Boyun ağrılarından necə qurtulmalı? - OFİS İŞÇİLƏR ÜÇÜN TÖVSİYƏLƏR

Boyun ağrılarından necə qurtulmalı? - OFİS İŞÇİLƏR ÜÇÜN TÖVSİYƏLƏR
13:24 3 Oktyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Son zamanlar hər kəsin ən çox şikayət etdiyi məsələ baş, boyun və bel ağrılarıdır. Nəzərə alsaq ki, bir çoxumuz ofis şəraitində çalışırıq və günümüzün əksər hissəsini kompüter qarşısında keçiririk, bu ağrılar əlbəttə ki, qaçılmazdır. Bəs bu problemdən çıxış yolu nədir? Ağrıları necə azaltmaq olar?
 
Həkim travmatoloq-ortoped Sənan Aşırov deyir ki, uzun müddət oturduğumuz zaman əzələ bağ sistemi yumşalır və zəifləyir: "Günümüzdə oturaq şəraitdə iş rejimi artıq həddindən artıq çoxalıb. Bu da bir çox ortopedik xəstəliklərin artmasına gətirib çıxarır. İnsanı gəzdirən, oturdan əsas səbəblər əzələlərdir. Biz uzun müddət oturarkən əzələ bağ sistemi yumşalır və zəifləyir. Buna görə də bütün yük onurğamıza düşür və uzun müddət oturan insanlarda əyri oturmaq vərdişi əmələ gəlir".
 
Həkimin sözlərinə görə, uzun müddət oturaq həyat tərzi keçirən insanlarda qan dövranı pozulur ki, bu da bir çox fəsadlara gətirib çıxarır: "Uzun müddət oturaq həyat tərzi keçirən adamlarda nələr ola bilər? Qan dövranı pozulur, qan dövranının pozulmasına görə ağrılar baş verir. Oturaq həyat keçirən insanlarda aşağı ətraflar şişir, tromblaşma əmələ gəlir, sonunda ən qorxulu fəsadı budur - qan dövranının pozğunluğu və trombun əmələ gəlməsi. İnsan zəiflədiyi üçün müəyyən bir əyilmə hərəkətləri edir, onurğa yüklənir, onurğa yükləndikcə də fəqərələrarası disklər sıxılmağa başlayır. Disk yırtıqları əmələ gəlir, bu da ağır nəticələrdən biridir. Beyin-qan dövranı pozulur. Baş ağrıları ayrı-ayrı orqanları götürsək, hərəsinin özünə aid fəsadları olur. Beyin-qan dövranı pozulur, insanın yaddaşının zəifləməsindən tutmuş əsəb sisteminin artmasına kimi gətirib çıxarır. Boyun ağrıyır, uzun müddət boyun əzələləri zəif olanda disk yırtıqları əmələ gətirir".
 
Sənan Aşırov deyir ki, uzun müddət oturan adamlarda belə fikirlər formalaşır ki, korset taxdıqları zaman beldəki əyrilik və ağrılar düzələcək. Bunun yanlış olduğunu deyən həkimin sözlərinə görə, mütləq şəkildə idman etmək lazımdır: "Çünki uzun müddət korset taxıb oturan adamlarda korset sonunda əzələ-bağ sistemini yenə zəiflədir. Bu da bizə ziyan verir. O baxımdan korset taxmağı qəti məsləhət görmürəm. Əsas böyük məsləhət idman etməkdir. İdmanların da formaları var, bel əzələləri üçün başqa tip, idman ayaq əzələləri üçün başqa tip idman növləri. Son olaraq bir vəziyyətdə uzun müddət qalmasınlar. Oturdularsa, tez-tez hərəkət etmələri lazımdır. Ən azı 15-20 dəqiqədən bir durub 15-20 metr gəzib müəyyən gimnastik hərəkətlər edib yenə oturmaq lazımdır. 15-20 dəqiqə, yarım saat arasında, ondan artıq oturduqca artıq əzələlər daha çox yumşalır və getdikcə yük bədənin başqa bir yerlərinə düşür. Əsas məqsəd, əsas məsələ əzələlərin bərkidilməsidir. Məsələn, oturub boyun hərəkətləri 30 dəqiqədən bir 10 dəfə sağa, sola, arxaya, önə doğru hərəkətlər etsin. Boyun əzələləri qıcıqlansın. Ən azı yerindən iki dəfə qalxıb oturmaq. Bu hərəkətlər əzələləri qıcıqlandırır və qan dövranını hərəkət etdirir".
 
Müsahibimiz deyir ki, stol arxasında düzgün oturmamaq da onurğada əyriliyə və bəzi ağrılara gətirib çıxarır. Onun sözlərinə görə, bədənlə stol arasındakı məsafə 45 dərəcədən az olmamalıdır: "Minimal 70-90 dərəcə arasında olmalıdır ki, insanın əzələləri zəifləməsin. Mənim oturduğum bu an üçün 90 dərəcədir. 70 dərəcəyə qədər bir icazə var. 70-dən önə gələrsə, artıq bu əzələlərin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Bir əzələnin müəyyən yüklənməsi və ondan artıq yükünü itirir və başlayır əyilməyə. Bütün yük onda artıq onurğanın üzərinə düşür. Ona görə də stola perpendikulyar olaraq 90 dərəcədən 70 dərəcəyə qədər bir əyilmə icazəsi var. Bundan artıq əyilərlərsə, əzələləri yükə düşmüş olar. Əzələləri daim işlətmək lazımdır. Hər bir əzələnin yük götürmə qabiliyyəti var. Birinin 1 kq, birinin 5, birinin 10 kq. O yükdən artıq çəki verəndə o əzələ zədələnir. Bizim onurğa əzələlərimiz hər bir insan üçün fərqlidir. Tutaq ki, mənim onurğa əzələm 10 kq çəki üçün yükü götürə bilir. Mən uzun müddət 10 kq-dan artıq ona çəki verəndə, artıq başlayır əzələlər zədələnməyə. Məsələn, deyirlər məni qulunc tutdu. O qulunc deyil, artıq o əzələ soyuqlayır xəstələnir. Xəstələndiyi üçün, artıq o gücü daşıya bilməyəcəyi üçün xırt-xırt səsləri eşidirik. Onda artıq əzələlərin sərt hərəkətidir".
 
Həkimin sözlərinə görə, otaqda temperatur düzgün olmayanda da əzələlər soyuqlayır və nəticədə baş-boyun ağrıları şiddətlənir: "Oturursunuz uzun müddət, tutaq ki, insanın bir tərəfindən kondisioner vurur. Otağın temperaturu 27-30 dərəcə, bir tərəfdən sənə 17-18 dərəcə soyuq vurur. Davamlı o əzələyə vurduğu üçün insan necə qrip olur, soyuqlayırsa,  əzələ də onun kimi xəstələnir. Ona görə də həmin tərəfə başlayır ağrı verməyə, əzələ də işləmədikcə həmin ətrafdakı bütün sinirlər damarlar düzgün işləmir. İşləmədikcə də, hər bir formada ağrı verir".
 
Sənan Aşırov deyir ki, gördüyünüz işdən asılı olmayaraq, eyni işi uzun müddət görmək lazım deyil. 30 dəqiqə işlədinsə, mütləq 5-10 dəqiqə dincəlməlisən. Üzgüçülük  və masaj da boyun-bel ağrıları üçün xeyirlidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR