Papa Azərbaycan həqiqətlərini dünyaya çatdırdı

Papa Azərbaycan həqiqətlərini dünyaya çatdırdı
07:22 4 Oktyabr 2016
342 Ölkə
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransiskin Azərbaycana səfəri çox mühüm hadisə idi. Çünki Roma Papası, demək olar ki, yalnız xristian ölkələrinə səfərlər edir. Amma Azərbaycana isə artıq ikinci dəfədir ki, gəlir. Bilirsiz ki, Avropa Parlamenti və bəzi ölkələrin parlamentləri, xüsusilə erməni lobbisinin təsiri altında olan qüvvələr, eləcə də Azərbaycanda dini ekstremizmlə məşğul olanlar və onların müdafiəçiləri, həmçinin Milli Şura, Əli Kərimli və sairlər "Azərbaycanda dini dözümsüzlük var" adı altında müxtəlif bəyanatlar, mənfi fikirlər yayırlar. Roma Papasının səfərləri isə dünya ictimaiyyətinə Azərbaycan haqqında geniş məlumatlar verir, ölkəmizdə olan tolerantlığı, dinlərə münasibəti göstərir. Bu dəfə də Roma Papası Azərbaycan həqiqətlərini dünyaya çatdırdı.

Bunu Milli.Az-a açıqlamasında Yeni Azərbaycan Partyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin fikrincə, Roma Papası Bakıda dünya ictimaiyyətinə ünvanlanmış mühüm mesajlar səsləndirib: "Bu gün bütün dünya ölkələrinin KİV-lərində prezident İlham Əliyevin Azərbaycanda din, tolerantlıq, multikulturalizmlə bağlı dediyi sözlər, Roma Papasının isə Bakıya səfəri, Azərbaycan, onun inkişafı, humanitar aksiyalar haqqında, o cümlədən dinlərə qarşılıqlı hörmətin olması ilə bağlı, ümumilikdə Azərbaycan xalqı haqqında fikirləri yer alıb.

Prezident İlham Əliyev: "Roma Papasının Azərbaycana səfəri tarixidir" - FOTO



Bunun nəticəsində 1 milyarddan çox insana Azərbaycan barədə, onun inkişafı, ölkədə ictimai-siyasi sabitlik, xalqın yüksək mədəniyyətə malik olması, bütün dinlərə hər cür şəraitin yaradılması ilə bağlı geniş informasiyalar çatdırıldı. Hesab edirəm ki, bu, çox böyük uğurdur. Xüsusilə də, Heydər Əliyev Fondu tərəfindən Vatikanda aparılan işlərin bir daha sadalanması və onların yüksək qiymətləndirilməsi çox vacibdir. Çünki bir sıra insanlar bununla bağlı mənfi fikirdə idilər. Lakin Roma Papasının birbaşa öz minnətdarlığını bildirməsi, Azərbaycanın ilk müsəlman dövləti olaraq Vatikanda sərgi keçirməsini deməsi və s. çox böyük hadisələrdir. Fikrimcə, bunlar dünya ictimaiyyəti üçün verilən vacib mesajlar idi".

S.Novruzovun qənaətincə, Roma Papasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi də olsa, bildirdiyi fikirlər az əhəmiyyət daşımır: "Roma Papasının bununla bağlı əsas fikri ondan ibarətdir ki, tərəflərin hər ikisi bu məsələnin həllindən razı qalmalıdır. Təbii ki, bizim razılığımız odur ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bunu prezident İlham Əliyev də qeyd elədi və bildirdi ki, Azərbaycanda erməni kilsəsi təmir olunub, kitabxanaya çevrilib, amma Ermənistanda bir dənə də olsun məscid qalmayıb, qəbristanlıqlar isə dağıdılıb, hamısı yerlə-yeksan olunub. Bundan əlavə, Azərbaycanın mədəni abidələri, kitabxanaları, muzeyləri talan olunub və bu məsələlərlə əlaqədar Azərbaycan xalqına milyardlarla ziyan dəyib. Amma Azərbaycanda 30 mindən artıq erməni əsilli insan yaşayır və Azərbaycan vətəndaşı olaraq digərlərindən fərqlənmirlər və eyni hüquqlardan istifadə edirlər. Budur əsl tolerantlıq. Biz bununla sübut edirik ki, gələcəkdə Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra da orada yaşayan erməni vətəndaşlar digərlərindən fərqlənməyəcək və eyni hüquqlara malik olacaqlar. Bu baxımdan biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə, Dağlıq Qarabağa ən yüksək statusun verilməsinə tərəfdarıq".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR