Nüşabə Ələsgərli: “Mən baş nazirəm” - MÜSAHİBƏ

Nüşabə Ələsgərli: “Mən baş nazirəm” - MÜSAHİBƏ
13:59 2 Mart 2015
137 Şou
Ölkə mətbuatı
A- A+

"Məndə çılğınlıq var"

 

 

Lent.az-ın müsahibi müğənni Nüşabə Ələsgərlidir.

 

- Nüşabə Ələsgərli ailədə və cəmiyyətdə necədir?

- Ailədə başqa bir insan, cəmiyyətdə isə ondan fərqlənən xanımam. Hər yerin öz davranış qaydası var.

 

- Sizi ən çox nə əsəbləşdirir?

- Adətən çox şey əsəbləşdirə bilər. Ən çox deməzdim, amma pis sürücülər, tıxaclar məni əsəbləşdirir.

 

- Sizinlə işləmək çətindir, yoxsa asan?

- Mənimlə işləmək çətindir. Elə olur ki, əsəbləşib, hirsimi işçilərin üstünə tökürəm. Amma mənlə işləyənlər çətin olsa da, sonradan bu xasiyyətimə öyrəşirlər. Bilirlər ki, bu məndə keçicidir. Çünki məndə çılğınlıq var.

 

- Nüşabə Ələsgərli bir ana kimi övladlarından razıdır?

- Övlad hər zaman valideyn üçün əzizdir. Onların da öz istəkləri və arzuları olur. Ola bilər ki, valideynlə övlad arasında anlaşılmazlıq olsun. Amma ümumilikdə götürəndə, bəli, övladlarımdan razıyam. Övladlarımın üzərində hansı vəzifələr varsa, onlar hamısını yerinə yetiriblər. Şükürlər olsun ki, ali məktəbə qəbul olub, öz mədəniyyətləri ilə seçilən övladlarım var.

 

- Sizə görə əsl qadın necə olmalıdır?

- Mənə görə əsl qadını xarakterizə etmək üçün kitab yazılmalıdır. Qadını qadın edən onun ailədə aldığı tərbiyəsi, həyat yoldaşı və gözəl övladlarıdır.

 

- Nüşabə Ələsgərli üçün zəriflik anlayışı nə deməkdir?

- Mənim üçün zəriflik hər bir şeydə olmalıdır. Qadının zərifliyi onun mədəniyyətində, danışığında, səs tembrində, oturuşunda və davranışında olmalıdır. Zəriflik sözü zərif sözündən götürüldüyünə görə, çox həssas bir anlayışdır. Zərif qadınlarımız olduğu kimi zərif kişilərimiz də az deyil.

 

- Gənc ifaçılardan kimləri dinləyirsiniz?

- Konkret deyə bilməyəcəyəm, amma vaxt olduqca hər birini dinləyirəm. Daha çox öz tələbələrimin ifalarını dinləyirəm.

 

- Sizə görə, kim bu sənətdən getsə, yeri görünər?

- Təbii ki, hər bir insan kimi, sənətçilərin də yeri görünür. Məsələn, mənim ən yaxın dostlarımdan biri olan Rüfət Mehdiyev. Tez-tez yad olunmasına baxmayaraq, öz dostları, yaxınları arasında yeri görünür.

 

- Qalmaqallarla gündəmə gələnlərə münasibətiniz necədir?

- Mən ümumiyyətlə qalmaqal sevməyən insanam. Bir sözlə desək, qalmaqallara münasibətim çox pisdir.

 

- Bir ifaçı kimi pulsuz oxuduğunuz toy olub?

- Əlbəttə, çox olub. Elə imkansız ailələr olub ki, onların toyunda pulsuz oxumuşam. Bu daha çox şəhid ailələri, yaxın tanışlar və əqli cəhətdən qüsurlu olan şəxslər üçün olub.

 

- Uzunmüddətli ailə quran sənətçi kimi deyə bilərsinizmi, indiki zamanda ailələrin erkən dağılmasının səbəbi nədir?

- Gənclərin, yeni ailə quran şəxslərin bir-birini yaxşı başa düşməməyi, ailəyə kənardan edilən müdaxilələr təbii ki, ailənin erkən dağılmasına gətirib-çıxarır.

- Ailə bir dövlətdirsə, siz ailədə kimsiniz?

- Mən ailənin baş naziriyəm (gülür).

 

Elvin Paşazadə

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/195002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR