Terror edən kim, terrorçuluqda suçlanan kim?

Terror edən kim, terrorçuluqda suçlanan kim?
10:17 4 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

İslamofob mərkəzlərin fəaliyyətləri pik nöqtəyə çatıb, "effekt" verməyə başlayıb. İndi "islam" və "müsəlmançılıq"la bağlı fikir söyləmək istəyən avropalının təfəkküründə ilk öncə "terrorizm", "radikalizm", "dağıdıcılıq", "cəhalət" kimi epitetlər assosiasiya olunur. Bu yanaşma təsadüfən formalaşmayıb. On illərdir ki, Qərb mediası islamofob mərkəzlərin təsiri altında bu yöndə təbliğat aparıb, xəbər gündəmini bu ittihamlara köklənmiş məlumatlarla "zənginləşdirib", ictimai rəyi bu istiqamətə yönəldib. "İslamın Qərb cəmiyyəti üçün təhlükə mənbəyi olduğunu" düşünüb müsəlmanlara qarşı aqressiya və dözümsüzlük sərgiləyənlər, mövqelərini əsaslandırmaq üçün islam dünyagörüşü və ənənələri haqqında təsəvvürlərin təhrif edilməsinə, islamın radikal cərəyan və qruplaşmalarla əlaqələndirilməsinə çalışıblar, antiislam kampaniyalar aparıblar. Qlobal informasiya bazarına nəzarət imkanları olan iri media korporasiyalarını öz kampaniyalarına aktiv şəkildə qatmaqla məqsədlərinə nail də olublar. İndi statistik qərblinin şuarı budur: "Müsəlman yoxdur, terrorizm də yoxdur". Qərb islamofob dairələrə bağlı transmilli KİV-lərin antiislam təbliğatı o qədər vüsət alıb ki, nəinki müsəlman dünyasında, hətta normal analiz imkanları olan Qərb təşkilatlarının özlərində də narahatlıq doğurub. Nüfuzlu analitik mərkəz kimi tanınan "Global research"ün araşdırmalarına görə, Qərb mediasında terrorla bağlı materialların 98 faizi sonda islam faktoru ilə əlaqələndirilir, terror aktlarının səbəbi kimi islam düşüncəsi göstərilir. Əlbəttə, təşkilat təmsilçiləri dərhal da qeyd edirlər ki, bu yanaşmanın reallıqla heç bir əlaqəsi yoxdur. Sübut kimi ABŞ  Federal Təhqiqatlar Bürosunun 1980-2015-ci illər arasında ABŞ-da törədilən terror hadisələri ilə bağlı araşdırmasına istinad edirlər. Bildirirlər ki, bu dövrdə superdövlətdə törədilən qanlı hadisələrin yalnız 2,5%-i müsəlman mənşəli şəxslər və ya qruplaşmalarla bağlı olub. Açıqlanan statistikaya görə, hesabatın əhatə etdiyi dövrdə ABŞ-da irili-xırdalı 2400 terror hadisəsi qeydə alınıb ki, bunlardan da yalnız 60-ı müsəlmanların payına düşür. Qalan 2340 aksiya digər dinlərin daşıyıcılarına aiddir.

Araşdırmalara görə, bənzər situasiya Avropada da qüvvədədir. Bəlli dönəmdə Avropada törədilən terror aksiyalarının cəmi 4 faizi müsəlman mənşəlilərə aid edilir. Digər 94 faiz olayların səbəbkarı fərqli dinlərin, o cümlədən xristian inanclılardır. Amma bütün bunlara baxmayaraq, baş verənlər KİV səhifələrində fərqli formada təqdim edilir, məqalələrin 98 faizində müsəlmanlar günahkar bilinirlər.

Paradoksal durum təkcə ənənəvi KİV-ləri əhatə etmir. İslamofob dairələr ənənəvi KİV-lərlə yanaşı, onlayn resursları, sosial şəbəkələri də bənzər tezislərlə dolduraraq bu müstəvini də antiislam məkana çevirməyi bacarıblar.
Rusiyalı tədqiqatçılar 2011-ci il üzrə "google.ru" axtarış sistemində təhlillər apararaq maraqlı nəticəyə gəliblər. Məlum olub ki, bu axtarış sistemi üzrə 1 ildə "islam" sözünə aid təqribən 17 milyon 400 min istinad təqdim edilib. Həmin statistikanın 1 milyon 800 mini "islam terroru" üzrə fokuslaşdırılıb. 44 min 200 min istinad "qorxulu islam"ı, 3 milyon 120 min istinad "islam ekstremizmi"ni, 8 milyon 900 min istinad "təhlükəli islam"ı ehtiva edir. "İslamda barış" və ya "islam dostluğu" ifadələri isə bu statistikanın kiçik bir hissəsini, 1.850.000 istinadı əhatə edir.

Əlbəttə, onlayn resurslarda islamı öyən, mahiyyətini dəqiqliklə çatdıran yazılar da az deyil. Amma bu yazıların əksəriyyəti müsəlman xalqların dillərində, yerli əhalinin oxuya biləcəyi səviyyədədir. Beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış statistikaya əsaslansaq, onlayn resurlslarda indiyədək yerləşdirilmiş materialların, təqribən, 80 faizi ingilis dilində, digər 20 faizi isə fərqli dillərdədir. Axtarışlar, tədqiqatlar da həmən səksən faiz üzərində aparıldığından, həcmi doxsan səkkiz faizə çatan antiislam ruhlu yazıların nə qədər geniş auditoriyada yayıldığı aydınlaşar.

Proseslərin indiki templə davam edəcəyi təqdirdə yaxın gələcəkdə nələrin baş verəcəyini isə təsəvvür etmək çətin deyil. Amma antiislam tənbliğatının durdurulması, ən azı, əks təbliğatla əhəmiyyətsizləşdirilməsi, cavablandırılması mümkündür. Dinimizin gözdən salınmasına yönəlmiş kampaniyanın indiyədək uğurla irəliləməsinin səbəblərindən biri intellektul müqavimətlə üzləşməməsidir.

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirildi. Tədbirdə çıxış edən Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Assosiasiyanın yaradılması məqsədlərinə toxunarkən bildirdi ki, görüləcək işlərdən biri də antiislam təbliğatının qarşısının alınmasıdır: "Barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən islam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz. İslam ölkələri arasında iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, islam həmrəyliyinin güclənməsinə və xalqlarımızın mənafelərinin qorunması işinə töhfələr verilməsinə ehtiyac var. İƏT tərkibində yeni-yeni yaranan bu təşkilat ölkələrimizi narahat edən mürəkkəb qlobal və geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq, müşahidə olunan təhdid və təzyiqlərə qarşı vahid mövqe formalaşdırmaq üçün olduqca vacib platformadır".

Müşfiq Ələsgərli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/475815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR