A+
A–

Bakı, 14 aprel, AZƏRTAC
BMT qərargahında Ekvador Prezidenti Rafael Korreanı salamlayan BMT Baş katibi Pan Gi Mun bildirib ki, şəhərlərin inkişafına dair yeni strategiyaya ehtiyac yaranıb. Gözlənilir ki, 2050-ci ildə dünya əhalisinin 70 faizi şəhər sakinləri olacaq. Dünyanın bu cür sürətli urbanizasiyası ətraf mühitə və bəşəriyyətin aqibətinə güclü təsir göstərir.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Pan Gİ Mun 2016-cı ildə Ekvadorun paytaxtı Kitoda keçiriləcək BMT-nin mənzil və davamlı şəhər inkişafına dair Konfransında (Habitat III) urbanizasiya sahəsinə aid yeni gündəliyin qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Ekvador Prezidenti ilə birgə mətbuat konfransında çıxış edən BMT Baş katibi deyib: “Habitat III Konfransı dəyişikliklər üçün tarixi imkandır. Onun mühümlüyü 2030-cu ilədək olan dövrdə inkişaf sahəsində gündəliyin həyata keçirlməsinin ilk ili ilə üst-üstə düşməsindədir. Gündəliyin həyata keçməsində uğur bizim şəhərləri necə qurmağımızdan, onlarda necə yaşamağımızdan və necə idarə edəcəyimizdən asılıdır”.
Sürətli urbanizasiya probleminin həllinə yanaşmalar bu yaxınlarda qəbul edilən 2030-cu ilədək olan dövrdə davamlı inkişafa sahəsinə dair gündəlikdə mühüm yer tutur. 17 məqsədin birində “şəhərlərin və yaşayış məntəqələrinin təhlükəsizliyinin, dözümlülüyünün və davamlılığının təmin edilməsi” zərurətindən söz açılır.
Hazırda şəhər sakinlərinin sayı planet əhalisinin yarısını keçib. 2050-ci ildə şəhərdə yaşayanların sayı 6,3 milyard nəfər olacaq.
Xatırladaq ki, BMT-nin yaşayış məskənlərinə dair ilk Konfransı (Habitat I) 1977-ci ildə Vankuverdə keçirilib. 1996-cı ilin iyununda İstanbulda BMT-nin ikinci konfransı baş tutub. Habitat II-də yekun sənəd kimi “Habitat gündəliyi” qəbul edilib. Həmin sənəddə davamlı inkişaf əsasında həyat fəaliyyəti mühitinin yaxşılaşdırılması üçün şərtlərin yaradılması üzrə 20 illik strategiya və yaşayış məskənlərinin vəziyyətinin pisləşməsinin qarşısının alınmasına dair tədbirlər sistemi müəyyən olunub.
AZERTAG.AZ :Sürətli urbanizasiya prosesinin idarə edilməsinə yeni yanaşma lazımdır