Tale Heydərov: "Məqsədimiz çempion olmaqdı" - MÜSAHİBƏ

Tale Heydərov: "Məqsədimiz çempion olmaqdı" - MÜSAHİBƏ
23:04 2 Oktyabr 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının ilk dövrəsini məğlub olmadan və qol buraxmadan başa vuran “Qəbələ” dövrənin son matçında da “Qarabağ”ı əliboş yola saldı. Oyun başa çatdıqdan sonra “qırmızı-qaralar”ın prezidenti Tale Heydərov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Yəqin razılaşarsız ki, çempionluq uğrunda əsas rəqibinizə qarşı 6 xallıq oyun qazandınız...

- Bu, bizim üçün çox mühüm oyun idi. Çempiona qarşı oynayırdıq, yaxşı mübarizə apardıq. Meydançada əsl savaş gedirdi. Əsas olan 3 xalı qazanmaq idi.

 

- Əsas rəqiblərinizdən birini məğlub elədiz. Belə demək olarmı ki, “Qəbələ” çempionluğa bir az da yaxınlaşdı?

- Məqsədimiz çempion olmaqdı. Ən böyük rəqibimiz də “Qarabağ”dı. Bu qələbə də bizi çempionluğa bir az da yaxınlaşdırdı. Ancaq qarşıda hələ çox oyunlar var. Dəqiq nəsə demək çox çətindi.

 

- Komandalar ikisi də 3 gün öncə Avroliqada çıxış ediblər. Bu amil bugünkü çıxışa nə qədər təsir göstərdi?

- Hər iki komanda çox ağır matçlar keçirmişdi və qısa müddətdən sonra oyuna çıxdılar. Bu da təsirsiz ötüşmədi. Ancaq məncə, hər iki komanda bu gün çox əzmlə mübarizə aparırdı, mümkündü ki, oyunçularda bir az yorğunluq olsun.

 

- Avroliqada “Maynts”la oyunda komanda necə təsir bağışladı?

- Açığı, çox məyus olduq. Biz 2:1 öndə olarkən qələbəni əldən verdik. Bilirdik ki, güclü komandaya qarşı oynayırıq. Çalışacağıq ki, gələcəkdə daha yaxşı mübarizə aparaq və qalib gələk.

 

- Azarkeşlər artıq 80-ci dəqiqədən etibarən stadionu tərk etməyə başlamışdılar. Bu kimi halların qarşısını almaq üçün hansı işlər görülür?

- Məncə, bu, təkcə “Qəbələ”nin yox, bütün Azərbaycan futbolunun problemidir. Bununla bağlı daha çox təbliğat aparılmalıdır. Oyun ən az 90 dəqiqə davam edir. Azarkeşlər nəinki matçın sonunu gözləmək, hətta oyunçular paltardəyişmə otağına gedənə kimi onları yola salmalıdırlar, alqışlamalıdırlar.

 

- Avroliqanın oyunlarını doğma şəhərdə keçirməyə stadionun Avrostandartların tələblərinə cavab verməməsidir. Gələcəkdə arenanın o standartlara uyğunlaşdırılması varmı planda?

- Bəli, biz istəyirik ki, stadionu o şəraitlə təmin edək. Ümid edirik ki, gələn il bunu edəcəyik.

 

- Dediniz ki, çempionluq yolunda ən böyük rəqibimiz “Qarabağ”dı. Belə çıxır ki, birinciliyin sonuna kimi sadəcə iki komandanın mübarizəsini izləyəcəyik?

- Xeyr, mən belə düşünmürəm. Digər güclü komandalar da var. Özünüz də görürsüz ki, yaxşı mübarizə gedir. Ancaq bunu deməliyik, “Qarabağ” artıq neçənci dəfədi ki, çempion olur, bizim kimi Avroliqada çıxış edir. Ona görə də ən böyük rəqibimiz odur. Ancaq biz hər rəqibə ciddi yanaşırıq, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Yalnız bu şəkildə çempion olmaq mümkündü.

 

- Sizə elə gəlmədimi ki, komanda ikinci hissədə meydana sırf müdafiə olunmaq üçün çıxmışdı?

- Ola bilsin, elə görünürdü. Və yaxud da bu, bizim məşqçimizin tapşırığı idi. Ancaq oyun “Qarabağ”ın hücumları və üstünlüyü ilə keçdi. Əsas odu ki, biz qalib gəldik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR