Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyənetmə üzrə turnir başa çatdı (FOTOLAR)

May ayının 29-u Dənizkanarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyənetmə üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kubok yarışı keçirildi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra federasiya prezidenti Mirəli Kazımov, federasiyanın fəxri üzvü, eləcə də Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko, Dənizkanarı Bulvar İdarəsi Administrasiyasının rəhbəri Elmir Bağırov və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə çıxış edərək yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışlar.

Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Gənclər və İdman Nazirliyi, Dənizkanarı Bulvar İdarəsi, İçəri Şəhər Tarix-Memarlıq Qoruğu İdarəsi, İrəli İctima Birliyinin və o cümlədən Türkiyə Səmti Müəyyənetmə Federasiyasının təşkilati dəstəyi ilə yarışda idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri, ali təhsil müəssisələrindən ümumilikdə 26 komanda və eləcə də fərdi iştirakçıları olmaqla 280-a yaxın idmançı müxtəlif kateqoriyalar üzrə mübarizə apardılar. Onu da qeyd edək ki, keçirilmiş kubok yarışında iştirak etmiş idmançı sayı ilə bu idman növü üzrə yeni rekord müəyyən olundu. Beləliklə səmti müəyyənetmənin ölkədə kütləviliyinin artırılması üçün mühüm addım atılmış oldu.

Bu yarışı fərqləndirən əsas cəhət ilk dəfə səmti müəyyənetmənin sprint növünün şəhər ərazisində keçirilməsi idi. Bununla da Bakıda təşkil olunan Bakı Marafonu, Formula-1 kimi bir sıra idman növləri sırasına səmti müəyyənetmə də qatıldı və ölkənin idman ənənəsinə öz tövhəsini verdi.

“Elit” kateqoriyası üzrə kişilər arasında gərgin keçən mübarizədə Gennadiy Klim (Neftçi İK) fəxri kürsünün ən yüksək zirvəsinə yiyələnmişdir. Ankara Oryantiring Spor Klubunun idmançısı Cevdet Coşkun ikinci, Emin Mahmudov (XDMX) isə üçüncü olmuşdur. Qadınlar arasında Rəna Abbasova (XDMX) qızıl, Anastasiya Lyalyakina (Dağçılıq İK) bürünc, Yana Maşkova (Dağçılıq İK) isə gümüş medal qazanmışdır.

“Open” kateqoriyasında kişilər arasında İlqar Məmmədov (RockStone) bütün rəqiblərini geridə qoyaraq birinci, Murad Kərimov və Timmi Şeylok isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Bu kateqoriya üzrə qadınlar arasında Svetlana Uxova qalib gəlmişdir. Qalibdən bir neçə dəqiqə geri qalan Lalə Allahverdi ikinci, Aydan Sultanlı isə üçüncü olmuşdur. Eyni zamanda “Junior” kateqoriyası üzrə idmançılar fəxri kürsüdə öz yerlərini tutmuşlar.

Komanda nəticələrinə gəldikdə isə Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası qalib gələrək yarışın kubokunu qazanmışdır. Neftçi İdman Klubu ikinci, İrbis klubu isə üçüncü olmuşdur.

Sonda fərqlənən idmançılar diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.










Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR