Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məhərrəmlikdə "toy davası” BAŞLADI

Məhərrəmlikdə "toy davası” BAŞLADI

Date: 3 October 2016 14:42

Bu gündən etibarən Məhərrəm ayı başlayıb.

Bu ayın başlanması ilə də Azərbaycanda ənənəvi olaraq "toy edəkmi, etməyəkmi" sualı ətrafında müzakirələrə start verilib.

Milli.Az bildirir kİ, illərdir vahid cavabını tapmayan suallarla bağlı Qafqaz müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı hacı Şahin Həsənli və ilahiyyatçı Elşad Miri modern.az-a açıqlamalarında bir-birinə zidd fikirlər səsləndirib.
 
"Yaxınını itirən toy havasında olmaz"
 
QMİ rəsmisi hacı Şahin deyib ki, Məhərrəm ayında toy, şadlıq mərasimlərinin keçirilməsi qadağa və əmr çərçivəsindən kənarda olan məsələdir:
 
"Bu qəlblə bağlıdır. Bu ay İmam Hüseyn əleyhissəlamın şəhid olduğu aydır Məsumlar tərəfindən bu ayda bizə əzadarlıq və matəm əhval-ruhiyyəsində olmaq tövsiyə olunur. Şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Amma bilirik ki, yaxın adamını itirən bir şəxs bayram etməz.
 
Bu əzadarlığı xalqımız əsrlər boyu yaşadır və adətdir ki, Məhərrəm, Səfər aylarında toy edilməyib. Azərbaycanda məzhəbindən asılı olmayaraq hər kəs buna əməl edir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı əmr və qadağaların olması zəruri deyil.
İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna hörmət əlaməti olaraq vacibdir ki, bu iki ayda toy və şadlıq mərasimləri keçirilməsin".
 
"Bu ayda şadlıq edənlər haqq yolunu azıb"
 
Ş.Həsənli insanlar arasında yayılan "Məhərrəm ayında toy etsəm, xoşbəxt olmaram" kimi fikirlərə də münasibət bildirib:
 
"Hədislərdə qeyd olunur ki, Aşura günü sevinən, şadlıq edən şəxslər həqiqət yolunda olmayanlardır. İmam Hüseyn və Kərbəla şəhidlərinin düşmənləri onların qətlindən sonra bayram etdilər. Ona görə də bəşər tarixində misli görünməmiş faciənin baş verməsi zamanı şadlıq mərasimi keçirmək düzgün deyil və insanların burada ehtiyat etməsi təbiidir".
 
"İstəyən Məhərrəm ayında toy etsin"
 
İlahiyyatçı Elşad Miri isə hacı Şahinin əksinə olaraq bu ayda toy keçirilməməsinə qarşı çıxıb:
 
""20 Yanvar" da bizim çox sayda insanımız qətlə yetirilib və şəhid olub. Həmin gün ölkəmizdə hüzn kimi qeyd olunur. Əgər bütövlükdə yanvar ayında toy keçirilirsə, Məhərrəm ayında nədən keçirilməsin?!
 
Bundan başqa Məhəmməd peyğəmbərimizdən əvvəl Zəkəriyyə peyğəmbər, Yəhya peyğəmbərlər olub. Allah onların öz xalqı tərəfindən qətlə yetirildiyini bildirir.
O zaman sual edirəm: Məhəmməd peyğəmbərin Zəkəriyyə peyğəmbərin öldürülməsilə bağlı bircə dənə əmr, göstəriş, xahişi, tövsiyəsi varmı? Xeyr, yoxdur. İslam dini 632-ci ildə Peyğəmbərin vəfat etməsi ilə Allahın insanlara göndərdiyi elçilik missiyası, Qurani-Kərim tamamlanıb. Bundan sonra gələnlər sadəcə tarixdir. İstəyən toyunu etsin, istəməyən etməsin. Edənə də, etməyənə də hörmətlə yanaşmaq lazımdır. Bu hansısa dini vacibatdan irəli gəlmir".
 
"Bunlar sadəcə uydurmalardır"
 
E.Miri deyib ki, Məhərrəm ayında insanların toy etməkdən çəkinməsini doğru saymır.
 
"Qorxulması gərəkən şey insanlara zərər verməkdir. Çünki, İslamda da belə şeylər yoxdur. Filan günü filan şey etmək olmaz, toy etmək olmaz, filan gün yola çıxsan ayağına tikan batacaq və s. Bu, bürclər, fallarla məşğul olanların uydurması və sadəcə əsası olmadan ortaya atılan iddialardır".

Milli.Az


Tags:  Məhərrəmlikdə toy davası BAŞLADI

RƏYLƏR


Top news