"Report": Azərbaycanda dövlət investisiyalarının azalması manat kütləsini daraldacaq

"Report": Azərbaycanda dövlət investisiyalarının azalması manat kütləsini daraldacaq
15:47 3 Oktyabr 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinin təhlili bir neçə istiqamətdə makroiqtisadi dəyişikliklərin olacağını göstərir. 
"Report"un analitik qrupu qeyd edir ki, əsas diqqət çəkən məqam gömrük daxilolmaları üzrə 390 mln. manat və ya 21,5%-lik artımla bağlıdır: "Bu onu göstərir ki, gələn il gömrük vergi və rüsumlarında, özəlliklə idxal olunan mallara ƏDV-də artım gözlənilir. Gömrük daxiolmalarının artımı rüsumların artırılması ilə bərabər dolların manatla müqayisədə bir qədər möhkəmlənəcəyi ilə də izah edilə bilər. Dolların möhkəmlənməsi xarici valyutada ödənilən vergi və rüsumların manat ifadəsində artmasına gətirib çıxarır. Gömrük vergi və rüsumlarının artırılmasına səbəb həmçinin idxalın müəyyən səviyyədə məhdudlaşdırılması məqsədi daşıyır. Belə ki, bu il sentyabrın 1-nə Azərbaycana idxalın həcmi 5,54 mlrd. ABŞ dolları təşkil edib. Bu da təxminən ilin sonuna qədər idxal əməliyyatlarının həcminin 8 mlrd. dolları ötəcəyini göstərir. Unutmayaq ki, ilin son 4 ayı iqtisadi fəallığı ilə seçilir".
Digər önəmli amil dövlət əsaslı vəsait qoyuluşlarının 38% azalması ilə bağlıdır. Belə ki, dövlət əsaslı vəsait qoyuluşlarının 2017-ci ildə 1,14 mlrd. manat azalaraq 1,86 mlrd. manata enməsi nəzərdə tutulub, bu isə manat kütləsinin azalmasına gətirib çıxaracaq. Nəticədə, vergi daxilolmalarının azalması gözlənilir. Lakin layihədə vergi daxiolmalarının 200 mln. manat və ya 2,9% artması proqnozlaşdırılıb. Artıma səbəb kimi inflyasiyanın sürətlənməsi fonunda toplanan vergilərin həcminin çoxalması ehtimal edilir.
"Report"un analitik qrupu hesab edir ki, büdcə layihəsində diqqəti cəlb edən bu iki amil 2017-ci ildə manatın məzənnəsinin 10%-dək ucuzlaşması və təxminən orta hesabla 1,80 AZN/USD olması mənasını daşıyır: "Təbii ki, bu, qlobal maliyyə və əmtəə bazarlarında cari vəziyyətdə mümkün ola biləcək. Yəni, neftin qiymətinin 40 dollar/barel ətrafında olması və dolların dünya valyuta bazarında digər valyutalarla müqayisədə önəmli dərəcədə möhkəmlənməməsi durumunda keçərli olacaq. Lakin 2017-ci ildə dolların məzənnəsinin daha ciddi şəkildə möhkəmlənəcəyini gözləyirik. Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələr - Rusiya və Türkiyənin milli valyutaları devalvasiyaya məruz qalacaq ki, bunun da təsiri Azərbaycan manatına mənfi təsir göstərəcək. Belə ki, 2017-ci ildə türk lirəsinin dollarla müqayisədə 15% ucuzlaşaraq 3,45 TRY/USD, rublun isə 20% ucuzlaşaraq 75 RUB/USD-yə çatacağı proqnozlaşdırılır. Belə olduğu halda, Azərbaycanda dolların məzənnəsinin 2,00 AZN/USD-yə çatacağı istisna edilmir".

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/report-azerbaycanda-dovlet-investisiyalarinin-azalmasi-manat-kutlesini-daraldacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR