Nazirlikdən imtahana görə narazı qalanlar: "Suallarda səhv var idi..."

Nazirlikdən imtahana görə narazı qalanlar: "Suallarda səhv var idi..."
14:47 10 Avqust 2016
768 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin bu il müəllimlərin işə qəbulu ilə əlaqədar keçirdiyi imtahan prosesi ilə bağlı narazılıqlar yaranıb.

Milli.Az bildirir ki, bu barədə qafqazinfo-ya imtahan verən bir neçə şəxs məlumat verib. 

Sumqayıt şəhər sakini Günel Əliyeva qeyd edib ki, iyul ayının 30-da İqtisadiyyat Universitetində rus dilindən imtahan verib: "Mən imtahandan 34 bal yığdım. Halbuki minumum 40 bal gözləyirdim. Bəzi sualların quruluşunda səhvlər var idi. Bunu müəllimlər də deyirdilər. Bu problemə görə balım aşağı düşdü. İmtahan başlamasından 60 dəqiqə sonra üç nəfər xanım imtahana daxil oldu. Əslində, imtahana gecikənlər otağa buraxılmamalı idi. Nazirlik vakant yerlərinin sayını gizlədir. Ucqar kənd yerlərində vakant yeri 8-10 saat salınır. 25 saatlıq dərsi gizlədib 8 saat edirlər. Keçən il 38 bal toplamışdım, keçid balını keçmişdim. Boş qalan yerlərə düşmədim. Sonradan məlumat açıqlandı ki, həmin yerlər yenə də boş qalıb. Belə məlumat eşitdim ki, 30 bal topladınsa, müqavilə əsasında 1 illik işləmək olar. Əvvəllər işə qəbul imtahanı şəffaf keçirilirdi. Amma son illər artıq bu müşahidə olunmur. Kimin pulu, tanışı varsa, nazirlik, rayon təhsil şöbəsi vasitəsilə işə düzəlir".

Nərmin Yusifova isə iyulun 29-da keçirilən imtahan prosesində iştirak edib. İmtahandan 55,2313 bal toplayıb: "Ancaq nazirlik vakant yerləri gizlətdiyi üçün işsiz qalmışam. Bakı şəhərində 300-dən artıq məktəb olduğu halda vakansiyaya riyaziyyat fənni üzrə cəmi 2 yer ayrılıb. Bölgələrdə də eyni vəziyyət müşahidə olunur. Mənimlə eyni problemi yaşayan bir neçə həmkarım da var".

Qafqazinfo sözügedən şikayətlərlə bağlı Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən bildirilib ki, mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində test tapşırıqları müvafiq fənlər üzrə ekspertlər tərəfindən hazırlanıb və dəfələrlə yoxlanılıb. Onların tərtibində hər hansı nöqsan aşkar edilməyib.
Əliyeva Günel Telman qızı 2015-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində 38,168 bal, 2016-cı ildə keçirilmiş müsabiqədə isə 34,1423 bal toplayıb. Mövcud qaydalara əsasən, müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə bütün ixtisaslar üzrə müsabiqə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Vətəndaş aidiyyəti üzrə Təhsil Nazirliyinə müraciət edə bilər.

Eyni zamanda bildiririk ki, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İşə qəbul zamanı üstünlük mərkəzləşdirilmiş müsabiqədən keçid balı toplayan namizədlərə verilir.

Məlumat üçün qeyd edək ki, respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər barədə məlumat Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron baza əsasında toplanılır və www.miq.edu.az saytında yerləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/459536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR