Ana dilindən iki alan bir vaqon şagirdin depressiyası içində olduğumuz günlərdə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı.

Həmişə bu günlərdə qəribə hisslər keçirirəm. 11-ci sinfi bitirib, imtahan verdiyim il topladığım bal ancaq ödənişli əsaslarla təhsil almağa çatırdı. Məndən 50-100 bal aşağı yığanlar özəl universitetlərin pullu fakültələrinə oxumağa gedəndə mən yenidən hazırlaşmağa başladım. İkinci il topladığım balla ödənişsiz əsaslarla oxumaq imkanı qazandım.

Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlananda bəlli oldu ki, abituriyentlərin içində 700 bal toplayanlar, 650-dən çox bal yığanlar bu il həmişəkindən də çoxdur. Sevindim, çox sevindim. Ana dili imtahanını verə bilməyənlərin, suyun formulunu yaza bilməyənlərin, vurma cədvəlindən bixəbərlərin dünyasında belə işıqlı xəbərlər, sizi bilmirəm, məni göylərə uçurur. Qohumlarımızdan birinin 600-dən çox bal toplayanların içində olması sevincimizə sevinc qatdı...

Müsəlmanlar imkan verməz, imkan verməzlər doyunca sevinə bilək. Hərə bir şunquruq qoşdu: biri dedi əzbərçidilər, biri dedi danışıqları yoxdu (elə bil bunlara savadlı adam yox, tamada lazımdı), biri dedi universitetə girəndən sonra oxumurlar.
Baxın, arxadaşlar, ortada bir zəhmət, alın təri, yuxusuz gecələr, əyləncədən, yeyib-içməklərdən, gəzməklərdən imtina faktı var!

17-18 yaşlı bir gənc beyninin qanlı, türkiyəlilər demiş, "aklının bir karış havada" olan vaxtında hər şeydən imtina eləyib, özünü bir məqsəd üçün səfərbər eləyə bilirsə, deməli, bu adam hörmətə, ehtirama, sevgiyə layiqdir. Deməli, onun gələcək fəaliyyəti ölkəmiz üçün, bizim üçün faydalı, faydalı, faydalı ola bilər!

Lap tutaq ki, əzbərləyiblər. Bəyəm əzbərləmək asan işdir? Bu boyda proqram Namiq Qaraçuxurlunun "Qulaq asın cəmaət, mən danışım nəhayət" sözləri ilə başlayan rəvayəti deyil ki, onu əzbərləmək asan olsun. Hər şey əzbərlə olsaydı, toyxanadakı tamadalar indi ADA-da oxuyurdular.

Məktəb dərslikləri ilə elementar səviyyədə tanış olan adam yaxşı bilir ki, əzbərləməklə yalnız İncəsənət Universitetinin qabiliyyət imtahanı ilə olan fakültələrinə, İdman Universitetinə qəbul olmağa lazım olan 100-150 balı yığmaq olar. Oradan o tərəfə yox...

Yüksək bal toplayan gənc dostlarımız həyatlarının ilk ciddi uğurunu qazanıblar. Bu işi onlar fədakar valideynlərinin, fədakar müəllimlərinin köməkliyi ilə və ən əsası özlərinin zəhməti hesabına qazanıblar. Bizim borcumuz belə adamlara öz potensiallarını ifadə eləmək üçün şərait yaratmaq, onlara əlimizdən gələn dəstəyi verməkdir.
Hər şeyə mız qoymayın, üzünüzə deməsələr də, arxanızca deyirlər: "Pişiyin ağzı ətə çatmayanda..."

Sevinc Fədai
Milli.Az