Türkiyə parlamentində Xocalı soyqırımı sərgisi açıldı

Türkiyə parlamentində Xocalı soyqırımı sərgisi açıldı
16:03 25 Fevral 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlkin İzzət/

Türkiyə parlamentində Xocalı soyqırımını əks etdirən sərgi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xocalı soyqırımını əks etdirən “Üç nəsil, bir soyqırımı” adlı əşya və foto sərgisi İstanbul, Brüssel, Haaqadan sonra Ankarada – Türkiyə Böyük Millət Məclisinin (TBMM) himayəsində olan Mustafa Necati Mədəniyyət Evində açılıb. Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil edilən sərginin açılışında Türkiyə və Azərbaycanın media nümayəndələri ilə yanaşı, rəsmi şəxslər də iştirak ediblər.

TBMM-in sədr müavini Meral Akşener, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar, millət vəkilləri Sinan Oğan, Hasan Hüseyin Türkoğlu, Azərbaycan Milli Məclisinin üzvü Elman Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, TÜRKAZDER-in rəhbəri Ənvər Türkoğlu, Türkiyənin bir sıra həmkarlar təşkilatları və QHT-lərinin təmsilçiləri, eləcə də Xocalı soyqırımının şahidləri sərginin açılışına qatılıblar.

Türkiyənin Xocalı məsələsində həssaslığını ifadə edən və parlamentdə Xocalı ilə bağlı fəaliyyətə toxunan N.Ünüvarın çıxışından sonra TBMM-in sədr müavini M.Akşener, S.Oğan və E.Məmmədov qara lenti kəsərək sərgini açıblar.

Açılışdan sonra sərgini gəzən qonaqlara TÜRKSAM təmsilçiləri Xocalı soyqırımı haqqında geniş məlumat verib. Millət vəkilləri “Üç nəsil, bir soyqırımı” xatirə kitabına ürək sözlərini yazıb. Ziyarətçilər onlara paylanan türk və ingilis dillərində “Üç nəsil, bir soyqırımı” kitablarını maraqla qarşılayıblar.

“Üç nəsil, bir soyqırımı” sərgisinə Avropada da böyük maraq var. Dünyanın hər yerindən sərgini izləmək imkanı əldə etmək üçün eyni adlı virtual muzeyin də daxil olduğu www.3nesil1soykirim.orgwww.3generations1genocide adlı internet səhifələri ziyarətçilərin ixtiyarına verilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisindəki Mustafa Necati Mədəniyyət Evində təşkil edilən “Üç nəsil, bir soyqırımı” martın 1-dək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2368115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR