Dünyanın ən məşhur qruplarından biri, 6 il əvvəl parçalanmış "Black Eyed Peas" qrupu yenidən birləşərək 2003-cü ildəki hiti "Where is the Love?"u yenidən ifa edib.
Milli.Az bildirir ki, qrup mahnını 2003-cü ilin 14 avqustunda ifa etmişdi. Mahnı 2001-ci ilin məşum 11 sentyabr teraktlarına və dünyada artan savaşlara, gərginliyə həsr olunmuşdu.
Qrupun lideri, Will.i.am kimi tanınan amerikalı reper və multiinstrumentalist Uilyam Adamsın dediyinə görə, 2003-cü ildən bəri dünyadakı situasiya dəyişmədiyindən onlar mahnını yenidən ifa etmək qərarına gəliblər: "Bu mahının yenidən ifa etmək üçün dünya bizi çağırdı. Ümid edirəm ki, mahnı yeni nəsli evdən çıxmağa və sülh, azadlıq üçün mübarizə aparmağa, ətrafa daha diqqətlə baxmağa sövq edəcək".
Avqustun 31-də təqdim olunmuş yeni kaver-versiya Orlando, Paris və Brüsseldəki teraktların qurbanlarına həsr olunub.
Yeni ifada 60 ulduz, o cümlədən fotomodel Kendall Cenner, aktyor və müğənni Ceymi Foks, müğənni Castin Timberleyk, aktyor Uill Smitin oğlu Ceyden Smit, Kuinsi Cons, Meri Ce Blayc, Nikol Şerzinger, DJ Xalid, reperlər Usher, Wiz Khalifa, Ty Dolla $ign, A$AP Rocky, Snoop Dogg və The Game iştirak ediblər.
Milli.Az







