Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib

Moskvada Nəriman Nərimanov haqqında kitab nəşr edilib
17:48 3 Mart 2015
Ölkə mətbuatı
A- A+


Moskva, 3 mart, AZƏRTAC
Moskvada məşhur rusiyalı tarixçi-qafqazşünas, professor, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Rudolf İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” adlı kitabı nəşr edilib.
Yeni nəşrin təqdimatı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) və Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. 10 bölmədən ibarət olan bu kitaba təqribən 475 tarixi material daxil edilib.
Monoqrafiyaya N.Nərimanovun nadir nəşrlərdən aşkar edilmiş məqalə və nitqləri, o cümlədən “Leninsiz fəaliyyətimizin bir ili” adlı, müəllifin sağlığında dərc olunmuş sonuncu əsəri daxil olunub. Əlavələrdə N.Nərimanovun həyat və fəaliyyəti ilə bağlı 147 əlamətdar tarix göstərilir.
Təqdimat gecəsini ÜAK-ın müşaviri Manaf Manafov açıb. O, görkəmli siyasi və dövlət xadimi Nəriman Nərimanovun həyat və fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, N.Nərimanovun vəfatından sonra onun fəaliyyətinin yekunları uzun illər boyu kölgədə qalıb. Azərbaycan xalqı N.Nərimanovun namuslu partiya mövqeyinə görə təqib edilməsi haqda həqiqəti yalnız 1990-cı ildə ümummilli lider Heydər Əliyevin sayəsində öyrəndi. Lakin o vaxt Sov. İKP Mərkəzi Nəzarət Komissiyasının sənədləri hələ məxfi saxlanılırdı. Məxfilik qrifi yalnız 2014-cü ildə götürülmüş bütün bu materiallar “Ölüm-dirim savaşı” kitabına daxil edilib.
Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova öz çıxışında qeyd edib ki, Azərbaycanda R.İvanovu ölkəmizin tarixi haqqında əsərlərin müəllifi kimi yaxşı tanıyırlar. E.Axundova vurğulayıb: “Rudolf İvanovun kitabı sadəcə arxiv materialları toplusu deyil. Bu materiallar həmişə böyük maraqla oxunur. Müəllif hadisələri cəlbedici şəkildə təsvir və şərh etməklə bərabər, məsələyə öz münasibətini bildirməklə onları daha da “canlandırmağı” bacarır. Onun kitabları Azərbaycan tarixinin tədqiqinə, Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət edir”.
E.Axundova bu gün təqdim olunan kitab haqqında qeyd edib ki, bu əsər onun fikrincə, Azərbaycan dövlətçiliyi tarixində ən faciəli, ziddiyyətli və eyni zamanda nurlu bir şəxsiyyətə - Nəriman Nərimanova həsr edilib. Elmira Axundova vurğulayıb ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Nəriman Nərimanovun xidmətlərinin etiraf edilməsinə nail olub və 1972-ci ildə Azərbaycan və bütün mütərəqqi bəşəriyyət N.Nərimanovun anadan olmasının 100 illiyi təntənə ilə qeyd edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Asəf Mehdiyev ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlunun təqdimat mərasiminin iştirakçılarına və müəllifə salamlarını və təbriklərini çatdırıb. O, qeyd edib ki, R.İvanovun “Ölüm-dirim savaşı” kitabı həm Azərbaycan, həm də Rusiya diplomatları üçün böyük əhəmiyyət kəsb edir.
Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovun fikrincə, Rudolf İvanovun bu kitabı xalqımızın öz dövlətçiliyini qurmaq üçün keçdiyi yolun necə mürəkkəb, bəzən dramatik olduğunu göstərir. Bu nəşr müasir Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. R.Hüseynov N.Nərimanovun təmiz adının ona qaytarılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həlledici rolunu qeyd edərək xatırladıb ki, məşhur azərbaycanlı rejissor Əjdər İbrahimovun Nəriman Nərimanov haqqında çəkdiyi “Ulduzlar sönmür” filminin tamaşaçılara təqdim edilməsi bir neçə il ləngidildi, bu ekran əsərini rəflərdə toz basırdı. Jurnalist deyib: “Heydər Əliyev burada da böyük səy göstərib, Azərbaycanın görkəmli oğlu Nəriman Nərimanov haqqında filmin tamaşaçılara təqdim edilməsinə nail oldu”.
Təqdimat mərasimində yazıçı-publisist Lyudmila Lavrova, Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti, politoloq İsmayıl Ağakişiyev, “Azerbaydjanskiy Konqress” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, diplomat və publisist Ramiz Abutalıbov, fəlsəfə elmləri doktoru, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, N.Nərimanovun Bakıdakı ev-muzeyinin direktoru Kəmalə Hüseynova və başqaları çıxış ediblər.
Kitabın müəllifi Rudolf İvanov qeyd edib ki, onun bu əsəri 2004-cü ildən bəri sayca 17-ci kitabıdır və o, son dərəcə əhəmiyyətli, eyni zamanda indiyə qədər geniş ictimaiyyətə az məlum olan faktların üzə çıxarılması üçün Azərbaycan tarixi sahəsində araşdırmalarını davam etdirmək niyyətindədir. R.İvanov məxsusi olaraq təqdimat mərasimi üçün yaradılmış, üzərində N.Nərimanovun təsvir edildiyi pannonu onun ev-muzeyinə hədiyyə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskvada_Neriman_Nerimanov_haqqinda_kitab_nesr_edilib-836396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR