5 arvadı olan Xalq artisti ilə bağlı ŞOK GİZLİNLƏR: “Ölümündən 5 dəqiqə əvvəl...”

5 arvadı olan Xalq artisti ilə bağlı ŞOK GİZLİNLƏR: “Ölümündən 5 dəqiqə əvvəl...”
14:18 4 Oktyabr 2016
213 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün onun xatirə günüdür. Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunan gülüş ustası, xalq artisti Hacıbaba Bağırovu deyirik. Hər dəfə adını çəkəndə üzümüzə təbəssüm qonan aktyoru sənət dostu Novruz Qartalla yad edəcəyik.

Publika.az-a müsahibə verən N.Qartal sənətkarı bizlərə daha yaxından tanıtdı.

- Uzun illər bir yerdə çalışmısız, dostluq etmisiz. Onu bizə daha yaxından tanıdın...

- Mənimlə qardaş kimiydi, darıxan kimi zəng edib yanına çağırırdı. Bir də görürdün, gecə saat 3-də zəng edirdi ki, neynirsən? Deyirdim, bu vaxtı neyniyərlər? Gec yatan idi, zəng edirdi, ordan-burdan danışırdı. İstirahət günü də məni yanına çağırırdı, deyirdi gəl otur, söhbət eləyək, nə var e evdə.

Aramızda zarafat vardı. Mən truppa müdiri idim, onda “günlük” deyirdilər, hesablayıb verirdim, məvacib yazırdılar. O, direktor olduğu vaxtlarda bir tamaşada oynadı. Heç məşqlərə də gəlmirdi. Bir gün məni yanına çağırdı ki, məşqə gəlməyənlərin adını yaz, gətir mənə. Mən də başda onun adını yazdım. Soruşdu ki, kimlərdir məşqə gəlməyənlər, adlarını de, onları iti qovan kimi işdən qovacam? Dedim ki, biri elə cavan aktyorumuz Hacıbaba Bağırov. Qəfildən üzü dəyişdi, dedi ki, necə, sən direktora “günlük” hesablamamısan?

Böyük bir çayniki vardı, katibəsinə çay dəmlətdirib, ancaq özü içirdi. Bir gün xəlvəti bir fincan çayından oğurladım, qapıdan çıxanda üz-üzə gəldik. Fincanı pencəyimin altında gizlədəndə çay dağıldı, “yandım” deyib qışqırdım. Katibəsinə dedi ki, apar buna bir çaynik çay ver, ölüb eləyər, əlində qalarıq.

- Bərabər qastrol səfərlərində olmusunuz. Necə qarşılayırdılar onu?

- Yüksək səviyyədə. Raykom katibləri arxasınca xüsusi maşın göndərirdi. Məktəblilər onu rayon mərkəzinə qədər gül-çiçəklə müşayiət edirdilər. Çox hörmətli insan idi. Bakıya qayıdanda da maşının arxasını ət, yağ, balla doldurub bizi yola salardılar.

- Doğrudurmu ki, Hacıbaba Bağırovun aktyor kimi yetişməsində Nəsibə Zeynalovanın xüsusi rolu olub?

- Bunu çoxu bilmir. Amma bu, bir həqiqətdir. O vaxt teatrdan rayonlara qastrollara gedən iki dəstə vardı. Birinə Nəsibə Zeynalovanın dəstəsi deyirdilər, o birinə Lütfəli Abdullayevin. Nəsibə xanım Hacıbabanı, Lütfəli Abdullayev də Səyavuşu aktyor kimi tanıdıb, ortaya çıxarıb. Bunu danmaq olmaz. Nəsibə xanım hara gedirdi, Hacıbabanı özüylə aparırdı. Hacıbaba söhbətcil deyildi, məclislərdə Nəsibə xanım zarafatla deyirdi ki, ədə, dur ayağa sən də bir kəlmə danış, desinlər, yanımda kişi var.

- Amma Nəsibə xanımla çox vaxt küsülü olurdular. Bildiyimizə görə, ömürlərinin sonuna qədər küsülü qalıblar...

- Aylarla küsülü olurdular, barışırdılar. “Hicran” tamaşasında hiss olunmur ki, onlar üçü də küsülüdür.

- Səyavuş Aslanı nəzərdə tutursunuz?

- Bəli. Amma səhnəyə çıxanda elə məharətlə rola girirdilər ki, deyərdin, həyatda can bir qəlbdədirlər.

- Bu küsülülüyün səbəbi nə idi?

- Bizim teatra o vaxt Bala Qasımov adlı bir nəfər direktor təyin olundu. O gələn gündən bu üç aktyor arasında incikliklər başlandı. O direktor intriqalar yaradırdı ki, diqqəti öz üzərindən yayındırsın. Teatrda iş yaddan çıxmışdı, hamı intriqa ilə məşğul idi. Direktor özü işgörən adam deyildi axı.

- Nəsibə xanım dünyasını dəyişəndə də barışmadılar?

- Yox. Nəsibə xanımın həyat yoldaşı dünyasını dəyişəndə Hacıbaba yasa getməmişdi. Bu da Nəsibə xanımın bərk xətrinə dəymişdi və aralarındakı inciklik daha da dərinləşmişdi. Sonradan da o xəstə yatdı, arada soyuqluq yarandı.

- Bəs Səyavuş Aslanla da barışmadılar?

- Yox, küsülü öldülər.

- Hər halda, siz bilərsiniz, onların küsülülüyünün səbəbi nə idi?

- Hacıbaba Bağırov teatra direktor təyin edildi, Səyavuş da bədii rəhbər. Səyavuş küsdü ki, xeyir ola, Hacıbaba direktor olsun, mən bədii rəhbər. Küsdü, çıxdı getdi Akademik Milli Dram Teatrına.

- Nə əcəb dostları onları barışdırmağa cəhd eləmədi?

- Səyavuş çox kinli adam idi, Hacıbaba addım atsa da, o barışmadı. Xasiyyətcə, ürəyiyumşaq adam olan Hacıbabanın kini yox idi, küsürdü, bir həftədən sonra barışırdı.

- Şəxsi həyatı da keşməkeşli olub, sizcə, xoşbəxt idi?

- Beş dəfə rəsmi nikahda olub, beş arvaddan üç övladı var - bir oğlan, iki qız. Sonuncu həyat yoldaşı Arzu xanımla xoşbəxt idi.

- Qadınları əlcək kimi dəyişib ki... Boşanmaqlarında günah xanımlarda olub, yoxsa Hacıbaba Bağırovda?

- Hacı boyat xörək sevməyib, yəqin anladınız nə demək istədiyimi.

- Hobbisi vardımı, ən çox nəyə pul xərcləyirdi?

- Gözəl geyinmək üçün ürəyi gedirdi. O vaxt geyim tapmaq o qədər də asan deyildi, xaricdən gətirilən mallar “əl altından” satılırdı. Hacı pullarını geyimə verirdi, hər təzə dəb paltarı onun əynində görmək olurdu.

- Ömrünün son illərini xəstə keçirdi, onda əhval-ruhiyyəsi necə idi?

- Qulağı ağır eşidirdi. Bir dəfə türməyə getmişdik, ordakı insanlar qarşısında çıxış etməyə. Hacıbaba nəsə dedi, türmə rəisi də qayıtdı ki, demə, demə ay Hacıbaba yerin də qulağı varmış. Hacıbaba dedi ki, sən hardan bildin, qulağımın ağır eşitməyini. Rəis çaş-baş qaldı ki, bu nə deyir? Sonra düşdü mənim üstümə ki, sən hamının yanında niyə deyirsən, Hacıbabanın qulağı ağır eşidir, rəisə də sən xəbər vermisən. And-aman etdim ki, a kişi, o başqa söz deyirdi, sən başqa.

- Səhnədə hər kəsi güldürən Hacıbaba Bağırovu heç həyatda hönkürüb ağladığı zaman görmüsünüz?

- Hacıbaba həyatda çox ağır təbiətli insan idi. Zəhmindən hamı qorxurdu. Amma pis adam deyildi. Onun cəmi bir dəfə ağlamağını görmüşəm, o da ölümündən beş dəqiqə əvvəl. Məni yanına çağırdı, əlimdən tutdu, ağladı... Bunu xatırlamaq mənə ağırdır.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/170878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR