Həllini tapmayan Xocalı soyqırımı

Həllini tapmayan Xocalı soyqırımı
16:03 26 Fevral 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Polşa mətbuatında Xocalı soyqırımının ildönümünə həsr olunmuş məqalə dərc olunmuşdur. Məqalənin müəllifi polşalı politoloq Bartoş Mendıkdir.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Dağlıq Qarabağ müharibəsinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımı haqqında geniş məlumat verən müəllif münaqişənin başlanğıcını İosif Stalin tərəfindən aparılan siyasətin nəticəsi kimi görür. Müəllif bildirir ki, Stalinin “böl və hakim ol” prinsipinə əsaslanan siyasəti nəticəsində Zaqafqaziya və həmçinin Mərkəzi Asiyada yeni anklavlar, muxtar rayonlar yaranır, respublikaların ərazilərində dəyişikliklər aparılırdı. Azərbaycan Respublikasına aid olan Zəngəzur vilayətinin 20-ci illərdə Ermənistana birləşdirilməsi, Naxçıvanın bütün ölkə ərazisindən ayrı düşməsi və anklava çevrilməsi məhz qeyd olunan siyasətin nəticəsi idi.

Məqalədə B.Mendık qeyd edir ki, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasəti müharibəyə çevrildi. 1988-1994-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində yüz minlərlə azərbaycanlı Ermənistan və Qarabağdan qaçqın düşdü.

Xocalıda baş verən hadisələri izah edərkən isə müəllif şəhərin strateji əhəmiyyətini xüsusi olaraq qeyd edir. O zaman Dağlıq Qarabağa ərazisində fəaliyyətdə olan yeganə hava limanı Xocalı şəhərində idi, həmçinin regionun ən böyük şəhərinə - Xankəndinə gedən yolun Xocalıdan keçməsi şəhərin strateji əhəmiyyətini artırırdı.

Müəllif qeyd edir ki, 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etmiş, yüzlərlə insan qətlə yetirilmiş, əlil olmuş, minlərlə Xocalı sakini əsir götürülmüşdür. Soyqırıma cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlmiş və hal-hazırda Ermənistanın Müdafiə Naziridir. İrəvan indiyə kimi Xocalıda baş vermiş hadisələri sadəcə hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir.

Məqalənin sonunda B.Mendık Xocalı soyqırımı ilə bağlı dünya mətbuatından bir çox çıxarışları sadalayaraq, Dağlıq Qarabağ münaqişəsi və Xocalı şəhərində baş verən faciə haqqında geniş məlumat almaq istəyən şəxslərin www.justiceforkhojaly.org internet səhifəsinə daxil ola biləcəklərini bildirmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2368594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR