Feminizmin ailə həyatına təsiri

Feminizmin ailə həyatına təsiri
20:42 1 Oktyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Ailənin qurulması suyun yaranmasına oxşayır. Suyun yaranması üçün hidrogenlə oksigenin kimyəvi birləşməsinin vacib olduğu kimi ailədə də kişinin və qadının bəzi sərbəstliklərindən güzəştə gedərək, yeni bir azadlıq modeli ilə hərəkət etmələri gərəkdir.

Bir insanın eyni zamanda həm azad olub istədiyi kimi yaşaya, həm də evli ola bilməz. Belə bir ailə həyatı qeyri-mümkündür. Uzun əsrlərdən sonra qadınların ictimai nöqteyi-nəzərdən ön plana çıxmaları kişiləri narahat etmiş, nəticədə bu sonuncuların evliliyə soyuq yanaşmalarına gətirib çıxarmışdır. Kişinin və qadının ailə həyatına münasibəti əsrlərdən gələn təcrübə əsasında öyrənilməli və yenidən dəyərləndirilməlidir.

Milli.Az azerimuslims.com-a istinadən bildirir ki, feminizm qadını kişiyə bənzəməyə sövq etməklə yanaşı, onun cinsi mənsubiyyətindən irəli gələn bir çox xarakterik xüsusiyyətinə də zərər yetirir. Qadın öz qadınlıq xüsusiyyətlərini və fərqliliklərini qoruduqları təqdirdə qadındır. Kişi və qadın psixoloji baxımdan bir-birindən üstün deyillər, əksinə, fərqlidirlər. Bu fərqlilik onların hüquqi dəyərləri baxımından mühümdür. Belə ki, qadınlar hissləri, eləcə də estetik gözəllik və müdafiə instinkti baxımından kişidən bir addım qabaqda olduğu halda kişilər isə xarici aləmdə mübarizə aparmaq və digər xüsusiyyətlərdə qadınları üstələyirlər. Beləliklə, əks cinsin nümayəndələri sahib olduqları xüsusiyyətləri etibarilə bir-birilərini tamamlayırlar.

Kişilərin yuxarıda qeyd edilən xüsusiyyətlərini "təshih" etməyə cəhd ailənin formalaşmasına ciddi zərər vurur. Qadının evin xanım olması rolu kiçik hesab ediləcəyi təqdirdə o, bu rolu ifa etməkdən uzaqlaşacaqdır. Halbuki ev xanımlığı ağır bir iş, çətin xidmətdir. Belə ki, burada məhsul yalnız uzun illər sonra yaxşı uşaq yetişdirilməsi şəklində ortaya çıxır. Bir çox hallarda qadının gördüyü işin nəticələrinin dərhal əldə olunmaması zərif məxluqun zəhmətinin qarşılıqsız olması kimi qəbul edilir. Kişinin işinin nəticələri isə məvacib və ya gəlir kimi konkret şəkildə geri qayıtdığına görə, bu iş əhəmiyyətli hesab edilir və nəzərə çarpır.

Allaha inanan insanlarda bu problemi aradan qaldırmaq daha asandır. Məsələn: "Uca Yaradan insanı yaratdığı zaman qadın ilə kişini bir-birinin eyni, yoxsa fərqlimi yaradıb?" - deyə sual qoymaq mümkündür. Fikrimizcə, bu cəhət hərtərəfli tədqiq edilməlidir. İnsanlar dəyərli olmaları Yaradanın dərgahında hansı meyarlara görə müəyyən edilir? Qadın yoxsa kişi, zənci yoxsa ağdərili, kasıb yoxsa varlı?

İnsanın Yaradan ilə münasibətlərində qiyməti onun varlı, kasıb, ağdərili, qaradərili, kişi və ya qadın olması ilə ölçülmür. Burada əsas meyar kimi Allah ilə doğru və yaxın münasibət qurulub-qurulmaması - dini terminologiya ilə desək - təqva götürülür. Allahın yanında daha dəyərli olan kəs təqvası çox olan insandır. Kişi və qadın yaradılış baxımından Yaradanın dərgahında bərabərdir. Hər iki cinsin nümayəndəsinin özünəməxsus üstün cəhətləri vardır. Axı onlar bir-birilərini tamamlamaq üçün yaradılmışlar.

Bu düşüncə tərzi əsas götürüləcəyi təqdirdə tərəflər evliliklərini "sərbəstləşməyə" qurban verməyəcəklər. Əks təqdirdə kişi və ya qadından birinin izolə edildiyi bir ailədə və ya dünyada xoşbəxt olmaq qeyri-mümkündür. Başqa sözlə, tənha ömür sürən bir qadının və ya kişinin dünyası xoşbəxt ola bilməz.

Vaxtilə amerikalı yazıçı və feminist Beti Fridman demişdi: "Bir insanla və ya qadınla gözəl və sədaqətə söykənən münasibət bir-birini tamamlama şüuru ilə mümkündür". Bəşəriyyətə gətirdiyi bəzi dəyərləri qoruyub və adəm övladını məhrum etdiyi xüsusları da nəzərə alaraq, buna keçmişdə mədəniyyətimiz və inancımız sayəsində topladığımız təcrübələri də əlavə edərək, feminizmi yenidən tərif versək, qadın və kişi xoşbəxtliyini, eləcə də evlilik anlayışını lazım olan məcraya yönəltmək mümkün olacaqdır.

1960-cı illərdə qadınları kişilərə qarşı silahlanmağa çağıran kitab qələmə alan Beti Fridman hazırda Manhettendə ömrünü tənha başa vurdu. Fridanın yetmiş yaşında ikən etdiyi etiraflar olduqca düşündürücüdür: "Bir kişi ilə etimad və sədaqətə söykənən münasibət qurmaq məni necə də xoşbəxt edərdi!"

"Beynəlxalq qadınlar günü"nün qadınlara və evliliyə töhfələri

"Beynəlxalq qadınlar günü" kimi günlərin keçirilməsi əslində feministlərin eqoistliyindən xəbər verir. Feministlər qadınların cəmiyyətdə ikinci sinif insan  kimi qəbul edildiklərini güman edirlər. Özünə güvənən, fikirlərini sərbəst ifadə edən və haqqını tələb edə bilən qadının belə xüsusi günləri qeyd etməsinə ehtiyacı yoxdur. Ancaq "Beynəlxalq Qadınlar Günü"nü kişilərin qadınları ikinci sinif insan hesab etmə cəhdlərinə qarşı durmanın simvolu kimi də xarakterizə etmək mümkündür. Bu görüş isə sosial-mədəni haldır.

Cəmiyyətdə qadınların kişilərdən geridə olmalarına dair ənənəvi təsəvvür də mövcuddur. Üstəgəl, bu, yalnız şərq mədəniyyətində deyil, qərb mədəniyyətində də müşahidə edilən haldır. Hətta Qərb dünyasında bu halın təzahürləri özünü daha qabarıq büruzə verir.

Qadının insan olub-olmaması əsrlər boyu Qərbin müzakirə etdiyi mövzulardan idi. Qadının bir fərd kimi mövcudluğu qanunlarda belə öz əksini tapmırdı. Həmin dövrlərdə hər şeyi fiziki güc həll etdiyinə görə, o vaxtkı şərait kişinin hegemon olmasını zəruri edirdi. Ancaq dövrümüzdə zehni güc ön plana çıxmışdır və buna görə də fiziki gücə ehtiyac qalmayıb. Müasir dövrdə zehni gücün əhəmiyyəti dərk edildikcə qadın və kişi arasındakı fərqliliklər də minimuma enib.

Belə olan halda qadın-kişi bərabərliyi əvəzinə onların fərqliliyi əsasında möhkəm əməkdaşlığın qurulması prioritet təşkil etməlidir. Bu, hər iki cinsin fərqli xüsusiyyətlərinin inkarı kimi başa düşülməməlidir. "Kişi kişiliyini, qadın isə qadınlığını dəyişdirməli və dünya "vahid cins"ə əsaslanan münasibətlərə doğru irəliləməlidir" düşüncəsi yanlışdır. Kişi və qadın özünəməxsus keyfiyyətlərini qoruyaraq, möhkəm əməkdaşlığa əsaslanan münasibəti inkişaf etdirməlidir. Demokratiya və plüralizmdə əhəmiyyətli olan da budur. Burada hər kəs öz mədəni kimliyini qoruyur, habelə ünsiyyəti sıxlaşdırır.

Məsələn, kainatda plüralizm hakimdir. Minlərlə çiçək, quş və ya həşərat yaradılıb. Bu müxtəliflikdə məqsəd başda insanlar arasında ünsiyyəti təmin etməkdir. Canlıların bir-birinə qaynayıb-qarışması, ünsiyyət qurması özü ilə bərabər bir çox gözəllik gətirir. Bu səbəbdən bir tipli qadın və ya kişi düşüncəsi kainatın harmoniyasına ziddir. Bu cəhət dərk edilməli və hamı müxtəlifliyə öyrəşməlidir.

Tərəflərin haqsızlığa məruz qalmadığı, zehni nailiyyətləri çox olanın irəlidə qərarlaşdığı, hərəkət və davranışları ilə dəyərini nümayiş etdirən şəxsin cinsindən dolayı ayrı-seçkiliyə məruz qalmadığı bir dünya qurulmalıdır. Bir insanın uğurları onun cinsi mənsubiyyətindən ötrü kölgədə qalmamalıdır.

Məsələn, elə sahələr vardır ki, orada kişilərin hegemonluğu hökm sürür və orada cinsi mənsubiyyətlərindən dolayı qadınlara qarşı ayrı-seçkiliyə yol verilir, zərif cinsin nümayəndələri fərqinə varılmadan çıxdaş edilir. Bəlkə bu kimi reallıqların qarşısının alınması xüsusunda "Beynəlxalq Qadınlar günü" dəyərləndirilə yaxud bu cür müzakirələri başlatmaqla bəzi doqmalara yenidən baxıla bilər. Ancaq bu zaman "Beynəlxalq Qadınlar günü" feministlərin günü olmamalıdır. Feminizm qadın-kişi münasibətlərini az qala döyüş vəziyyətinə gətirib çıxarmışdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda qadın - kişi münasibətlərinin bir güc toqquşmasına çevrildiyi görünür.

Halbuki evlilik üç mərhələdən ibarətdir. Birinci mərhələ, romantik hisslərlə bəslənən başlanğıc mərhələsidir. Sonrakı mərhələ güc mübarizəsinin nümayiş etdirildiyi dövrdür ki, bu dövrdə hər iki tərəf də bir-birini tanıyır və problemlərin həlli yolları axtarıb ortaya qoyur. Nəhayət evliliyin sonuncu mərhələsi bir-birinə bağlılıq dövrü kimi xarakterizə edilir. Heç bir şey insanları dünyada sədaqətə əsaslanan qadın-kişi birliyindən daha xoşbəxt edə bilməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR