Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kərbəla məktəbinin 6 dərsi

Kərbəla məktəbinin 6 dərsi

Date: 1 October 2016 22:12

Bismilləhir-Rahmənir-Rahim!

Salam olsun Hüseyncana (ə)! Salam olsun Əba Əbdillaha (ə)! Salam olsun susuz körpələrə!

Məhərrəm ayı astanasındayıq. Bu əyyama qəflətdən oyanmış halda, əyyamın içində ehtiva olunan dəyərləri dərk edən halda daxil olmalıyıq. Məhərrəm-səfər əyyamının xeyli böyük dəyər yüklü  mövzuları var ki, onlardan biri də tövbə fenomendir. Bu tövbə fenomeninin misdaqları arasında, peşman olmuş cənab Hürrün tövbəsi özünəməxsus yer tutur. Bu tövbə, əyyama daxil olan və tövbəli durumda olmaq istəyən əzadara  sanki bir mayak kimi yol göstərir...

Tövbənin mahiyyəti

Yeri gəlmişkən qeyd edək ki, cəmiyyətimizdə tövbə ilə bağlı yanlış stereotiplər var. Sanki insanlar yalnız böyük günahlar, iyrənc hərəkətlər edəndə tövbə etməlidirlər. Halbuki, Quran məntiqi bizə deyir ki, möminlər özlərini tövbə məsələsindən kənarda təsəvvür etməməlidirlər. Yəni tövbə heç də yalnız namaz qılmayanlar və ya digərləri üçün deyil. Tövbəli durum həm də möminlərə aiddir. Möminlər günahdan, xətadan,  yanlışlıqlardan xali deyillər. Xəta və yanlışlıqlar baş verdikdə, tövbə edərək yenidən Allaha tərəf qayıtmaq lazımdır. Tövbənin mahiyyəti - mövcud durumdan imtina və daha kamil duruma doğru təkamül etməkdir.

Əyyama hazırlaşmağın hədəflərindən biri də budur ki, biz içimizə, daxilimizə, daxilimizdəki Kərbəlalara nəzər salaq. Nəzər salaq ki, daxilimizdəki nə qədər Hüseynləri şəhid etmişik, nə qədər Əbəlfəzlərin qollarını qırmışıq, nə qədər Rüqəyyələri susuz qoymuşuq.
Əba Əbdillah (ə) və karvanı bu qədər yol qət edərək, Kərbəya gəlib şəhadətə yetmədilər ki, İslam sloqan olaraq, şüar olaraq qalsın. Onlar şəhid oldular ki, İslam, İslam olaraq qalsın və yaşasın.

Kərbəla və axırəz-zaman

Yeri gəlmişkən, Kərbəla vaqiəsi ilə axır-əz-zaman arasına bir zaman körpüsü salaq. Şəhidlər Sərvərinin (ə) dönəmindəki zühurla bağlı edilən xəbərdarlıqlara diqqət edək. Əziz Peyğəmbər (s) İmam Hüseynə (ə) zühurla bağlı xəbər vermişdir. Son İmama (ə.f) qədər bütün İmamlar (ə) eyni nur olduqları üçün, hər biri öz dövründə eyni vəzifəyə riayət etmişdir. Əba Əbdullah (ə) buyurur ki, mən Allahın Rəsulundan (ə) eşitmişəm ki, Qiyamətə 1 gün də qalsa, zühur baş verəcəkdir.

Bu, bizim dövrə xüsusilə aiddir. Bir adam həqiqi müntəzir olsa, Mövlanın (ə.f) həqiqi intizarçısı olsa, həyatın bütün əziyyətlərinə dözümlü olar, bütün əziyyətlərdən şərəflə çıxar.

Zühur dönəmi müntəzirinin durumuna dair hədislərə toxunaq. Nəql olunur ki, Zəmanə Sahibinin (ə.f) öz dönəmindəki cahiliyyə, Həzrət Peyğəmbərin (s) dövründəki ilk cahiliyyədən daha qatı cahiliyyə, daha qəliz cahiliyyə olacaqdır. İkinci cahiliyyə birincidən daha mürəkkəbdir.  Birininci dövrün cahiliyyəsi canlı deyildi, aradan gedən idi, amma ikinci dövrün cahiliyyəsi təşkilatlanmış, sistemli və daha əhatəli cahiliyyədir.  Axirəz-zaman dövrünün cahiliyyəsinin bütləri diridir. Onların canlı nümunələri kimi dövrümüzdə İŞİD, daşnak və sionizm kimilərini göstərmək olar. İnşəallah, Allah müsəlmanlara, millətimizə bu növ cahiliyyədən də qalib çıxmağı əta eləsin.

Zühur dönəmində müntəzirin, Mövla (ə.f) xidmətçilərinin vəzifələrinə dair verilən xəbərlərə diqqət edək. Qeyd olunub ki, Zəmanə Sahibinin (ə.f) gəlişi ruhiyyəsində olanlar - vilayət ruhiyyəsində olanlardan və müstəzəflərə, zəiflədilmişlərə yardım edənlərdəndirlər.

Məhərrəm əyyamı öncəsi hazırlıqların mahiyyəti də həqiqi Fərəc intizarçılarının, həqiqi müntəzirin ruhiyyəsinə yiyələnməsinə qayıdır.

Kərbəla vaqiəsinin strateji hədəfi

Dünya tarixində çoxsaylı qəhrəmanlıqlar olub. Bu qəhrəmanlıqların heç biri hər il və bu cür yüz milyonlar tərəfindən yaşadılmır. Kərbəla vaqiəsi - bəşər tarixində nəhəng yer tutan vücudi hadisələrdəndir. Onların yekun nöqtəsini qoyan hadisədir. Ona görə də, əsrlərdir yaşanır. Həzrət Adəmdən (ə) başlayaraq, bir çox peyğəmbərlərlə (ə) bağlı bəşəriyyət xüsusi hadisələri xatırlayır. Bu hadisələrin hamısı insanların daxilindəki ruhiyyə ilə bağlı olan məsələlərdir. İmam Hüseynin (ə) Aşura məktəbinin bu cür yaşanmasının əsas səbəbi budur ki, bu hərəkatın ali hədəfi fövqəl dərəcədə mübarək olub və özündən əvvəlki bütün mübarək hərəkatların nöqtəsini qoyub.

Əba Əbdillahın (ə) Aşura qiyamının əsil hədəfi nə idi ki, bu qədər həmişəyaşardır bu məktəb?Aşuranın ilk və ən zəruri hədəfi - İslamın din olaraq əhyası, diri saxlanmasıdır. İslam dininin diri olaraq mövcudiyyətini sığortalamaqdır. Kərbəla məktəbini hər mənada dəyərləndirən mütəxəssislər bu fikirdədirlər ki, Aşura o fenomenlərdəndir ki, onun bir neçə mahiyyəti, qatı, mövzusu var. Bu ən önəmli mövzulardan da biri - imtinadır. İmtina fəlsəfəsi Kərbəla məktəbinin aparıcı dərslərindəndir. Əba Əbdillah (ə) ilk dəfə Yezidə (lən) beyət etməkdən imtina etməklə, bəşəriyyətə imtina dərsi keçir.

Bəli, Aşuranın ali, əsas, strateji hədəfi - İslamın əhyası, diri saxlanılmasıdır. Bu məktəbdə hansı cəhətə, hansı hissəyə nəzər salsaq, bunu unutmamalıyıq. Bilməliyik ki, bütün baş verənlərin bir hədəfi olub - İslamı diri saxlamaq.

Eyni zamanda qeyd edək ki, Kərbəlanın ən mühüm mövzularından biri - imtinadır. İmtina - yəni pisliklərə qarşı mətin və prinsipial mövqe sərgiləmək - Kərbəla məktəbinin ikinci dərsidir. Bu gün Aşura yaşadanlar baxmalıdır ki, bu məktəbdən imtina dərsini götürə bilir, ya yox. Bir var ki, biz tarixdən danışaq, bildirək ki, Əba Əbdillah (ə) imtina etdi və bununla da mövzu bitsin. Bir də var ki, biz bəyan edirik ki, Əba Əbdillah (ə) öz imtinası ilə bəşəriyyətə imtina dərsi keçdi.

Əba Əbdillahın (ə) imtinası əslində "Lə iləhə illəllah"ın əməli yaşantısıdır. Gərək biz baxaq ki, nəfsi istəklərimizin müqabilində, toplumun yeritdiyi ucuz, bayağı məsələlərinin müqabilində, Allaha aparmayan hər bir mövzunun müqabilində imtina edə bilirikmi? Əgər bunu düşünsək, Aşuranı günümüzdə yaşatmış olarıq.

Yaxşıya dəvət və pisdən çəkindirmə

Əba Əbdillahın (ə) Kərbəla məktəbində pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvət missiyasına xüsusi nəzər yetirilməlidir. İmam Hüseynin (ə) Mədinədən başlayaraq Məkkəyə, oradan isə Kərbəlaya doğru gəldiyi yolda, bütün Kərbəla hadisələrinin hamısında başdan-başa pis işlərdən çəkindirmə və yaxşı işlərə dəvət görəcəyik. Həzrət İmam Hüseyn (ə), öz hərəkatının əsas qayələrindən biri kimi bunu bəyan edir. Bu, Kərbəla məktəbinin üçüncü dərsidir.

Əba Əbdillahın (ə) hərəkatının dördüncü hədəfi - ümmətin İslahı və fəsadla mübarizə idi. Ümmət bir neçə on ilə o vəziyyətə çatır ki, öz İslami kimliyini itirib. Topluma fəsad daxil olub. İndi bir zaman gəlib çatıb ki, Əba Əbdillah (ə) bu məktəbi yaratmaqla ümməti İslami baxımından sığortalayır.

Bu məktəb boyunca müşahidə etdiyimiz beşinci aparıcı xətt - İmam Hüseynin (ə) bir İlahi İmam (ə) kimi üzərinə gələn vəzifədir. Kufəlilərin məktublarından sonra Əba Əbdillahın (ə) üzərinə İlahi imamət və vilayəti əməli şəkildə yaşatmaq və İslami dəyərləri bərqərar etmək vəzifəsi gəlir. Allah onu təyin edib, İmam (ə) buna hazırdır və toplum da əgər buna can atırsa, İmamın (ə) üzərində buna doğru cəhd etmək üçün vəzifə yaranır.

Nəsuh tövbəsi

Qayıdaq tövbə mövzusuna. Biz bir dünyada yaşayırıq ki, onun tərbiyə sistemində, təhsilində, universitetlərində, məktəblərində, teleməkanında və sairədə insanın qurtuluşunun ən mühüm amili olan tövbə adına demək olar ki, heç nə yoxdur. Aşuranın öyrətdiyi ən böyük dərs budur ki, insan büdrəyir: Quran oxuyan da, namaz qılanlar da, hətta gecələr səcdələrdən qalxmayanlar da büdrəyə bilir. Aşura bizə öyrədir ki, əgər tövbə olmasa, ən inkişaf etmiş cəmiyyət belə tənəzzülə məhkumdur. Necə ki, biz bunu Aşurada gördük: Həzrət Peyğəmbərin (s) qurduğu cəmiyyət tövbədən uzaqlaşdığı üçün, hətta öz İmamlarına (ə) qarşı çıxdılar.

Söhbət elə-belə tövbədən getmir, söhbət Nəsuh tövbəsindən gedir. Nəsuh tövbəsinin mühüm bir xüsusiyyəti də budur ki, onda bir daha günaha dönməmək prinsipi vardır. Tövbə etmək möminin, bir müsəlmanın, bir inanc əhlinin əsas mənəvi vəzifələrindən biridir. Tövbə gərək yalnız dillə deyilməsin, içdən gəlməli, qəlbdən gəlməlidir. Sözgəlişi tövbəyə heç nə düşmür. Bəzən toplumda da tez-tez işlənir ki, "əstəğifirullah". Bu kəlməni tez-tez toplumda eşidirik, hətta bəzən ateistlər belə fərqinə varmadan bu sözü işlədir. Bu sözü anlayaraq, dərk edərək, fərqinə vararaq dilə gətirməli və qəlblə ona reaksiya verməliyik. İmam Baqir (ə) buyurur: "İnsanın batini zahiri kimi gözəl olmalıdır. Hətta batini zahirindən gözəl olmalıdır". Zahirdə təmiz geyinmək, səliqəli olmaq yaxşıdır, amma batin bundan daha gözəl durumda olmalıdır.Bəli, Kərbəla məktəbinin altıncı dərsi - tövbə mədəniyyətidir.

Tövbə olmasa, insan namaz qıla-qıla, oruc tuta-tuta, Quran oxuya-oxuya bir gün gələr İmamının (ə) qarşısında dayanar.  Kərbəlada biz bunu gördük. Ona görə də Kərbəlanın ən böyük dərslərindən biri də tövbədir. Hamımız səhv edə bilərik. Mömin və möminə öz həddində səhvlər edə, xətaya yol verə bilər, mömin və möminə də xətadan sığortalanmayıb. Quran bizə deyir ki, tövbə Allah dərgahında olar və bir də o əməllər xatırlanmaz, yada salınmaz

Necə namaz qılmaq, oruc tutmaq kimi vacibatalarımız var, eləcə də vaxtaşırı daxilimizə baxıb əməllərimizi təftiş etməliyik, tənzimləməliyik. O əməlləri ki, Allah bəyənmir, onları tərk etməli və tövbə etməliyik.

Allahın bizdən istədiyi Nəsuh tövbəsidir. İçdən, daxildən gələn, peşmançılığa səbəb olan, dillə iqrar edilən, ona qayıdılmayan, iradəvi edilən və bir daha o gunaha qayıtmamaq əzmiylə səciyyələnən tövbədir Nəsuh tövbəsi. Bizdən istənilən tövbə budur. Onu da qeyd edək ki, tövbənin xüsusi şəraiti, xüsusi vaxtı, zamanı, xüsusi məqamı yoxdur. Nə zaman ki, anladın xəta edibsən, büdrəmisən - elə o an heç nəyi gözləmədən tövbə edilməlidir.

Tövbənin mahiyyəti

Tövbənin mahiyyətinə varmaq üçün, Müqəddəs Kitabımızın "Təhrim" surəsinin 8-ci ayəsinə doiqqət edək. Burada həqiqi tövbənin əsas xüsusiyyətlərinə işarə edilir: "Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab məkanına qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: "Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!"". ("Təhrim" sürəsi 8-ci ayə).

Ayənin təfsiri çalarlarına diqqət edək:

1. Möminlər tövbəni doğuran amillərdən sığortalanmayıb.

2. Tövbə elə-belə tövbə deyil, xalis, Nəsuh tövbəsi olmalıdır.

3. Tövbə Allah dərgahında olmalıdır.

4. Tövbə namaz və oruc kimi mömin və möminlərin üzərində olan mükəlləfiyyət mövzusudur.

5. Tövbə yalnız dildə olmalı deyil. O, içdən gəlməli və həqiqətən Allaha tərəf yönəlməlidir.

6. Xətanı anladığımız an dərhal Allaha tərəf yönələrək, tövbə etməliyik.

7. Nəsuh tövbəsi budur ki, insan tövbə edə və bir daha o günaha doğru  geri dönməyə. Bu haqda da İmam  Sadiq (ə) və İmam Hadidən (ə) hədislər nəql edilir ki, iç zahirdən pis olmamalı, müsəlmanın batini zahirinə müvafiq, uyğun olmalıdır, hətta batin gözəllikdə zahiri üstələmədir.

8. İnsan öz durumundan narazı olaraq, etdiyi tövbə Allahın razılığı üçün olan tövbə kimi qəbul olunur.

Tövbənin daha 4 xüsusiyyətinə, təfsiri çalarına diqqət edək.

1. Tövbə bəndə ilə Allah arasında olan əməldir.

2. Tövbənin 2-ci xüsusiyyəti budur ki, əgər bu, baş veribsə, həm ozünü və həm də ətrafını hərəkətə gətirər.

3. Həqiqi tövbə möminin dağılmış halını, cəhətlərini cəmləyər, müsbət xüsusiyyətlərini bərpa edər, onları gücləndirər.

4. Tövbə gələr və günahın təsirini aradan aparar. Günah insana həm fiziki, həm mənəvi, həm də psixoloji təsirlər qoyar. Tövbə bunları da aradan aparar. Ümumilikdə
Nəsuh tövbəsinin 20-dən çox xüsusiyyəti var ki, onların 4 əsas cəhəti var:

1. Qəlbi peşmançılıq olmasa, tövbə yoxdur.

2. İnsan qəlbən peşmandırsa, bunu dillə Rəbbinə bəyan edir, dillə izhar edir.

3. Dili ilə dediyini digər tərəfdən əməllə davam etməyə çalışır. Günahın tərkinə əzm edir.

4. Əzmi olur ki, bir də o günahı təkrar etməsin.

Bu 4-ü birləşsə, xoş o insanın halına.

Allahım! Bizləri Kərbəla məktəbini dərk edənlərdən qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof


Tags:  Kərbəla məktəbinin dərsi

RƏYLƏR


Top news