliniz razılaşmaya bilərsiniz. Amma mənim üçün Kruyf Pele və Maradonadan sonra gələn, Zidanla isə eyni səviyyədə dayanan bir futbolçu idi, qalanlar isə bu 4 nəfərdən sonradır:)

Ən əsası isə şəxsiyyət idi.

İdman və siyasət
Altay Göyüşov