Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmış hissələri bərpa olunur FOTO / VİDEO

Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmış hissələri bərpa olunur FOTO / VİDEO
17:52 3 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı-Quba-Rusiya ilə dövlət sərhəddi avtomobil yolunun dağılmış hissələrinin bərpa edilməsinə başlanılıb.
Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 
xatırladaq ki, yolun 132 km-lik Bakı-Gəndob hissəsinin inşası zamanı podratçıların işinə zəif nəzarət edildiyindən konstruktiv səhvlərə yol verilib, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sistemi normal tikilməyib, bəzi hissələrdə isə ümumiyyətlə olmayıb. Həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar və dağılmış hissələr yaranıb. Bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarıb. Buna görə də “Azəravtoyol” rəhbərliyi təxirəsalmaz və komples tədbirlərə start verib.
Bir müddət bundan öncə Gəndob kəndindən başlayaraq Şabran rayonunun girişində yerləşən avtomobil körpüsünə qədər olan 11 km-lik və Siyəzən rayonunun Zarat kəndi ərazisində 5 km-lik deformasiyaya uğramış hissələrdə bərpa işləri aparılıb, yol yatağının yararsız qruntu qazılaraq çıxarılmış yenidən karbonat materialı tökülərək kipləşdirilib, daha sonra yeni yol əsası inşa edilərək yeni asfalt-beton örtük döşənib. Nəticədə sözügedən ərazilərdə bundan öncə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb.
Hal-hazırda isə sözügedən avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri aparılır.
Təmir-bərpa işləri Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər 3 km-lik məsafədə aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı karbonat materialı tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır. Səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sisteminin də inşası aparılıb.
Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton töküləcək.
Bütün işlər “Azəravtoyol”un rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin sınaq laboratoriyalarının əməkdaşlarının xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-quba-rusiya-avtomobil-yolunun-dagilmis-hisseleri-berpa-olunur-foto-vi-deo1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR