"Komandada ağsaqqal mənəm" - Elxan Abdullayev

"Komandada ağsaqqal mənəm" -  Elxan Abdullayev
21:57 1 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Fanat.Az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:


- Bu  qələbə bizə çox lazım idi. Komandamız bu gün yaxşı təsir bağışladı. “Kəpəz” isə standart vəziyyətlərdə çox təhlükəli idi. Rəqibin heyətində 10 nömrəli futbolçunu xüsusi qeyd edərdim. Bu qələbə bizə işıq yolu göstərdi. Amma komanda hələ cəmi 3 faiz inkişaf edib.


- Azarkeşlər yenə “Neftçi”yə narazılıqlarını bildirdilər...


- Azarkeşi başa düşmək olar. Mənə elə gəlir ki, bu qələbədən sonra oturub düşünəcəklər ki, lazımdımı belə hərəkət?


 - Daha çox etirazları Araz Abdullayevlə bağlıdı. Onu kapitan kimi görmək istəmirlər...


- Bir həftə bundan öncə azarkeşlərlə görüşüm oldu. Onlarla 1-2 saat danışdıq. Məni düz başa düşün. Azarkeşə böyük hörmətim var. Amma onların sözü ilə oturub-durmağım düzgün deyil. Sarğını niyə Arazdan alım? Mən Abdullayevin oyunundan razıyam. Onunla azarkeşlər arasında nə olduğunu bilmirəm. Kapitan millinin üzvü, lider olmalıdı. Cavid İmamverdiyev yaxşı futbolçudu, amma hələ tam hazır deyil.


  - Komandada qapıçı problemi olduğu hiss edilir...


- İstəmirəm ki, kimisə tənqid edim. Biz vaxt ayırıb, futbolçulara danışırıq. Mən nəyə görə yeni qapıçı axtarmalıyam? “Transfer pəncərə”sinin açılmasını gözləməliyik. Buraya kimisə qovmaq üçün gəlməmişəm. Sadəcə, istəyirəm ki, komandada rəqabət olsun. Hər mövqeyə futbolçu lazımdı. Lakin istəmirəm ki, mən də elə səhvlərə yol verim. Gətirəcəyim futbolçu gərək sizin də xoşunuza gəlsin, mənim də.  


- Mahir Şükürov 2 həftədi komandada məşq edir. Onun burda rolu nədən ibarətdi?


- O, bizdə sadəcə, forma yığmaq üçün məşq edir. Həm də, gənc oyunçulara kömək edir


 - Demək olar ki, o, komandada ağsaqqal rolunu oynayır?


- Komandada ağsaqqal mənəm. Mahir Şükürov sabah formaya düşsə, böyük sevinclə onu komandaya götürərəm. Desə ki, “Zirə”də, “Kəpəz”də oynamaq istəyirəm, ona heç nə deməyəcəyik. Yoxlama oyunlarında yoxlayacağıq. Özünü yaxşı göstərsə, komandaya götürəcəyik.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkomandada-asaqqal-mnmquot-t53006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR