Azərbaycanda inhisarlar ÇÖKDÜRÜLÜR

Azərbaycanda inhisarlar ÇÖKDÜRÜLÜR
14:27 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti ölkəyə gətirilən bəzi məhsullar üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. Bu siyahıya ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər daxildir.

Sözügedən məhsulların 1 kiloqramına görə 1-3 dollar arasında, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. Meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0.7 dollardan az olmamaqla, gömrük idxal rüsumu alınacaq.

Qərar dərc olunduğu gündən 30 gün sonra qüvvəyə minir və iki il müddətində qüvvədədir.

Daha öncə bu məhsullara gömrük dəyərinin 15% faizi həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.

Bahalaşmaya qarşı yüksək rüsum, yoxsa?..

Azərbaycan iqtisadi islahatların yeni mərhələsindədir. Yaşamın istisnasız olaraq bütün sahələrinə sirayət edən yeniliklər və yerdəyişmələr cəmiyyətin həyat tərzinin dəyişməsi ilə yanaşı, ümumi rifahın yüksəlməsinə yönəlib.

Doğrudur, belə görünməyə bilər, çünki qlobal maliyyə böhranı davam edir, dünya bazarlarında xam neft və təbii qazın qiyməti aşağı səviyyədədir, üstəlik, Azərbaycanın yerləşdiyi coğrafiyanın yaxınlığındakı ölkələrdə situasiya stabillikdən uzaqdır.

Suriyadakı qanlı savaş sadəcə, ilk baxışdan bizdən çox uzaqdadır. Əslində isə həmin savaş Türkiyə, İran və Rusiyanın (bu ölkənin Qərbin sərt sanksiyalarına məruz qaldığını da unutmayaq) çox ciddi təsir edib.

Bəhs etdiyimiz üç ölkədlə milli valyutaların dollara olan kross-kursu sürəkli aşağı düşür, ümumdaxili məhsulun həcmində geriləmələr səngimir, sənaye istehsalı səviyyəsi aşağı düşür və s. Azərbaycanın ixrac strukturu ilə yanaşı, xüsusilə də idxal seqmentində Türkiyə, Rusiya və İran ən önəmli yerləri tutduğundan, bu dövlətlərdən ölkəmizə gətirilən məhsullarla malların qiymətlərində qaçılmaz artımlar var.

Azərbaycandakı bahalaşmanın əsas səbəblərindən biri, bəlkə də ən önəmlisi məhz budur.

Digər səbəblər isə qlobal bazarlardakı qiymət dəyişikliklərindəki mənfi təmayüllər, tariflərdəki geriləyici trendlərdir ki, sonucda enerjidaşıyıcıları satışından ölkəmizin əldə etdiyi gəlirlərdə də təbii və qaçılmaz azalma var.

Lakin bütün bunlar iqtisadiyyatını postneft erasında inkişafa yönəltmiş Azərbaycanda yerindəsayma kimi yox, daha sürətli inkişafı şərtləndirib və bu irəliləyiş artıq bariz şəkildə, aşkar formada hiss olunur.

Nazirlər Kabinetinin qərarı da bu irəliləyiş strategiyasının tərkib hisssidir. Yerli istehsalın, fermer təsərrüfatları və emal müəssisələrinin aktivliyinin artırılması, azərbaycanlı iş adamlarının daha fəal işlərə sövq edilməsi, kiçik və orta sahibkarlıqla yanaşı, iri şirkətlərin - təbii ki, yerli - dəstəklənməsi olmadan hər hansı istehsaldan danışmağa belə, dəyməzdi.

Məhz bu səbəbdən idxal olunan bir sıra məhsullara tətbiq edilən gömrük rüsumlarının artırılmasına qərar verilib.

Hazırda bəzi məhsulların və malların qiymətlərində fərqlər hiss olunur. Bu, sərbəst bazar iqtisadiyyatının şərtləri, normal biznes qanunları çərçivəsindəki qanunauyğunluq, normal haldır və həmin qısamüddətli artım bir müddət sonra aradan qalxacaq, qiymətlər stabilləşəcək: məsələ yerli istehsalçıların daha da güclənməsi ilə bağlıdır.

Sadaladığımız məhsullara gömrük rüsumlarının artırılması isə ölkə iqtisadiyyatının daha sürətli inkişafını şərtləndirəcək, əhalinin rifahına müsbət təsir edəcək.

Məqsəd yerli istehsalı inkişaf etdirmək, stimullaşdırmaq olduğundan maliyyə-investisiya təminatı, sahibkarların həvəsləndirilməsi və s. kimi zəruri tədbirlər planı da artıq hazırlanır. Əsas hədəf Azərbaycanda xırda və orta sahibkarlığı yetərincə inkişaf etdirmək, perspektiv irəliləyişə təkan verməkdir.

Eyni zamanda sözügedən qərar hökumətin apardığı iqtisadi islahatların davamıdır. Məsələn, Azərbaycana elə məhsullar gətirilir ki, onu burada özü də istehsal edir və yetərincə istehsal var, ölkənin tələbatını təmin edə bilər.

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da belə hesab edir: "Sahibkarlığın, fermer təsərrüfatının inkişafı baxımından belə addım atılmalı idi. Bu məhsulların Azərbaycanda istehsalını artırmağa imkan da, şərait də var. Son zamanlar kənd təsərrüfatı sahəsində aparılan islahatlar da bunu deməyə əsas verir".

Gerçəkdən də, rüsumları artırmazdan öncə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradılma zərurəti haqda səslənən fikirlər obyektivlikdən çox uzaqdır, çünki belə dəstəklə bağlı proqram illər əvvəl reallaşdırılmağa başlanıb.

İnhisarçılara ağır zərbə

Nazirlər Kabinetinin bu qərarı həm də inhisarçılara böyük zərbədir. Sirr deyil ki, Azərbaycanda bəzi idxal məhsullarının süni inhisarlar yaratmağa müvəffəq olmuş şirkətlərin nəzarətindədir. Qərarın icrasına başlandıqdan sonra isə inhisarçılıq aradan qalxacaq.

Postsovet məkanı ölkələrinin tam əksəriyyətində analoji qərarlar çoxdan verilib. Məsələn, qonşu Gürcüstanda ölkə daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof, süd, yumurta, meyvə-tərəvəz üçün 12% idxal rüsumu tətbiq edilir və kimsə də bu qərarı "iqtisadiyyata nəzarət" funksionalı kimi dəyərləndirmir.

Bundan başqa, Azərbaycanda ət və ət subməhsulları, toyuq yumurtası və bu kimi məhsularının istehsalının yetərli həddə çatmaqda olduğunu da unutmayaq. Belədirsə, yerli istehsalçını bilərəkdən zəiflədərək idxal olunan ətə, yumurtaya, südə niyə üstünlük verilməlidir?!

Təbii, bəzi ət və süd məhsullarının qiyməti qalxacaq, həmin artım idxal məhsullarında özünü göstərəcək. Yenə də normal haldır. Belə ki, Türkiyədə yerli istehsal olmayan ət, süd və yumurtanın qiyməti həmişə çox baha olub, bu da normal, adidən adi hal kimi qarşılanıb. İranda idxal rüsumlarının ərzaq məhsullarına tətbiq olunan seqmentinə gəldikdə isə, rəqəmlər Azərbaycanla müqayisə edilməz dərəcədə böyükdür: o həddə ki, İrana yumurta idxal edən iş adamı və ya şirkət həmin yumurtaları yerli istehsalla müqayisədə 2,1-2,6 dəfə artıq qiymətə satmalıdır. Təbii ki, İordaniya və ya Birləşmiş Ərəb Əmirliklərindən idxal olunmuş yumurta almaq istəyən iranlı da fikrində qətidirsə, daha çox pul ödəyir.

Azərbaycanda da belə olacaq: Rusiya, Ukrayna və ya Polşa istehsalı olan ət məhsulları, kolbasa, sosiska və ya süd məhsullarını almaq istəyənlər daha çox pul ödəməyə hazır olmalıdır.

Bu minvalla onlar özləri də bilmədən yerli istehsalçının mövqelərini gücləndirəcək, azərbaycanlı fermerlərin və kəndlilərin gəlirlərini artıracaqlar.

Necə ki, Rusiyada İtaliyanın parmezan pendirini, Norveç istridyəsini, İsveç tuna balığını və ya Portuqaliyanın Madeyra şərablarını almaq istəyən bahalı qiymətlərlə razılaşır.

Ona görə də yeni qərarın reallaşdırılmağa başlamasından sonra ölkədə inhisarçı mövqelərini qorumağa çalışanlar Türkiyədən, Rusiyadan və ya İrandan toyuq əti, yumurta və ya əti nə qədər ucuz qiymətə alsalar da, həmin məhsul yerli istehsalla rəqabətə tab gətirə bilməyəcək: nə qiymət, nə də keyfiyyət baxımından. Nədən ki, Azərbaycanda normal satışına nail olmaq üçün xaricdə mütləq şəkildə ən ucuz qiymətə məhsul almağa çalışacaqlar ki, belə məhsulun da keyfiyyəti heç bir halda yüksək ola bilməz.

Bütün bunların müqabilində yerli fermer təsərrüfatları, broyler kombinatları və şirkətləri daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarını da genişləndirəcəklər.

Toyuq yumurtalarının idxal rüsumlarının da artırıldığını nəzərə alsaq, yerli istehsalçıların bazarda mövqelərini gücləndirmək şansları artır. Yetər ki, onlar bu şansdan məntiqlə, effektiv şəkildə yararlana bilsinlər.

Meyvə-tərəvəzə gəldikdə isə, Azərbaycan əyalətlərində hər gün Rusiyaya və Gürcüstana yönələn, yükü elə meyvə ilə tərəvəz olan ağır tonnajlı avtomobilləri saymaq yetər. Fermerlər məhsullarını xaricə daşımağa məcbur idilər, çünki ölkəyə gətirilən aşağı keyfiyyətli, amma ucuz meyvə-tərəvəzin dempinq qiymətləri ilə rəqabətə davam gətirə bilmirdilər.

Azərbaycan kəndlisi min bir əziyyət bahasına ərsəyə gətirdiyi məhsulunu sata bilmirdi və kəndlərdə meyvələr, tərəvəzlər çox ucuz qiymətə təklif olunsa da, alınmırdı, çürüyürdü, məhv olurdu.

Bazarda İran kartofu və ya Türkiyə pomidorunun üstün mövqe tutduqları zamanlar beləcə, bitə bilər: yerli istehsal qiymət və keyfiyyət sarıdan öz sözünü deməlidir.

Çünki Azərbaycanda yerli istehsalçı öz keyfiyyətli məhsulunu bazara çıxarıb satacaqsa, xaricdən idxal olunan keyfiyyətsiz, ən müxtəlif kimyəvi qarışıqlar və genetik-modifikasiya vasitələri ilə dolu olan meyvə-tərəvəzi almağa lüzum qalacaqmı?

Söz yox, kimsə qablaşdırılmış İran üzümünü almaq istəyirsə, buyursun, bu üzümün hər kiloqramı üçün əlavə olaraq 0,4 dollar ödəsin.

Eyni sözləri mineral və qazlaşdırılmış sular, habelə bentonit, gips, sement, klinker barədə demək olar.

Haqsız rəqabətə son qoyulmalı, yerli istehsalçıya normal fəaliyyət imkanları yaradılmalıdır.

Məsələn, axı necə olur ki, "Akkord" şirkətlər qrupunun Qazax rayonunda yerləşən "Akkord Sement" zavodu çox keyfiyyətli məhsul istehsal edir və bu zavodun sementini, klinkerini Gürcüstanda böyük həvəslə alırlar - amma Azərbaycanda süni inhisarçıların ölkəyə İrandan gətirdikləri keyfiyyətsiz, amma ucuz sement bazarda "möhkəmləndiyindən" "Akkord Sement" istehsalı aktiv şəkildə artıra bilmir?!

Belə olmamalıdır, çünki bəhs etdiyimiz situasiya anormallıqdır.

Nazirlər Kabineti də ölkə iqtisadiyyatında və bazarda məhz sözügedən anormal durumlara son qoymaq üçün qərarı qəbul edib.

Cəmi iki il qüvvədə olacaq yeni rüsumlar yerli istehsalın mövqelərini gücləndirmək, effektivliyini artırmaqla yanaşı, keyfiyyətinin yüksəldilməsinə yönəlib.

İki ildən sonra isə rüsumlar ləğv ediləcək. Lakin o zaman artıq situasiya fərqli olacaq, yerli istehsal idxalla normal rəqabət imkanlarına yiyələnəcək.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/475973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR