Cəbhədə ən son vəziyyət (VİDEO)

Cəbhədə ən son vəziyyət (VİDEO)
18:46 4 Yanvar 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində növbəti təxribata əl atıb. Bayram və əlamətdar günlərdə dırnaqarası aktivlik göstərən qarşı tərəf Ağdamın cəbhəyanı yaşayış məntəqələrini mərmilərlə atəşə tutub.

ANS TV-nin məlumatına görə, hər dəfə təmas xəttini yarmağa cəhd edən Ermənistan Silahlı Qüvvələri uğursuzluğa düçar olduqdan sonra cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrini və dinc sakinəri hədəf alır. Ötən gün axşam saatarında qarşı tərəf Ağdamın təmas xəttinə yaxın yerləşən Çıraqlı və Orta Qərvənd kəndlərini mərmi atəşinə tutub.

Atılan mərmilərdən biri kənd sakini Aqil Aslanovun evinin qarşısına çəkilən istinad divarına dəyib. Partlayış nəticəsində divarın bir hissəsi uçub. Qapı və pəncərələrdə isə onlarla qəlpə izi var. Bir neçə evin dam örtüyü yararsız vəziyyətə düşüb.

"Kəndin bütün evlərinin üstünə qum kimi qəlpə töküldü. Camaat öyrənmişdi xırda silahlardan atılana. Amma bu dəfə iri silahlardan istifadə olunduğuna görə hamı şokdadı”, – deyə kənd sakini Mötəbər Şükürov bildirib.

Sakinlər deyir ki, atəşkəs dövründən indiyədək hər il cəbhəyanı kəndlərin əhalisi bayram və əlamətdar günləri atəş səsləri altında keçirir. Ancaq ilk dəfədir ki, qarşı tərəf iri çaplı partlayıcı mərmilərdən istifadə edir.

Kənd sakini Habil Abbasov sözlərinə görə, atışma təxminən 15-20 dəqiqə çəkib: “15-20 dəqiqədən sonra gəldik gördük bunun istinad divarını iri çaplı silahla vurub dağıdıblar. İstinad divarı təmas xəttindədir, təhlükəsizlik divarıdı”.

Yerli bələdiyyələrin verdiyi məlumata görə, gülləbaran nəticəsində Çıraqlı kəndinə 11, Orta Qərvənd kəndi ərazisinə isə 15 mərmi düşüb. Sakinlər arasında xəsarət alan yoxdur. Hadisə yerinə rayon rəsmiləri və polis şöbəsinin əməkdaşları da gəlib, hazırda dəymiş ziyan araşdırılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR