“Gəl qaçaq, bizi arxadan güllələsinlər...” - ƏSİR DÜŞƏRGƏSİ – IV HİSSƏ

“Gəl qaçaq, bizi arxadan güllələsinlər...” - ƏSİR DÜŞƏRGƏSİ – IV HİSSƏ
12:39 4 Oktyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

 

Məndən “səadətə toxunmaq, onu sığallamaq, oxşamaq necə olur?” deyə soruşsalar, “bu - bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır”, - deyə cavab verərəm. O beş guşəli, yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk tutmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm. Yəqin elə buna görədir ki, 30 ay ərzində dinlədiyim və yazdığım (dinlədiyim bütün hekayələri yazmamışam) talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu...

 

Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin bu hekayətini yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ithaf edirəm...

 

I hissə, II hissə, III hissə

 

IV hissə

 

Əsirlər qarın, yağışın altında nazik paltarda Cəmilli kəndinin meşəsində ağacları kəsir, daşıyıb polis şöbəsinə gətirir, orada odun yarırdılar. Odunlar hazır olandan sonra həyət təmizlənməli, qablar yuyulmalı idi. Burada o qədər iş var idi ki, girovlar fasiləsiz çalışırdı. Axşam hava qaralanda onları yenə piyada geriyə qaytarırdılar.

 

***

 

23 il sonra Xəqani Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır...

 

- “Fəryad” filminə baxmısınız?

 

- Bəli.

 

- Bax, orada əsirin başına gələnlərin üç faizini göstərə biliblər. Çoxu deməli deyil... İki-üç dəfə qulağımı kəsmək istəyiblər, ermənilərdən biri qoymayıb... Cəbhədə kimin yaxını ölürdü, gəlirdi həbsxanaya. Girib içəri döyür, söyür, hirsini alırdı...

 

- Mülkü şəxslər?

 

- Elə hamısı hərbçi idi... Deyirdilər ki, orada ərzaq ancaq hərbçilərə və onların ailəsinə verilir. Ona görə də döyüşməyən ancaq bir ayağı olmayan, bir qolu olmayan, ya da lap yaşlı adamlar idi. Hamısı döyüşürdü. Açığı, çox aclıq çəkirdilər. Biz tərəfdən atan kimi təlaşa qapılırdılar. Bir az atışma düşən kimi aralarındakı ruslarla bir-birlərini qırırdılar ki, bəs deyirdiniz türklər gəlməyəcək...

 

- Girovlar bir-biri ilə söhbət edirdi?

 

- Şuşa həbsxanasında baş verənlərdən sonra adam nə düşündüyünü heç kimə deyə bilmir... Artıq bir-birimizdən də ehtiyatlanırdıq... Elə uşaqlarımız var idi ki, ancaq qaçmaq həvəsi ilə yaşayır, eləsi də var idi ki, bunu heç ağlına da gətirmirdi...

 

***

 

Günlər bir-birindən uzun, əzablı, ağrılı keçirdi. Nə ölüm gəlirdi, nə də dəyişdiriləcəyi ilə bağlı hər hansı xəbər. Xəqani buradan necəsə xilas olmağın yollarını axtarırdı. Çox düşünəndən sonra qaçmağın ən yaxşı yol olduğunu qərarlaşdırdı. Amma qaçarkən diqqətli olmaq lazım idi. Nə vaxt, necə, hətta kiminlə qaçacağını da elə müəyyən etməliydin ki, hədəfdən yayınmayasan. Ya qaçıb xilas olmalıydın, ya da qaçarkən arxadan vurulub öldürülməliydin. Qaçarkən ələ keçmək istəmirdi. Ehtiyatsızlıq edib yaxalananların başına gətirilən müsibətləri dəhşət içində izləmişdi.

 

Xəqani gecə də, səhər də Şövqinin şəkli ilə söhbət edəndə ona öz xəyallarından söz açırdı:

 

- Ata qurban, əgər bu xarabadan canımı qurtarıb yanına gələ bilsəm, sənə ata yox, böyük qardaş olacağam. Mən ailənin böyük uşağıyam. Həmişə əmilərinə yaxşı qardaş olmuşam. Onlar da mənə yaxşı qardaşlıq ediblər, amma uşaq olublar. Mənim heç vaxt böyük qardaşım olmayıb, sənin qardaşını isə allah sənə çox gördü... Söz verirəm, sağ qalsam, Nicatın yoxluğunu sənə hiss etdirməyəcəyəm...

 

Xəqani gün boyu ətrafındakı əsirləri diqqətlə müşahidə edir, xəyallarını gerçəkləşdirmək üçün özünə yol yoldaşı axtarırdı. Burada kimsə qaçmağı planladığını dilinə gətirmirdi. Heç kim girov yoldaşına güvənmirdi. Uzun müşahidələrdən sonra Xəqani Elmixanı seçdi. Elmixan əsir idi, bir müddət Gorus həbsxanasında saxlanılandan sonra buraya gətirilmişdi. Görkəmindən çox işgəncələrə məruz qaldığı hiss olunurdu. Qabaq dişləri yox idi. Avtomatla ağzından vuranda hamısı sınmışdı. Onunla söhbətdə bircə bunu öyrənə bilmişdi. Məqsədi söhbət əsnasında onun xarakterinə bələd olmaq idi. Davranışı, danışığı, duruşu Xəqanidə güvən aşılayır, ürəyindən keçirirdi ki, Elmixanla yola çıxmaq olar.

 

Artıq yola çıxmaq üçün özünə yol yoldaşı da müəyyən etmişdi. İndi qalmışdı uyğun məqamı seçmək. Hər an qaça bilər deyə Xəqani hər gün işləməyə gələndə döşəyin içində saxladığı məktubları və Şövqinin şəklini cibində gizlədirdi. Onun yeganə və məhrəm əşyası olan bu məktublarla şəklin başqasının əlinə keçməsini istəmirdi.

 

Meşədə də, polis idarəsində də işləyərkən çalışırdı ki, Elmixana yaxın olsun. Nəzarətçilərin boş olduğu məqamı yaxalayan kimi planını ona açıqlasın. Əmin idi, Elmixan onunla gələcək!

 

Yola çıxacağı məqamı gözləyə-gözləyə qışı yola saldı. Qar əridi, bədəni ilə birlikdə ruhunun da donu açıldı. Gün ərzində Nicat üçün nə qədər ağlayır, ölmək istəyirdisə, o qədər də Şövqi üçün yaşamaq istəyirdi. Xəqaninin ürəyində Şövqinin gələcək həyatında ona Nicatı əvəz etmək duyğusu gündən-günə güclənirdi...

 

...Qarabağa yaz gəlmişdi. Təbiət özünün valehedici gözəlliyi, qoxusu ilə girovlara bir neçə kilometr aralıdan həyat axıb getdiyini deyirdi. Evləri günəş qızdırsa da, erməni hərbçiləri hələ də əsirlərə Cəmilli kəndinin meşəsində ağac kəsdirirdi. Quşlar sanki sözləşibmişlər kimi, əsirlər gələn kimi ağaclarda səs-səsə verib cükküldəşir, onlara öz azadlıqlarını nümayiş etdirirdilər.

 

Günəşli yaz səhərinin birində ağacı kəsəndən sonra onu hissələrə ayıran Xəqani nəzarəçilərin maşından uzaqlaşıb, çəməndə uzandığını gördü. Bəlli etmədən, gözlərini onlara zillədi. Xeyli aralıda nəzarətçilər yuxuya getmişdilər. Xəqaninin aylarla gözlədiyi məqam gəlib çatmışdı. Bir bəhanə tapıb sağa-sola keçərək maşının içinə də göz atdı, nəzarətçilər açarı götürməyi unutmuşdular. Hər şey Xəqaninin istədiyi kimi gedirdi. Qalırdı bircə Elmixana bu barədə məlumat vermək.

 

Elmixana yaxınlaşdı. Yerdən bir çöp tapıb, ağzına apardı. Danışığını bəlli etməmək üçün çöpü dişsiz ağzında fırladaraq, maşını göstərib, lap astadan pıçıldadı:

 

- Deyirəm, maşına bax e...

 

Elmixan gözünü yardığı odundan ayırmadan, çiynini çəkdi:

 

- Maşının nəyinə baxacam? Sürə bilirəm ki?

 

Xəqani bir az da astadan pıçıldadı:

 

- Mən sürəcəm...

 

Elmixan ətrafa göz gəzdirib, üzünü Xəqaniyə çevirdi:

 

- Bizim posta nə qədərə çatarıq?

 

- Yolları ovcumun içi kimi tanıyıram. Saatda 200-lə gedəcəyəm, 5 dəqiqəyə buradan çox uzaqda olacağıq.

 

- Burada bəlli etməməyimə baxma, karate ilə məşğul olmuşam. Mənə iki dəqiqə ver, yatanların hərəsinə bir təpik ilişdirim, biz posta çatana qədər özlərinə gəlməsinlər.

 

- Lazım deyil, onsuz da yatıblar. Aranı qatarsan, ələ keçərik. Maşını elə uçurdacağam ki, onlar ayılanda biz uzaqda olacağıq...

 

Balta əllərində maşına tərəf addımlayanda yeniyetmə Bəşir qarşılarında dayanıb, qorxusundan titrəyirdi:

 

- Siz qaçırsınız...

 

- Ə, uşaq-uşaq danışma, kənara çəkil!

 

- Yox, qaçsanız, mən qışqıracağam!

 

Elmixan özündən çıxdı:

 

- Qələt eləyəcəksən! Səni də aparırıq də!

 

- Yox! Mən qaça bilmərəm. Siz aradan çıxacaqsınız, onlar da məni öldürəcək...

 

- Uşaqlıq eləmə, az danış! Sakitcə arxamızca gəl!

 

- Yox, yox!

 

Elmixan əlindəki baltanı hirslə yerə atdı:

 

- Daha bəsdir, sakit ol! Səninlə zarafat eləmək mümkün deyil! Hara qaçasıyıq? Bu cəhənnəmdən kim qaça bilib ki, indiyə qədər?

 

- Doğrudan qaçmırsınız?

 

Xəqani özündən çıxdı:

 

- Nədir, zarafat da edə bilmərik? Elə bütün günü işləməli, döyülməliyik?

 

Bəşirin titrəməsi keçdi, sakitləşib, odun doğramağa qayıtdı. Elmixan yerə atdığı baltanı götürüb, Xəqaniyə döndü:

 

- Gərək birini də bunun ağzının üstsündən ilişdirərdim, iki gün özünə gəlməzdi!

 

- Daha gecdir, indi neyləsək də hay-küy salıb, xəbər verəcək...

 

Nəzarətçilər yuxudan oyananda əsirlər hələ də odun doğrayırdılar...

 

***

 

Yaz ötmüş, yay keçmişdi. Payız mehi onsuz da əzabları bitib-tükənmək bilməyən əsirlərin bədəninə toxunub, tənhalıqlarını bir daha yadına salmaqla məşğul idi. Hər dəfə bu meh elektrik cərəyanı kimi əsirlərin bədənini saranda, onlar qarşıda uzun, sonu gəlməyən, soyuq və məşəqqətli qışın dayandığını xatırlayır, təbiətin bütün fəsillərinin iki adamlıq olduğunu düşünürdülər. Bu yer üzündə tənhalara yer yox idi...

 

Kameradakı əsirlər hamısı tənha idi. Eyni taleyi yaşasalar da, hər an bir tikə çörək üçün xəyanətə məruz qalacaqlarının qorxusundan günü-gündən də tənhalaşırdılar. Xankəndi həbsxanasına gətirilən əsirlər bir müddətdən sonra dəyişdirilir, ya da başqa yerə aparılırdılar. Xəqanini isə artıq dəyişdirilməyə də aparmırdılar, o, buranın daimi sakininə çevrilmişdi. Onu girov kimi də unutmuşdular. Bir döyüləndə, bir də işlədiləndə varlığını yada salırdılar.

 

...Adi günlərdən biri idi. Dörd girov meşədə odun doğrayanda qəzəblə maşından enən erməni hərbçiləri rezin dəyənəklə onların üstünə düşdülər. Bir neçə zərbədən sonra dəyənəyi yerə atdılar:

 

- Baqajdan kabelləri gətir! Dəyənək bunlar üçün çox yumşaqdır! Hamısını ölənə qədər döymək lazımdır ki, ayaqları qırılsın, kənara addım ata bilməsinlər!

 

Girovların bədənini kəsik-kəsik edən kabellər havada oynadıqca erməni hərbçiləri qəzəblə bağırırdılar:

 

- Türklərin üzünə çox xoş baxmışıq, qudurublar! Gör bunlar nə qədər qudurublar ki, üçü birləşib iki hərbçimizi öldürüb, qaçır! İndi o əsgərlərimizin heyfini hamınızdan alacağıq! Oturduğumuz yerdə qırılmış ayaqları ilə başımızı cəncələ salırlar! Vurun, vurun! Əlləri bir iş tutmayana qədər, addım ata bilməyənə qədər çırpın!

 

Kabellə döyülmək girovların ən çox qorxduğu işgəncə növlərindən idi. Amma həmən günün axşamı onları daha da vahiməyə salacaq bir hadisə baş verdi. Girovları həbsxanada da döydükdən sonra təpikləyərək həyətə çıxartdılar. Burada onları Şuşa həbsxanasına aparmaq üçün gələn maşın gözləyirdi. Beşini də itələyib maşına basdılar. Elə maşın yerindən tərpənmək istəyəndə həbsxana rəisi gəldi:

 

- Türkləri hara aparırsınız? Bizim işləri kim görəcək?

 

- Şuşaya! Bu murdarların üçünü Həsənabad kəndində saxlayırdıq. Gecə ilə iki nəzarətçini öldürüb, qaçıblar. Yuxarıdan əmr almışıq, indi kəndlərə dağıtdığımız bütün əsirləri Şuşa həbsxanasına aparırıq. Oradan qaça bilməyəcəklər!

 

- Düz edirsiniz! Amma bunların ikisini düşürt aşağı, buraları təmizləsin.

 

Hərbçi duruxanda həbsxana rəisi güldü:

 

- Demə ki, bunlar məni öldürüb qaçacaqlar! Ayaq üstdə ölür ey bunlar, hara qaçasıdırlar? Üçünü apar, get orada da de ki, ikisini Xaçik saxladı. Yoxsa istəyirlər Xankəndini mən təmizləyim? Qabaqdan qış gəlir, odunu kim doğrayacaq? Bir iki günlük ağır işlər var, onları görsünlər, özüm göndərəcəyəm ikisini də!

 

Həbsxana nəzarətçisi əlini maşının içinə uzatdı. Kimin yaxası əlinə gəldisə, çəkib maşından aşağı saldı. Maşın uzaqlaşanda nəzarətçi yerdəki üz-gözü göyərib şişmiş, qana bulaşmış girovlara təpik vurdu:

 

- Şellənmək vaxtı deyil, qalxın! Rəis sizə iş tapşıracaq!

 

Xəqani qalxanda gözucu qalxmağa çalışan digər girova nəzər yetirdi. Burada kiminlə qaldığını, bu bir-iki gün üçün hansı planları quracağını müəyyən etmək istəyirdi.

 

Onun adı Marks idi. Şuşa həbsxanasından iki ay olardı gətirmişdilər. Girovların “sakit adam” kimi tanıdığı orta yaşlı kişinin haqqında bircə o məlum idi ki, Füzulidəndir. Kənddə, qardaşı qızının toyunda ailəlikcə girov düşüblər. Bir müddət əvvəl BQXC Xankəndi uşaq xəstəxanasında saxlanılan həyat yoldaşını və üç övladını dəyişib. Başqa heç kim heç nə bilmirdi. Xəqani ona nə qədər güvənə biləcəyindən əmin deyildi. Ürəyindən keçirtdi ki, kaş Elmixanla qalaydım. Bu fikirlərlə nəzarətçinin arxasınca düşüb, təmizləyəcəkləri yerə gəldilər:

 

- Buraları təmizləyin, süpürün, qabları da yuyun, sonra kameranıza cəhənnəm olub, yatın! Əsas işimiz səhər olacaq!

 

Burada işləyəndə onların üzərində xüsusi nəzarətçi dayanmırdı. Necə də olsa, bağlı qapılar arxasında idilər, həbsxanadan hara qaçacaqdılar?

 

Çirkli qablar bir-birinə qarışıb, ciliklənmiş butulka qırıqları ətrafa səpələnmişdi. Xəqani işləyərkən səssizcə Marksı müşahidə edir, ona nə qədər güvənəcəyini bilmək istəyirdi. Marks da Şuşa həbsxanasından gəlmişdi, ora dönməyin hər gün bir az ölmək olduğunu yaxşı anlayırdı. Amma birdən Marks da Bəşir kimi, “Sən qaçsan, mən qışqıracağam!” deyərsə... Hər bir halda, ehtiyatlı olmaq lazım idi. Xəqani nə qədər götür-qoy eləsə də, işlərini yekunlaşdıranda hələ də bir qərara gələ bilməmişdi.

 

İkisi də yanaşı dayanıb, otağa nəzər saldılar. Yaddan çıxan, gözlərindən yayınan bir şey qalmayıbmı deyə diqqət kəsildilər. Hər şey qaydasında idi, indi kameraya qayıdıb uzanmaq, bədənlərinin sızıltılarını dinləyərək, səhəri gözləmək olardı. Xəqani Marksa tərəf çevrilmədən, özünün belə güclə eşidəcəyi səslə çarəsizliklə pıçıldadı:

 

- Gəl qaçaq, bizi arxadan güllələsinlər... Şuşa türməsinə qayıtmaqdansa...

 

Susdu... İndi Xəqaninin həyatı naməlum girovun dodaqları arasında idi. Ya birlikdə yola çıxıb, xilas olacaq, ya da ələ keçib yadına belə salmağa ürpəndiyi dəhşətlərə məruz qalacaqdı...

 

Davamı olacaq...

 

V hissədə:

 

- Sssss! Sakit! Xəqani, onsuz da orada getməyə yerin, evin-eşiyin yoxdur. Nə Ağdam var, nə də sənin kəndin. Ona görə də Bakıya gedərsən. Xahiş edirəm, yarımca saat mənim əvəzimə Xəzərin sahilində dayanıb, qağayılara yem atarsan...

 

- Valeh, sən döyülmürsən deyə kefin kökdür, xəyal-zad qura bilirsən! İstədim bir siqaret çəkib, yatam, onda da peşman elədin...

 

- Bakıya mənim sevgimi apar, Xəqani...


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR