Kənan MM-in plagiatı

Kənan MM-in plagiatı
13:31 4 Oktyabr 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az kulis.az-a istinadən Şərif Ağayarın “Beyinəqoşulmalar” essesini təqdim edir:

Bu gün işə gələndə yol boyu “Beyinəqoşulmalar” haqda yazmağı düşünürdüm. 

Gəlib interneti açan kimi şair dostumuz Salam Sarvanın aşağıdakı statusu ilə qarşılaşdım: 

Şübhəsiz burda bir mistika var, amma mən bu mistikanı izah eləməsəm, yəqin dostların bir çoxuna aydın olmayacaq.

Başlayaq “Beyinəqoşulma” ifadəsinin mənasından. 

Bu ifadəni ilk dəfə bizdə şair Əhməd Elbrusdan eşitmişəm. O, təkcə bu ifadəni işlətməmiş, istənilən məşhur şairin “beyninə qoşularaq” yazdığı şeirləri də təqdim etmişdi. 

Mən bilən, Əhməd Elbrusun “Beyinəqoşulma”lardan ibarət kitabı da çıxıb.

Nədir bu?

Əhməd Elbrus beyinə qoşulma deyəndə, hansısa şairin intonasiyasında şeir yazmağı nəzərdə tutur. 

İntonasiyanı şairin içinin barmaq izinə bənzətmək olar. 

Ona görə ki, bu heç vaxt təkrar olmur, eyni olmur. 

Zamana, dövrə, dünyagörüşünə, şairin yaşadığı ictimai-siyasi mühitə, coğrafiyaya görə biri-birinə bənzəyə bilər, ancaq əsla və əsla biri-birinin eyni olmaz. 

Misal: Füzuli – Seyid Əzim, Aşıq Alı – Aşıq Ələsgər, Vaqif – Səməd Vurğun, Ramiz Rövşən – Eldar Baxış, Əli Kərim – Fikrət Qoca, Məmməd İlqar - Ağamalı Sadıq, Nüsrət Kəsəmənli – Nəriman Həsənzadə və s.  

Biri-birinin eyni olan intonasiya varsa, yüz yox, yüz əlli faiz ortada plagiat faktı var. 

Plagiatın ən böyüyü və ən peşəkarı intonasiya, ahəng, atmosfer plagiatıdır. 

Tanınmış şairin ahənginə süzən plagiatçı mənəvi parazitdir. 

Özgə orqanizmi hesabına qidalanan virusdur. 

Onun heç nəyi yoxdur və zatən ədəbiyyatda qalmır. 

Ancaq bir dövr ərzində görünə, tanına, populyar ola, hətta sevilə bilər. 

Beyinəqoşulmanı, yəni, intonasiya plagiatını başqa bir metafora ilə belə izah edərdim:

Durnalar köç gedəndə göydə uça-uça yatırlar. Bu vaxt öndə gedən durnanın qanad çalması ardınca gələnin havada süzməsinə kifayət edir. Ancaq öndə gedən durna qanad çalmasını saxlasa, arxasınca gələn mütləq ya yuxudan ayılıb öz ahəngini tapmalı, ya da yerə düşməlidir. 

Beyinəqoşulma bilərəkdən və bilməyərəkdən ola bilər. 

Adətən, beyninə qoşulduğun, yəni intonasiyasına süzdüyün şairin leksikonu da, bənzətmələri də avtomatik sənə sirayət edir. 

Bu proses ayıq şüurda da, təhtəlşüurda da gedə bilir. 

Bəzən bilavasitə, bəzənsə bilvasitə beyinəqoşulmalar mümkündür. 

Misal üçün, Kənan MM yuxarıdakı şeirində Salamın özünə yox, onu yamsılayan başqa birinin təsirinə düşmüş ola bilər. 

Bunu bilə-bilə də, özündən asılı olmadan da etsə, nəticə dəyişmir. 

Bütün hallarda bu şeir Kəna MM-in (oxu: beyinəqoşulanın – Ş.A.) içində öz nəğməsi, öz ritmi, öz ahəngi, deməyə öz sözü olmadığına dəlalət edir. 

Bəzən istedadlı adamlar da beyinə qoşulurlar. 

Beyinəqoşulma elə bir axmaq xüsusiyyətdir ki, onu yalnız adama ilkin gənclik illərində bağışlamaq olar. 

Sənət cameəsində “Öz yolunu tap!” hökmü bu zəlalətdən yaxa qurtarmağın çox uğurlu ifadəsidir.  

Ayıq adamlar, ciddi istedadı, deməyə sözü, süzməyə nəğməsi olan adamlar bu krizdən tez xilas olurlar. 

Əks təqdirdə onlardan heç nə çıxmır. 

Misal çəkək: 

Markes etiraf edirdi ki, uzun müddət Kafkanın təsiri ilə yazıb və öz yolunu tapmaqda çətinlik çəkib. 

Akif İslamzadə gəncliyində Rəşid Behbudovu təqlid xəstəliyindən xilas olmaq üçün onun repertuarına heç vaxt müraciət etməyib. 

Statusunu paylaşdığım şair dostum Salam Sarvan Ramiz Rövşənin havasında yazdığı gəraylıların hamısını cırıb atıb. 

Akif İslamzadə misalından gördüyünüz kimi, beyinəqoşulma yalnız ədəbiyyata aid məsələ deyildir. 

Bütün sənətlərin intonasiyası, ahəngi olduğu üçün bütün sənətkarları imitasiya eləmək mümkündür.    

Eyni zamanda dünyada hər şeyin ana ritmi, mərkəzi ahəngi olduğuna görə, imitasiya həmişə və hər yerdə mümkündür. 

Ot çalmaqda da, yeriməkdə də, danışmaqda da, kitab oxumaqda da. 

Yeriyə bilməyən uşaq, velosiped sürə bilməyən böyük, kəndirin üstündə gəzə bilməyən idmançı, üzə bilməyən gənc ilk növbədə görmək istədiyi işin intonasiyasını, yəni əsas ahəngini tapa bilmədiyi üçün uğursuzluğa düçar olur. 

Və təbii ki, nəsrdə də intonasiya məsələsi çox ciddidir. 

Bütün mətnlərin bir “Biri var idi, bir yox idi” ahəngi var və oxucunu o saat ağuşuna alan deyilən fikirlərdən, göstərilən ustalıqdan əvvəl həmin ahəngdir. 

Beyinəqoşulmalara diqqət edin: hədəfdə həmişə məşhur adam var! 

Bu o deməkdir ki, beyinə qoşulan adamı sənət yanğısından çox, şöhrət düşündürür və bunun üçün məşhur adama bənzəməyi ən asan yol sayır. 

Təbii ki, səhv edir.

Yanılır. 

O, sənətə qeyri-ciddi yanaşdığı üçün sənətdən də adekvat cavab alır. 

Dünyanın ahəngini tutmağa çalışaq... 

Bunsuz olmayacaq... 

Nə sənətdə, nə yaşamda...   


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58675

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR