"Qəbələ" aqressiv, biz isə sərbəst oynayırıq" - Rəşad Sadıqov

"Qəbələ" aqressiv, biz isə sərbəst oynayırıq" -   Rəşad Sadıqov
13:47 3 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Zədə səbəbi ilə "Qəbələ" - "Qarabağ" matçında (2:0) meydana çıxa bilməyən Ağdam klubunun kapitanı Rəşad Sadıqov, oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Komandanın məğlubiyyətini kənardan izləmək necə təsir edir?


- Məğlubiyyəti kənardan izləmək çox çətindir. Ancaq futboldur, qələbələr olduğu kimi məğlubiyyətlər də var. Necə ki qalib gələndə sevinirik, eləcə də məğlubiyyəti həzm etməliyik.

 

- Yoxluğunuz hiss olundu müdafiədə?


- Yoxluğum elə də böyük rol oynamadı. Uşaqlar müdafiənin mərkəzində yoxluğumu hiss etdirmədilər, ancaq oyuna pis başladıq. Rəqib də vəziyyətlərdən uğurlu istifadə edib iki qol vurdu. Uşaqlar nəticəni dəyişdirməyə çox çalışsalar da,  top qapıya girmədi.  


- Nə çatmadı?


- Son zərbə. Ümumiyyətlə, bu il son zərbə ilə bağlı problemimiz var. Bəzi oyunlarda top sanki qapıya girmək istəmir.


- "Qəbələ" daha sanballı görünürdü...


- "Qəbələ" aqressiv oynayır. Bizim isə üslubumuz tam fərqlidir. Biz daha sərbəst və rahat oynayırıq. Deməzdim ki, "Qəbələ" daha üstün oynadı və istəkli idi. Sadəcə, ikinci 45 dəqiqədə uşaqlar gözəl futbol oynadılar. Qol vəziyyətlərindən heç olmasa birindən yararlansaydıq, tam fərqli nəticə olacaqdı.


- "Fiorentina"ya məğlubiyyətin təsiri oldu?


- Olmadı desəm, yalan danışaram. Hesabdan hesaba fərq var. Böyük hesablı məğlubiyyətləri az görməmişik. Amma üzücü amil o idi ki, nəinki 1:5, ümumiyyətlə, uduzmaq heç kimin ağlından keçmirdi. İnamlı getmişdik və qələbə qazanmaq istəyirdik. Biz ora dağıdıcı futbol oynamaq üçün getməmişdik. Hətta ilk 30 dəqiqə göstərdi ki, qələbə ilə də qayıda bilərdik. Bir anda hər şey çevrildi. Üstəlik, azlıqda qalmağımız psixoloji cəhətdən komandaya böyük zərbə oldu.


- Zədən nə qədər ciddidir? Millidən kənarda qala bilərsən?


- İlk yarının sonunda, kənarda cərimə zərbəsi zamanı zədələndim. Durum elə idi ki, əvəzlənə bilmirdim. Çünki başqa variant yox idi. Üstəlik, bir məcburi əvəzləmə olmuşdu. Müayinədən keçdikdə həkimlər problem olduğunu bildirdi. Bu oyunu buraxmalı oldum. 3 gündür məşq etmirəm, həkim nəzarətindəyəm ki. yığmanın oyununa çatım. Ümid edirəm ki, çatdıraram. 


- Son vaxtlar belə bir mənfi hal yaranıb, sanki komanda qol buraxanda ümidini itirir. Bu nədən irəli gəlir?


- Gəncədə hesabda 0:1 geri düşdük, daha sonra 5 dəfə dirəkdən dönən topumuz oldu. 2-3 dənə 100 faizli qol vəziyyətini qaçırdıq.  "Fiorentina" ilə oyunda aydındır ki, hesabda geri düşəndən sonra dəyişiklik etmək çox çətindir. Burada da 0:2 uduzmağımıza baxmayaraq komanda yaxşı oyun göstərdi. Yaratdığımız qol vəziyyətlərinin heç olmasa birindən istifadə etsəydik, tam fərqli nəticə olardı.


- Sosial şəbəkədə belə fikirlər var ki, Rəşad məşqçiliyə başlayandan oynamaq ikinci plana keçib, bununla razısınız?


- Ümumiyyətlə, sosial şəbəkədəki fikirlər haqda mənə sual verməyi düzgün hesab etmirəm. Bu fikirlər mənə maraqlı deyil. Sizin bu cür sualınız varsa, verin.


- Qeyd etdiniz ki, son zərbə çatışmır. Bəlkə, yeni hücumçuya ehtiyac var?


- Özünüz də görürsünüz ki, 3 hücumçumuz var... Nə isə, inşallah yaxşı olar. "Kəpəz"lə oyunda dirəkdən dönən toplar oldu. Halbuki burda ustalıqdan söhbət gedə bilməz. Olur də, birdən görürsən ki, hər şey alınır, ya da əksinə. Fikrimcə, top qapıya daxil olmaq istəmir.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-aqressiv-biz-is-srbst-oynayrqquot-t53042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR