(Yaxın dostum Psikopat YK Pessimistin kədərli söhbətlərindən)

Azərbaycan gəncliyinin düşdüyü vəziyyət məni çox narahat edir, ay brat!

Baxırsan ki, cavan-cavan uşaqların əlindən kitab düşmür, kitabxanalarda gənclərin əlindən tərpənmək olmur. Hələ kitab yarmarkalarındakı izdiham, imza günlərindəki növbələr lap dəhşətdir. Nəşriyyatlar gəncliyin sürətinə yetişə bilmir. Nəşr olunan kitablar bir həftəyə bestsellərə çevrilir, ikinci həftə kitab mağazalarında həmin kitabı tapmaq müşkülə çevrilir. Uje yekə marketlərdə də kitab satırlar, partapart! Hə, mamacanı!

Necə olacaq bu gənclərin axırı?

Hara gedir bu cavanlar, ay brat?

***

Bir də görürsən, cavan bir uşaq əlində 4-5 dünya səviyyəli kitab dostlarının görüşünə tələsir, gənclər bir-birinə kitab hədiyyə edir, fürsət tapan kimi oxuduqları kitabları həvəslə müzakirə edirlər. Kafelərdə, parklarda əlikitablı cavanlar böyük-kiçiyə məhəl qoymadan oxuyur, oxuyur, oxuyurlar. Avtobusda, metroda, hətta Sumqayıta, Müşviqabada, Xırdalana gedən "bir manatlıq taksi"lərdə də kitab oxuyan cavanların əlindən tərpənmək mümkün deyil. Hər məhlədə, hər küçədə də kitab mağazası olar, başına dönüm? İndi mən "futbola şot yazmaq üçün" şəhərin bu başından durub basa-basa mərkəzə gəlməliyəm? Rayonlarda durum lap faciəvidir. Hansı çayxanaya girirsən - bomboş! Adamın ürəyi darıxır, qəlbi sıxılır. Qəzet köşklərində çeşid-çeşid qəzetlər, jurnallar, kitablar. Bir şüşə qazlı su, bir gilə "ştuçnu" siqaret almaq üçün gərək marketə gedəsən.

Belə də zülm olar?

Hara gedir bu cavanlar, ay brat?

***

Pablar, "pivnoylar", kafelər ağzıgünə müştəri gözləyir. Mən bir nəfər də cavan uşağı pabda, gecə klubunda vaxt keçirən, içib hay-küy salan, ona-buna söz atan görmədim. Uzaqbaşı həftəsonu bir az pivədən-zaddan içib mədəni-mədəni istirahət edirlər. Elə bil nə isə çatmır bu gənclərdə. Belə süst, belə mədəni, belə sakit gənclik olar? Haradadır içib saatlarla tualetdən çıxmayan, qusub üst-başını bulayan, hesab üstündə dava salıb özünü döydürən, qarşısına çıxan ağsaqqalları ələ salıb üstünə gəyirən gənclik? Yox ee, çox cansıxıcıdır. Bir azdan dərslər başlayacaq, hamısı səhər dərsə, axşam evə tələsəcək. Bulvarda tum çırtlayıb üzümüzə tüpürən o dəlisov, şıltaq gənclərə nə olub, görəsən?

Bu nə dərddir, ilahi?

Hara gedir bu cavanlar, ay brat?

***

O qədər canım sıxılır ki, sosial şəbəkələrdə "Yarımçıq məhəbbət adası", "Qadınlar" səhifəsini izləyib kövrəlirəm. Maraqlı statuslara, şəkillərə, duyğusal paylaşımlara baxıb qəhərlənirəm. O gün can sıxıntısından "Mişqadı, mişqa" mahnısına 2895 dəfə qulaq asıb siqaret tüstülətdim, axırda mama çəkələyini çıxarıb məni evdən qovdu.

Nə Lil'Orxanın, nə Mahir Aybratın, nə də Üzeyir Mehdizadənin ləzzəti qalıb. O gün əsəbləşib getdim bərbərxanaya, bu mənasız gənclərin acığına saçımı "çeçenka" kəsdirib, saqqalımı "kantovka" elətdirdim. Qırmızı mokasinlərimi, dar cinsimi geyindim. Bir əlimə siqaretimi, "nolyeddi"nin açarını, o biri əlimə telefonlarımı, portmanetimi götürüb çıxdım şəhərə. Axşama kimi tək-tənha dolaşıb qabağıma çıxan əli kitablı çuşkalara, kinoya tələsən mənasızlara söz atdım.

Hara gedir bu cavanlar, ay brat?

Ürəyim sakitləşmədi, məhləyə qayıdıb məhlə qızıyla kitab dəyişməyə gələn intellektual bir çuşkanı saldım təpiyimin altına. Ürəyim soyumadı, bir dənə də siqaret yandırıb çömbəldim tində!

Hava qaralan kimi "nolyeddi"yə 5 manatlıq benzin töküb məhlənin böyür-başında bir-iki kruq vurub, "zmeykaladım", "ruçnoy" çəkdim...

Yenə də ləzzət eləmədi.

Hara gedir bu cavanlar, ay brat?

Mamacanı, bu cavanların zayı çıxıb. Hara baxırsan, hara gedirsən - kitab. Bezmişəm ee, bezmişəm. Mənim bircə yolum var ki, bacardıqca bu mənasızlara bənzəməyim.

Day heş zad.

Cəlil Cavanşir
Milli.Az