Ulu öndər Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdəki roluna hər zaman böyük əhəmiyyət verib

Ulu öndər Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdəki roluna hər zaman böyük əhəmiyyət verib
18:43 3 Mart 2015
57 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 3 mart, Tural Kəngərli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə roluna hər zaman böyük əhəmiyyət verib. Dahi şəxsiyyət xarici ölkələrdə keçirdiyi görüşlərdə qürur hissi ilə qeyd edirdi ki, Azərbaycan qadını Şərqdə ən yüksək inkişafa nail olub və dünyada qadın azadlıqlarının ilk təmsilçiləridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 64-cü məşğələsində səsləndirilib.
Lektoriyanı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycanda qadınların problemlərinin həllinə böyük diqqət yetirdiyini bildirib.
“Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda çıxış edən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayıl bildirib ki, Ümummilli Lider respublikaya rəhbərlik etdiyi 40 illik bir dövrdə Azərbaycan qadınlarının əməyini yüksək qiymətləndirib, xüsusilə müstəqillik illərində qadınların hüquqlarının daha da genişlənməsinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət yetirib. Məhz Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə müstəqillik illərində bir sıra qanunlar qəbul edilib, respublikamız qadınların hüquq və azadlıqlarını təsbit edən mühüm beynəlxalq konvensiyalara qoşulub.
Vurğulanıb ki, hələ XX əsrin 60-cı illərinin sonlarında ölkəmizə rəhbərlik edən Heydər Əliyev qadınların bütün sahələrdə irəli çəkilməsini təmin edib. Həmin dövrdə Ali Sovetin 37 deputatı qadın idi. Müqayisə üçün bildirək ki, o zamanlar Amerikada 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Avropanın indi problem olaraq gördüyü məsələləri Ulu Öndər hələ ötən əsrin 70-ci illərində həyata keçirib. Hələ o zamanlar Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasını və onların elmi araşdırmalara cəlb edilməsini vacib məsələ kimi qarşıya qoyub. Məhz dahi şəxsiyyətin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda qadınlar özlərini həmişə cəmiyyətin bərabər hüquqlu üzvü kimi hiss ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_onder_Heyder_Aliyev_Azerbaycan_qadininin_cemiyyetdeki_roluna_her_zaman_boyuk_ehemiyyet_verib-836422

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR