İman edənlərə şərəf olsun

İman edənlərə şərəf olsun
12:12 3 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

- "Ya Rəbb, nə vaxta qədər səni imdada çağıracağam? Sən isə eşitmirsən". Allah həmin dəqiqə cavab verərək birbaşa müdaxilə etmir. Kəskin şəkildə problemi də həll etmir və eyni zamanda, özünü zorla mövcud da etmir. Əksinə, səbirlə gözləməyə və ümidini heç vaxt itirməməyə dəvət edir. Xüsusilə də imanın əhəmiyyətini vurğulayır, çünki insan imanı ilə yaşayacaq.

... Roma Papası Birinci Fransisk Azərbaycana çox qısa, birgünlük səfəri əsnasında baş çəkdiyi, dua etdiyi və moizə oxuduğu Bakı Katolik Kilsəsində belə dedi.

O, moizəsini "İman edənlərə şərəf olsun!" sözləri ilə bitirdi.

Gerçəkdən də, ədalətə, haqqa, insanlar arasında anlaşmaya, dinc yaşam prinsiplərinə iman edənlərə, Tanrının bütün səmavi dinlər vasitəsilə insanlara buyurduğu hökmlərə riayət edənlər şərəfli kəslərdir.

Şərəf xüsusilə də çağdaş dünya siyasətində, dövlətlərarası münasibətlərdə indi xüsusi ehtiyac duyulan nəsnəyə çevrildiyindən 266-cı Roma Papasının, Vatikanın 1200 illik tarixində ilk qeyri-avropalı, ilk yezuit olan Birinci Fransiskin sözləri xüsusi əhəmiyyət kəsb edir.

İxtisasca kimyaçı-texnoloq və filosof, əsl ad və soyadı Xorxe Mario Berqolyo olan bu argentinalı pontifik dünyadakı katoliklərin lideri olmaqla yanaşı, ən qüdrətli siyasətçilərdən və məşhur humanistlərdən biri sayılır.

Və onun 9,93 milyon əhaliyə malik, amma vur-tut 570 katolikin yaşadığı Azərbaycana səfəri Qərb insanı üçün qəribə gəlir. Axı Papanın hər xarici səfərində onu milyonlarla insan qarşılayır, hava limanından şəhərədək xristianlar canlı körpü qururlar, messalara, yəni xütbələrə yığışan kütlə nəhəng təsir bağışlayır.

Azərbaycanda isə katoliklər - rəsmi statistikaya görə - əhalinin 0.000057 faizini təşkil edirlər.

Amma Papa Bakıya gəldi, burada qayət önəmli siyasi mesajlar verdi, xütbəsində bir sıra məsələlərə toxundu və ölkə dinlərarası dialoq, tolerantlıq, müxtəlif dinlərin mənsubları arasındakı münasibətlərdən danışdı. Danışdı və razılığını bildirdi.

Bir zamanlar neft Bakısının mərkəzində 1912-ci ildə memar Ploşkonun rəhbərliyi ilə tikiən, bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi dağıdılan katolik kilsəsinin əvəzinə inşa edilmiş supermodern memarlıq üslublu, kiçik Müqəddəs Məryəm Kilsəsində Tanrının lütfündən və İnsanın səbrindən bəhs edən Papa dedi:

Bakıda ilk Katolik Kilsəsi 1912-ci ildə memar Ploşkonun rəhbərliyi altında inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də dağıdılıb.

"Biz hamımız qardaşıq!"

Roma Papasının Azərbaycana səfəri də elə bu şüar altında baş tutdu. Pontifik əmindir ki, bütün insanlar eyni ailəyə aiddir və birlik, dostluq şəraitində yaşamalıdır. "Biz hamımız qardaşıq" şüarı İncildən götürülüb və Katolik Kilsəsinin təlimini əks etdirir. Pontifikin apostol səfərinin loqosunda isə Azərbaycanı "Odlar Yurdu" kimi təmsil edən alov dilimləri əks olunub. Loqoda milli bayrağımızın rəngləri təsvir edilib. Buradakı çarmıx qədim dövrlərdən bu torpaqda mövcud olan xristian adət-ənənələrinin rəmzi, sarı rəng Müqəddəs Taxt-Tac və Katolik Kilsəsini göstərir. Eyni zamanda, alov dilimləri şüalar çıxan ürəyə bənzədilir, bu da Katolik Kilsəsinin bu il ərzində qeyd etdiyi Mərhəmət İlinin rəmzidir.

Maraqlı loqodur, çünki Vatikanla Azərbaycan arasındakı münasibətlər də məntiq, sayğı, mərhəmət və şəfqət anlamları üzərində qurulub.

Vatikanla Bakı arasındakı sıx körpü

Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurlu inkişafdadır. Dörd il əvvəl Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Vatikanla Bakı arasında əlaqələr, eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir. Keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı oldu. Bu gözəl hadisə bir daha onu göstərir ki, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır.

Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev deyib: "Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıb. Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür".

Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik. Azərbaycan reallıqları ilə tanış olan bütün xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların arasında "Bakı prosesi" artıq dünyada böyük şöhrət qazanıb. "Bakı prosesi" 2008-ci ildə başlanıb. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına müsəlman ölkələrinin mədəniyyət nazirləri dəvət olundu. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı və bu əlaqəni məhz Azərbaycan reallaşdırdı. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasından nazirləri dəvət olundu. Beləliklə, bu prosesə "Bakı prosesi" adı verildi. Bu gün ölkəmizdə "Bakı prosesi" çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir. Onların içində Dünya Dini Liderlərinin Zirvə görüşünü qeyd etmək olar.

Bir neçə gün əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu və bu forumun əsas mövzularında biri multikulturalizmdir. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Onu da unutmayaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub, qədim freskalar əvvəlki möhtəşəm görkəminə qayıdıb. Bir neçə il davam edən kompleks bərpa işlərinin nəticələri fevralın 23-də Papanın Mədəniyyət Şurasının iqamətgahında təqdim edilib. Bu qədim şedevrlərin bərpası üçün xərcləri Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.

Eynri zamanda pontifikin səfərinin "Multikulturalizm ili"ndə baş tutması ondan xəbər verir ki, Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir.

Bumeranqın qarşısına çıxan məntiq

Roma Papası 2-ci İohann Pavelin 13 il əvvəl Bakıya gəlişini və burada dediyi sözləri unutmamışıq.

Dünyanın ən nüfuzlu din xadimi tarixdə ilk dəfə idi ki, Azərbaycana ayaq basmışdı - onu ölkəmizə tolerantlıq mühiti gətirmişdi.

2-ci İohann Pavel gəldi, ölkədəki durumu gördü və bu sözləri dedi: "Azərbaycan üç müxtəlif dinin dinc yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir". Vatikanın nə II İohann Paveldən əvvəlki, nə də ondan sonrakı rəhbərinin hər hansı başqa ölkədəki tolerantlığa bu cür yüksək qiymət verməsinə çətin ki, tarixdə ikinci bir nümunə tapmaq mümkün olsun.

Heydər Əliyev hələ hakimiyyətə qayıtdığı ilk aylarda, 1993-cü ilin sentyabrında Məhəmməd Peyğəmbərin mövludu münasibətilə Təzəpir məscidində keçirilən mərasimdəki çıxışında bəyan etmişdi ki, Azərbaycan dövləti bundan sonra hər bir insanın öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanlar yaradacaq.

Heydər Əliyev məscidlərin, dini-mədəniyyət abidələrinin bərpasını dəstəkləyir və buna şəxsən yardım edirdi. Bibiheybət və Təzəpir məscidləri, Mirmöhsün Ağa ziyarətgahı bilavasitə onun himayəsi ilə bərpa olundu. Təkcə məscidlər deyil, kilsələr və sinaqoqlar da diqqətdən kənarda qalmırdı.

Artıq dünyada çoxları etiraf edir ki, bu tolerantlıq və dinlərarası dialoq Heydər Əliyevin məqsədyönlü, ədalətli siyasəti sayəsində bərqərar olub. Bu siyasət Azərbaycan cəmiyyətinə sabitlik, əmin-amanlıq bəxş etməklə yanaşı, dünya üçün də bir nümunədir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev bu siyasəti davam etdirməklə yanaşı, inkişaf etdirir, genişləndirir, tarixən tolerantlıq, etnik-dini dözümlülük ənənələri ilə fərqlənən ölkəmizdə hətta tariximzin qərəzli təftişçilərinə belə milli-dini zəmində ciddi ixtilaf, yaxud qarşıdurma faktı tapa bilməyəcəkləri bir situasiyanın yaranmasını və bərqərar olmasının təminatçısı kimi tanınır.

Ölkəmizdə mükəmməl multikultural mühit, Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi misilsiz töhfələr məhz İlham Əliyev siyasətinin nəticələri sayıla bilər və bu, Azərbaycan reallığıdır ki, ölkədəki multikulturalizm bir model olaraq dünya müstəvisinə çıxıb.

Çox ölkələr müsəlmanların, xristianların, yəhudilərin qardaş təki yaşadıqları Azərbaycanda buna necə nail olmağımızla maraqlanırlar.

Və əgər son illərədək dini dözümlülük, normal birgəyaşam modeli qismində İsveç, Kanada, Yeni Zelandiya, Avstraliya və s. ölkələr nümunə qismində göstərilirdisə, indi artıq 11 ölkənin universitetlərində "Azərbaycan multikulturalizmi" bir fənn kimi tədris olunur, Roma Papası Azərbaycandakı vəziyyəti "bütün ölkələrə örnək olası durum" təki dəyərləndirir.

Ekstremizm və terrorçuluğa yox deməklə cəmiyyətimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir veririk. Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olur. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır və bunu uğurla gerçəkləşdirir.

Bu, siyasətimizin təməl prinsipi, dövlət modelimizdir

Qərbdə İslam düşmənçiliyinin genişləndiyi, müsəlmanları hədəfə almağı siyasi dividentlər əldə etməyin rahat yolu hesab edənlərin sayının artdığı, hətta Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsinin və müsəlmanların aşağılanmasının "söz azadlığı" sayıldığı bir şəraitdə belə idiotizmə "tolerant, dözümlü, demokrat" Qərb təpki vermir.  Əksinə, müsəlman aləmində qəzəb və hiddət doğuran bu olaylar söz azadlığı ilə fikir sərbəstliyinin az qala ən ali forması kimi təqdim olunur, dəstəklənir, təriflənir.

Quran yandırılır - "demokrat" siyasətçilər susurlar. Məscidlərə donuz kəlləri atılır - "azad" Qərb mediası bunu sıradan olay kimi dəyərləndirir. Almaniya, Avstriya, İtaliya, Fransa, Norveç, İsveçrədə küçələrə çıxan minlərlə radikal millətçi və şovinist "Rədd olsun İslam!" hayqırır - AŞPA-dan tutmuş, Ağ Evədək susqunluqdur.

Xalqlar və dinlər arasında düşmənçilik toxumlarının səpildiyi, səmavi dinlərin mənsubları arasında dərin uçurumun yaradılmasına yönəlmiş hərəkətlərin sayının artdığı şəraitdə Qərb - nə yazıqlar - hələ də dərk etmir ki, belə absurd, təhlükəli və yanlış siyasət bumeranq effekti yaradır.

Yanlış siyasət bumeranq effekti yaradır. Bu gün qarşısıalınmaz miqrant problemi, xüsusən terrorizm Qərbin başı üzərində domokl qılıncı kimi asılıb. Parisdəki, Belçikadakı dəhşətli terror hadisəsindən sonra insanlar xof və vahimə içərisində yaşayırlar. Qərblilər Misirə, Tunisə getməyə qorxurlar. Amerikada qaradərili insanların rasizmə qarşı kütləvi iğtişaşlarla nəticələnən etiraz aksiyaları baş qaldırır. Terror hadisələrini təhlil etsək, görərik ki, onların böyük əksəriyyəti məhz etnik-dini ayrı-seçkilikdən, ksenofobiya və islamofobiya kimi qeyri-bəşəri amillərdən qidalanır.

Bu səbəbdən də Roma Papası 1-ci Fransiskin Bakıda söylədiyi "İman edənlərə şərəfə olsun!" kəlmələri xüsusi aktuallıq kəsb edir. Cəmi 570 katolikin yaşadığı Azərbaycana səfər edən pontifik, əslində, bu viziti ilə Vatikanın Bakıya verdiyi önəmi, dəyəri vurğuladı və bütün Qərbə mesaj verildi ki, dünya katoliklərinin lideri Azərbaycandakı situasiyaya xüsusi dəyər verir.

Gerçəkdən də, Azərbaycan sülhə, dinlər arasında dialoqa, insanın haqqına və hüququna, dövlətlərarası münasibətlərdəki bərabərlik, qarşılıqlı sayğı prinsiplərinə əsaslanır. Bu, haqqa imandır.

Belə imansa şərəfdir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR