Taksi xidmətinin səviyyəsini necə qaldıraq?

Taksi xidmətinin səviyyəsini necə qaldıraq?
08:42 3 Oktyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekspertin fikrincə, sürücülər üçün kurslar təşkil edilməli, maarifləndirmə işi aparılmalıdır 

Azərbaycanda turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni tələblər tətbiq ediləcək. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin sertifikatı əldə etmədən daşıyıcı turist və ekskursantların daşınması ilə məşğul ola bilməz.

Turist avtonəqliyyatı vasitələrinin sürücüləri ümüvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyəti və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməlidirlər. Onlar həm də avtomobil nəqliyyatı ilə turistlərin və ekskursantların daşımalarını tənzimləyən normativ aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Layihəyə görə, turistlərin və ekskursantların daşınması üçün daşıyıcılar müvafiq icra hakimiyyəti orqanlarının birgə müəyyən etdiyi qaydada akkreditasiyadan keçməli və akkreditasiya kartları ilə təmin olunmalıdırlar. Avtomobil nəqliyyatı ilə daşıma xidmətləri göstərən şəxs buna görə lisenziya aldıqdan sonra turistləri və ekskursantları daşıma sahəsində xidmət göstərmək üçün nəzarət orqanının nümayəndələrinin iştirakı ilə akkreditasiyadan keçməlidir.

Əlbəttə, bütün bunlar qeyri-qanuni fəaliyyət göstərən, xariciləri görən kimi onlara fantsatik qiymətlər oxuyan taksi sürücülərinin ortadan yığışdırılması üçün çox vacibdir. Lakin məsələnin başqa bir tərəfi də var. Turist nə bilsin ki, bu sürücünün sertifikatı var, yoxsa yox? Tutaq ki, turist sertifikatı olmayan taksiyə minibsə, burada sürücünü cərimələmək nə qədər doğrudur? Bu kimi detallar qanunla necə tənzimlənəcək? 

Milli.Az kaspi.az-a istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyir ki, hələlik bu haqda danışmaq üçün çox tezdir: "Bununla bağlı hər hansısa bir tələbnamə hələlik hazır deyil. Sertifikatlaşdırma nişanının sürücünün, yoxsa maşının üzərində həkk olunacağı da məlum deyil. Hazırda qeyri-leqal fəaliyyət göstərən taksi sürücülərinə qarşı fərqlənmə nişanının verilməsi prosesi başlayıb. Çünki sürücülər nəinki xarici, hətta yerli sərnişinlərin daşınmasını belə, qeyri-leqal şəkildə həyata keçirirlər. Agentlik tərəfindən bu problemi aradan qaldırılmağa çalışırıq". 

Qurum rəsmisinin sözlərinə görə, taksi fəaliyyətinin sertifikatlaşdırılması məsələsi haqqındakı detallar qanun öz təsdiqini tapdıqdan sonra, icra prosesi zamanı məlum olacaq: "Fərqləndirici nişan, yaxud sənədlə bağlı olaraq sürücünün cərimələnməsi məsələsi də qanunda qeyd ediləcək. Qanunsuz fəaliyyət göstərən taksi sürücüləri üçün 40 manatdan 100 manata qədər cərimə nəzərdə tutulub. Əgər hansısa qanundankənar fakt qeyd alınarsa, agentlik olaraq aidiyyəti qurumlara müraciət edəcəyik". 

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, bununla bağlı Azərbyacanda müxtəlif problemlər var: "Bir sıra ölkələrdə ən çox gəlir gətirən  fəaliyyət növlərindən biri turizmdir. Ölkəyə gələn turistlərin ilk ünsiyyətdə olduğu şəxslər isə onları hava limanından gedəcəyi yerə aparan taksi sürücüləridir. Təəssüflər olsun ki, Azərbaycanda bu sahə yetərincə inkişaf etməyib. Taksi sürücülərinin istər dil bilikləri, istərsə də xidmət səviyyəsindən tutmuş, ən xırda detallara qədər bir çox məsələlər üzərində ciddi işlər aparılmalıdır ki, onlar lazım olan standartlara cavab versinlər. Bu cür halların özüm də dəfələrlə şahidi olmuşam. Bir dəfə Azərbaycana dəvət etdiyim xarici ekspert hava limanında taksi sürücüləri tərəfindən qiymət baxımından aldadılıb. Hava limanından paytaxtdakı otellərə daşıma xərci təxminən 15-20 manat civarında olsa da, sürücülər turistlərdən 50 dollara qədər pul alırlar. Sürücülər həm də taksometrlərdən istifadə etmirlər. İstifadə etdikdə isə, orada məbləğ qeyd olunmur. Təbii ki, bu kimi faktlar ölkə haqqında xoşagəlməz fikir formalaşdırır".

Ekspertin fikrincə, belə faktların qarşısını almaq üçün sürücülər kurslara cəlb olunmalı, onlara xüsusi təlimlər keçirilməlidir: "Burada istər dil bilgisi, istərsə də turistlə rəftar kimi məslələrə də yer verilməlidir. Belə bir qanunun olması təşəbbüsü təqdirəlayiqdir. Lakin yaxşı olardı ki, qanun qəbul edilərkən onun icrasına da ciddi nəzarət olsun. Başqa sözlə, qanun formallıqdan reallığa çevrilsin. Təkcə "quru" sertifikatla heç nə həll olunası deyil. Düşünürəm ki, sertifikatlaşdırma prosesinə cəlb olunan və sertifikatlaşdırılan sürücülərə icazə verilməlidir ki, onlar xüsusilə hava limanında xidmət göstərsinlər. İkinci bir tərəfdən, onlar üçün şəhərdə xüsusi park yerləri yaradılmalıdır və həmin taksilər xüsusi kod və ya nişanla gəlib burada müştəri gözləsinlər. Turistlərə isə bu barədə internet vasitəsi ilə məlumat verilməlidir ki, bu xidmət şəbəkəsi həmin kodla fəaliyyət göstərən taksilər sürücülər üçün nəzərdə tutulub. Belə fərqlənmə metodları ilə bu işi təşkil etmək mümkündür. Amma bu xidmətlə bağlı xüsusi dayanacaqlar olmalıdır. İstər otellərdə, istərsə də digər iaşə obyektlərində ingilis, rus və Azərbaycan dillərində afişalar asılmalıdır ki, bu nişanla fəaliyyət göstərən şirkət məxsusi olaraq turistlər üçün nəzərdə tutulub".

İ.Hüseynli deyir ki, ümumi götürdükdə, bu problem sertifikatlaşdırma deyil, maarifləndirmə yolu ilə də öz həllini tapa bilər: "Əslində Avropada, dünyanın bir çox inkişaf etmiş ölkələrində belə bir şey yoxdur. Özümün də olduğum bir neçə Avropa ölkəsində heç vaxt taksilərin fərqləndirildiyini görməmişəm. Sivil xidmət üsullarını aşılamaqla çalışmalıyıq ki, bu problemi kökündən həl edək. Hər hansı bir şəxsi cərimə etməklə, fikrimcə, problem öz həllini tapmayacaq.  Əgər sürücünün lisenziyası varsa, onun üçün hər hansı bir cərimə tətbiq etmək tamamilə yanlışdır. Turistin özünün hüququ var ki, istənilən taksiyə minsin. Ona heç bir dəxli yoxdur ki, sürücünün sertifikatı var, ya yox. Həmçinin sürücünün də hüququdur ki, istənilən turisti istədiyi məkana aparsın. Burada hər hansı bir cərimənin tətbiq olunmasının hüquqi mexanizmini görmürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR