Hüquqşünasların yeni beynəlxalq təşkilatı yaradıldı – FOTOLAR

Hüquqşünasların yeni beynəlxalq təşkilatı yaradıldı – FOTOLAR
11:13 4 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın beynəlxalq iclası işə başlayıb.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə Assosiasiyanın qeydiyyatı ilə əlaqədar məlumat, Assosiasiyanın gələcək iş proqramının müzakirəsi və cari məsələlər daxildir.

Tədbiri giriş sözü ilə açan Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov bildirib ki, sözügedən iclasın Bakıda keçirilməsi, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın yaradılması təşəbbüsü Bolqarıstanda irəli sürülüb.

“Bolqarıstanda keçirilən kitabımın təqdimatı zamanı belə bir ideya ortaya atıldı və təşəbbüs irəli sürüldü. Daha sonra bu Assosiasiya Bolqarıstanda təsis olundu. Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının baş ofisi də məhz Bolqarıstanda yerləşəcək. Ancaq bu Assosiasiyanın qapıları bütün ölkələrə açıqdır”.

İ.Rəhimov qeyd edib ki, bu gün keçirilən tədbirdə Qaradəniz və Xəzər dənizi regionu ölkələrinin tanınmış hüquqşünasları iştirak edirlər:

“Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yaranmasına səbəb müxtəlif ölkələrdə yaşayan həmyerlilərimizin qarşılaşdığı hüquqi çətinliklərlə bağlıdır. Bu Assosiasiya xarici ölkələrdə yaşayan həmyerlilərimizə hüquqi yardımlar edilməsi üçün fəaliyyət göstərəcək. Eyni zamanda, bu Assosiasiya elmlə məşğul olan insanlara da yardım etməyə hazırdır”.

İ.Rəhimov vurğulayıb ki, bu yaxınlarda Qaradəniz və Xəzər Regionu Ölkələrinin Fondu yaradılıb:

“Bu fond dünyada tanınır və BMT-də qeydiyyatdan keçib. Bu fond çox fəal iş aparır. Fondun sədri isə Çingiz Abdullayevdir. Bu gün Bakıda keçirilən tədbirdə Çingiz Abdullayev də iştirak edir”.

İ.Rəhimov əlavə edib ki, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası yaxın vaxtlarda Bakıda hüquq ədəbiyyatı kitabxanasını açmaq istəyir.

Qaradəniz və Xəzər Regionu Ölkələrinin Fondunun sədri Çingiz Abdullayev isə qeyd edib ki, Bakı Qərblə Şərqin qovşağında yerləşən svilizasiyalararası dünyəvi şəhərdir:

“Mən qonaqları gözəl Bakıda görməkdən çox məmnunam. Hazırda fondumuzun 34 üzvü olan ölkə var. Ancaq hazırda bir sıra ölkələr, o cümlədən Hindistan, Cənubi Afrika Respublikası və digər dövlətlər də fondumuza üzv olmaq istəyirlər. Fondumuzun fəaliyyəti dünyəvidir. Hazırda bir çox ölkələr Fondumuzda birləşməkdə maraqlıdırlar”.

Bolqarıstanın Hüquqşünaslar assosiasiyasının sədri Vladislav Slavov qeyd edib ki, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yaradılması ilə bağlı protokol 16 hüquqşünas tərəfindən imzalanıb:

“Bu hüquqşünaslar Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya və digər ölkələri təmsil edir. Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın protokol sənədləri hələ tam hazır olmasa da, yaxın vaxtlarda bu da yekunlaşacaq. Protokola digər ölkələr də daxil ediləcək”.

Hazırda tədbir çıxışlarla davam edir. Toplantının sonunda yekun sənədin qəbulu gözlənilir.

Vasif Həsənli




Xəbərin orijinal ünvanı: http://publika.az/news/qirmizi/170857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR