Dahilərimizin arzularındakı Naxçıvan...

Dahilərimizin arzularındakı Naxçıvan...
15:48 3 Mart 2015
291 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 3 mart, Rauf Əliyev, AZƏRTAC
Bu gün siyasi, iqtisadi, hərbi baxımdan Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikası özünün sürətli inkişaf, çiçəklənmə dövrünü yaşayır. Bir vaxtlar böyük ustad, Azərbaycan milli ideologiyasının söz bayraqdarı, hər misrası ilə min bir düşüncəni ifadə edən Xalq Şairi Məmməd Arazın ürək yanğısı ilə 1967-ci ildə qələmə aldığı “Mədəniyyət haradan başlayır?” sərlövhəli məqaləni oxuyanda daha əmin olursan ki, bugünkü Naxçıvan dahilərimizin, mütəfəkkirlərimizin, korifeylərimizin arzuladığı bir diyara çevrilib. Bu barədə danışmazdan əvvəl böyük ədibin 48 il öncə yazdığı məqaləni olduğu kimi təqdim edirik.
Mədəniyyət haradan başlayır?
Bu şəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzə binalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət, qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox! Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyən etmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biri digərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır…
Kitabsız, mütaliəsiz hansı bilikdən, hansı mədəniyyətdən danışmaq olar? Bəs, bəzi kəndlərdə kitabxanaların çoxunun qapısı həftələrlə bağlı qalanda adamlar buna necə dözürlər? Belə vaxtda kitabxana müdirindən hesabat istəyən, hətta ona “gəl bir neçə gün səni ac qoyaq, görək necə olur? ” deyənlər tapılmırmı?...
Naxçıvanda az qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində zarafatla dedi: “Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır”.
Bəzən elə səhər gözünü açıb görürsən ki, evinin böyrünə bir çayxana söykəyiblər. Bir yekə çayxana da mərkəzi kitabxananın binasında yerləşir. Qırmızı tuf daşdan tikilmiş binanın bir tərəfini nəğməkar samovarlar yavaş-yavaş qaraltmaq işi ilə məşğuldurlar.
Biz çayçıların çayını bulandırmaq, samovarlarına soyuq su tökmək fikrində deyilik. Naxçıvanda təzə yaranan “çaylamaq” feilinin də dilimizə gəlməsinə etiraz eləmirik. Məsələ bundadır ki, Naxçıvan kimi bir şəhərdə bir dənə də olsun gənclər klubu, kafesi, şahmat yeri yoxdur. Kafe açmaq təşəbbüsündə olan tapılıb, ancaq bir vaxt ayılıb görüblər ki, kafe dönüb olub kababxana.
Son iki ildə 15 qəlyanaltı tikilib. Təkcə bir küçədə 13 qəlyanaltı, aşxana, restoran saymaq olar. Bunların hamısının menyusu olduqca kasıbdır, əsasən, kabab, ya da lüləkababdır. Görürsünüzmü, kababxana açmaq necə asandır, kafe açmaq çətin.
Əgər Naxçıvana gələn bir qonaq xəstələnsə, dərmanını süd desələr, heç bir mağazada tapmazsan. Halbuki Naxçıvanın bütün rayonları maldarlıqla məşğuldur.
Bir vaxtlar Naxçıvanın mərkəzi parkında – “Böyük bağ”da yaxşı əyləncəli görüşlər olardı, nəfəsli orkestr çalardı, rəqs meydançası cavanların dabanında oynardı. Dünən geriyə qayıdan deyil. Amma dünənin yaxşı adət və ənənələrini həmişə geri qaytarmaq olar.
Yaradıcı gənclərin yeganə istinadgahı olan “Şərq qapısı” qəzetinin poliqrafiya keyfiyyətindən oxucular gileylənirlər. Hələ 1958-ci ildə Naxçıvanda mətbəə tikilməsi haqda qərar olub. 1966-cı ildə həmin mətbəənin özülü qoyulub, sonra da özül zibilxanaya dönüb.
Kimdir bu işə məsul? Niyə bu qərar yerinə yetirilmir?
Naxçıvan isti olan yerdir. Yay aylarında göydən od tökülür. İstirahət günləri camaat əylənməyə yer tapmır. Şəhərdən çox da uzaq olmayan Uzunoba gölünə adam buraxılmır.
Bu, nədir? Bu qanunu kim qoyub? Madam ki, camaatın istirahətinə şərait yaratmırsan, gedənlərə avtobus vermirsən, nə üzlə “əyri yolla” gedən maşınların qabağını kəsirsən?
Və bugünkü Naxçıvan...
Məqaləsində yüksək mədəniyyətin formalaşmasının yalnız hərtərəfli inkişafla, yəni intibahla mümkün olacağını qeyd edən böyük ədibimiz Məmməd Araz xəyalında sanki bugünkü Naxçıvanı canlandırmağa çalışıb.
Bəli, bu gün muxtar respublika intibah dövrünü, yüksəliş dövrünü yaşayır. Ulu öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən sədaqətli, vətənpərvər, işgüzar həmyerlilərimiz mümkün olmayanı reallaşdırmaqla, yəni üç tərəfdən düşmən əhatəsində, blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini, incəsənətini, təhsilini, səhiyyəsini və digər sahələrini inkişaf etdirməklə naxçıvanlıların arzularını həyata keçiriblər.
Böyük ustadın arzuladığı kimi, bu gün Naxçıvan Muxtar Respublikasının hər bir şəhərində, kəndində kitabxanalar fəaliyyət göstərir. Burada Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən ibarət minlərlə kitab oxucuların yolunu gözləyir. Muxtar respublikanın ən ucqar dağ kəndinin kitabxanasında bəzən ölkə paytaxtı Bakı şəhərinin bəzi kitabxanalarında olmayan nadir əsərləri görmək mümkündür...
Məmməd Araz məqaləsində Naxçıvanda çayxanaların çoxluğundan, digər sosial obyektlərin isə olmadığından haqlı olaraq şikayətlənirdi. Bu məsələdə də böyük şairin arzuları həyata keçirilib. Bu gün Naxçıvan şəhərində, hətta muxtar respublikanın ən ucqar kəndlərində də müasir memarlıq üslubunda yeni sosial obyektlər tikilərək istifadəyə verilib. Kənd mərkəzləri, xidmət mərkəzləri, həkim ambulatoriyaları, təhsil müəssisələri nəinki Azərbaycanın digər regionları üçün, hətta dünya ölkələri üçün nümunə təşkil edir.
Böyük şair şikayətlənirdi ki, “Naxçıvan kimi şəhərdə bir dənə də olsun gənclər klubu, kafesi, şahmat yeri yoxdur”. Bu gün isə biz şəhərimizə gələn qonaqlarımıza yan-yana düzülən, çox zaman faydalı əməklə məşğul olmaq istəməyən insanların toplaşdığı çayxanaları deyil, müasir Gənclər Mərkəzini, Şahmat Mərkəzini, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzini, İlham Əliyev adına Olimpiya-İdman Kompleksini, Üzgüçülük Mərkəzini və digər müasir sosial obyektləri fəxrlə göstəririk. Qonaqlar gözəlliyi ilə gözoxşayan otellərdə, istirahət mərkəzlərində qalır, müasirliyi ilə seçilən və xidmət mədəniyyəti gündən-günə daha da yaxşılaşan restoranlarda hazırlanan milli yeməklərimizə heyranlıqlarını gizlətmirlər.
Vaxtilə böyük ədibimiz təəssüflə yazırdı: “Əgər Naxçıvana gələn bir qonaq xəstələnsə, dərmanını süd desələr, heç bir mağazada tapmazsan”. Bu gün isə vəziyyət tamam başqadır. İndi muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün daxili bazarın tələbatına uyğun yerli məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz həmin tədbirlərin nəticəsidir ki, bazar iqtisadiyyatının tələblərinə uyğun rəqabətqabiliyyətli müəssisələr yaradılır. Belə müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Dövlət maliyyə dəstəyi ilə 2003-cü ildə çörək, 2004-cü ildə makaron və peçenye, 2005-ci ildə isə süd məhsulları istehsalı sahələri yaradılan bu qabaqcıl müəssisənin istehsal sahələrində Almaniya, Türkiyə və İtaliya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Həmin dövrdə nəşr olunan “Şərq qapısı” qəzetinin poliqrafik keyfiyyətinin aşağı olmasından, 1958-ci ildə tikilməsi nəzərdə tutulan mətbəənin 1966-cı ildə özülünün qoyulduğunu, sonra da özülün zibilxanaya çevrildiyindən gileylənən böyük ustad əlaqədar orqanlara səslənir, onları yalan vədlər verməyə deyil, iş görməyə dəvət edir, haqlı iradını bildirirdi.
Şairin 1967-ci ildə arzuladıqları 2010-cu il iyulun 22-də Naxçıvan Muxtar Respublikasının rəhbəri tərəfindən reallaşdırıldı. Həmin gün “Şərq qapısı” qəzeti redaksiyasının, Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binasının və mətbəəsinin istifadəyə verilməsi istər kitabların, istərsə də muxtar respublikada işıq üzü görən qəzetlərin ən yüksək poliqrafik keyfiyyətdə çap olunmasına şərait yaradıb.
Məmməd Araz isti yay günlərində Naxçıvanda insanların əylənməyə yer tapmadığını, Uzunoba gölünə isə heç kəsin buraxılmadığını yazır, bunun səbəbkarlarını ittiham edirdi. Onun bu istəyi, arzusu da artıq həyata keçirilib. Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilib. Ərazidə kompleks tikinti işləri aparılıb, Uzunoba Su Anbarı əsaslı şəkildə yenidən qurulub. Qızmar yay aylarında xüsusi avtobuslar çimərliyə getmək istəyən insanların ixtiyarına verilir.
Naxçıvançay vadisində insanların istirahətinin səmərəli təşkili üçün Əyləncə və İstirahət Mərkəzi inşa edilib. Ötən il iyulun 24-də Əyləncə və İstirahət Mərkəzinin açılışı olub. Bu, böyük ədibin bir zamanlar arzuladığı Naxçıvandır...
Sonda qeyd edək ki, 2014-cü il dekabrın 1-də – Məmməd Arazın anım günündə doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində onun ev-muzeyinin açılışı oldu. Bu hadisə ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki Məmməd Araz böyük Azərbaycanın böyük şairidir. Ona göstərilən diqqət Azərbaycan xalqının ədəbi irsinə göstərilən diqqətdir...
Ruhun şad olsun, böyük ustad. Bu gün sənin doğma Naxçıvanla bağlı bütün arzuların tam həyata keçirilib. Bunu reallaşdıran İnsan isə ümummilli lider Heydər Əliyevin nurlu yolunu qətiyyətlə, inamla davam etdirən, xalqa, doğma Vətənə xidməti, dövlət-xalq və xalq-dövlət birliyini öz həyat devizinə çevirən vətənsevər LİDERDİR.
Rauf Əliyev
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı
bürosunun rəhbəri






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dahilerimizin_arzularindaki_Naxchivan-836345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR