Qurban Qurbanovun anası: ""Qarabağ"ın oyunları zamanı təzyiqim 230-a qalxır"

Qurban Qurbanovun anası: ""Qarabağ"ın oyunları zamanı təzyiqim 230-a qalxır"
10:12 4 Yanvar 2015
230 İdman
Ölkə mətbuatı
A- A+

Güləbatın xanım: "Qurban uşaq vaxtı nadinc olsa da..."
Futbol+ qəzeti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun anası Güləbatın xanımdan müsahibə alıb. Məşqçinin anası “Qarabağ”a azarkeşlik etməsindən və oğlunun işinə görə həyəcan keçirməsindən danışıb.

Milli.Az sportpress.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun anası müsahibəsində bunları deyib:

""Qarabağ"ın bütün oyunlarını izləməyə çalışıram. İnanın 90 dəqiqə boyunca futbolçuların meydandakı hərəkətlərini az qalıram mən də təkrarlayım (gülür). Onlar meydanboyu hərəkət etdikcə mən də evdə yuxarı-aşağı gedib-gəlirəm. “Qarabağ”ın oyunları zamanı təzyiqim 230-a qalxır. Baxmayanda ondan da pis oluram, daha çox həyəcan keçirirəm. Deyirəm, görəsən, hesab neçə oldu?

Qurbanın bu səviyyəyə çatmasında Musanın əməyi danılmazdı. Düzünü desəm, mən heç istəmirdim qardaşlar futbolçu olsun. Həmişə deyirdim ki, oxuyun, ali məktəb qutarıb boynunuzdan qalstuk asıb vəzifə sahibi olun. Futbolçuların tez-tez zədələnməsi, əlini-ayağını sındırması məni qorxudurdu. Lakin nə qədər çalışsam da, Musayla Qurbanın futbola marağını söndürə bilmədim. Az qala yatanda da futbol oynayırdılar. Heç vaxt zədələnəndə mənə bildirməyiblər. Rusiyada oynayanda bir dəfə Qurbanın ayağı sınmışdı. Zaqatalaya gələndə çəlikləri maşında gizlədib ki, mən narahat olmayım. Qurban uşaq vaxtı nadinc olsa da, heç vaxt ondan şikayət eşitməmişəm.

Bakıdan yaxınlarda qayıtmışam. Allaha şükür, müalicədən sonra səhhətim normaldı, təzyiqim qaydasına düşüb. Bu gün hamı Qurbandan danışır, telekanallarda onu göstərirlər. Mən də baxıb sevinirəm. Bütün övladlarımdan razıyam. Hamısı zəhmətkeş, ailəcanlı, böyük-kiçik yeri bilən insanlardı. Bu da onlara verilən tərbiyədən irəli gəlir. Çox çətinliklə böyüyüblər.

Ali təhsilim olmasa da, uşaqlara bütün dərslərində kömək edirdim. Gündüzlər kolxozun işinə gedir, axşamlar isə uşaqların dərsləriylə məşğul olurdum.

Qurban rayona gələndə onunla o ki var dərdləşirik. Axırıncı dəfə “Simurq”la oyunda gəlmişdi. Belə götürəndə, demək olar ki, hər gün telefonla danışırıq. Futbol oynayanda da ona görə çox narahat olurdum. Ancaq məşqçi kimi çalışanı daha çox stress keçirməyə başlamışam. “Qarabağ” uduzanda gözümün yaşını saxlaya bilmirəm”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR