Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diaspor rəhbəri Litvada deputatlığa namizəddir

Diaspor rəhbəri Litvada deputatlığa namizəddir

Date: 4 October 2016 14:04

 

Litvada yaşayan soydaşımız, Azərbaycanın əməkdar jurnalisti, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev Litva Respublikası Seyminə deputatlığa namizədliyini irəli sürüb.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Litvada parlament seçkisi 2016-cı il oktyabrın 9-da keçiriləcək.

 

Qeyd edək ki, 1958-ci ildə Quba rayonunda doğulan Mahir Həmzəyev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, daha sonra Vilnüs Dövlət Universitetinin aspiranturasında təhsil alıb, 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır. M.Həmzəyev Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri kimi mövzularda 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalənin müəllifidir. O, həmçinin, Azərbaycan nağıllarını və yazıçılarımızın əsərlərini Litva dilinə, eləcə də Litva nağıl və əsərlərini ana dilimizə tərcümə edib.

 

Litvada diaspor fəaliyyəti ilə də məşğul olan M.Həmzəyev 1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir. O, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.  

 

M.Həmzəyev həmçinin “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.  

 

Dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.  

 

Bu illər ərzində Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M.Həmzəyev 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər  və dini məsələlər üzrə məsləhətçisidir.

 


Tags:  Diaspor rəhbəri Litvada deputatlığa namizəddir


RƏYLƏR


Top news