Ermənistanda hökumət dəyişikliyi: Dağlıq Qarabağ və "Qazprom" amili

Ermənistanda hökumət dəyişikliyi: Dağlıq Qarabağ və "Qazprom" amili
14:37 4 Oktyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan sentyabrın 6-da elan etdiyi "milli barışıq" adlı hökuməti formalaşdırıb başa çatdırıb.
Son illər Rusiyaya qarşı etiraz aksiyalarının artması heç şübhəsiz rəsmi Yerevandan çox Moskvanı narahat edirdi.
Ermənistan Rusiyanın Cənub Qafqazda əsas dayağı olduğundan indiki beynəlxalq şərtlər daxilində Kreml bu ölkədən arxayın olmaq üçün ciddi dəyişikliklərin edilməsini alqışladı. Bu, özünü Ermənistana yeni baş nazir təyin olunanda göstərdi.
Rusiyanın baş naziri Dmitri Medvedev Karen Karapetyanı Ermənistanın hökumət başçısı olması münasibətilə təbrik etdi.
Ermənistanın yeni baş naziri bütün göstəricilərinə görə rusiyayönümlüdür.
O, 1963-cu il avqustun 13-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. 1980-85-ci illərdə Yerevan Universitetinin tətbiqi-riyaziyyat fakültəsini bitirib. İqtisad elmləri doktorudur. 1996-98-ci illərdə "Armenerqo"nun direktor müavini, 1998-2001-ci illərdə bu müəssisənin direktoru, Ermənistan energetika nazirinin müavini, 2001-2010-cu illərdə "ArmRosqazprom"un (hazırda "Qazprom-Armeniya" adlanır, Rusiyanın "Qazprom" dövlət şirkətinin törəmə qurumudu) baş direktoru, 2010-cu ilin dekabrından 2011-ci ilin oktyabrınadək Yerevanın meri vəzifələrində işləyib. 2011-ci ilin dekabrından "Qazprombank" prezidentinin birinci müavini, “Qazprom Mejregionqaz” baş direktorunun strategiya və inkişaf üzrə müavini olub. 2016-cı ilin sentyabrına olan məlumata görə, o, dünya varlıları arasında 549-cu yerdədir. "Forbes" jurnalının hesablamasına əsasən, K.Karapetyanın 3,8 milyard dollarlıq sərvəti var. Bu sərvətin yiyəsi olmaq da bir sıra mətləblərdən xəbər verir.
Karen Karapetyan Nazirlər Kabinetinin ilk iclasında iki mərhələdən ibarət "inkişaf proqramını" təqdim etdi. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə birinci mərhələdir.
Yeri gəlmişkən, Gürcüstanda hökumətə bir il başçılıq etmiş Bidzina İvanişvilinin sərvəti 4,8 milyard dollar idi. Mixeil Saakaşvilidən fərqli olaraq onun da rusiyayönümlü olduğunu deyirlər.
K.Karapetyanı baş nazir təyin etməklə Moskva Ermənistanda yeni hakimiyyət quruculuğunda ilk işi başa çatdırmış oldu.
Keçmiş baş nazir Ovik Abramyanın vəzifədən getməsinə isə onun Moskvaya qarşı dəhlizlərdə və gizli toplantılarda çıxışlar etməsi səbəb olub. Ermənistan KİV-nin yazdığına görə, Dmitri Medvedev onu qəbul belə etmirmiş. Həmin yazılarda bildirib ki, O.Abramyan Avrasiya İqtisadi İttifaqının Rusiyanın layihəsi olduğunu, Ermənistanın bu quruma cəlb edilərkən şərəf və ləyaqətinin nəzərə alınmadığını söyləyibmiş. Bu və bu kimi başqa çıxışları onun hökumətdən getməsi ilə nəticələnib. Düzdür, O.Abramyan istefa verəndə rusiyalı həmkarı ona uğurlar arzulayıb.
Ermənistanın 14-cü baş naziri də Qarabağda yaşamış erməni oldu. Ümumiyyətlə, bu ölkənin üç baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. Robert Koçaryan 1997-ci il martın 20-dən 1998-ci il aprelin 9-dək, Serj Sarqsyan 2007-ci il aprelin 4-dən 2008-ci il aprelin 9-dək Ermənistan hökumətinə başçılıq ediblər. Ermənistanın 3 prezidentindən ikisi (Koçaryan və Sarqsyan) Dağlıq Qarabağda dünyaya gəlib. 
Karen Karapetyanın Robert Koçaryana yaxın olduğu da deyilir.
Qeyd edək ki, "Qazprom-Armeniya" 1997-ci il avqustun 30-da Koçaryanın baş nazirliyi dövründə yaradılıb və Karapetyan da karyerasını onun prezidentliyi dövründə genişləndirib. Hətta prezidentlikdən sonra Robert Koçaryana "Qazprom"un vitse-prezidentliyinin təklif edildiyi haqda xəbər yayılmışdı. Bu onu göstərir ki, Ermənistanın ikinci prezidentinin Rusiyanın bu energetika şirkəti ilə ciddi əlaqəsi var.
"Qazprom-Armeniya" Rusiya "Qazprom"unun yüz faizli törəmə müəssisəsdir, başqa sözlə, Rusiyanın energetika qurumudur.
Ona görə də Ermənistan hökumətində "Qazprom"çuların sayı da artmaqdadır. "Qazprom-Armeniya"-nın mətbuat katibi Şuşan Sardaryan Ermənistanın baş naziri Karen Karapetyanın müşaviri təyin olunub. "Qazprom-Armeniya"nın direktoru Vardan Arutyunyan Ermənistan Dövlət Gəlirləri Komitəsinin başına gətirilib.
Yaxın zamanda onların sayının artacağı da ehtimal edilir. Başqa sözlə, Ermənistan hakimiyyətini Rusiyanın "Qazprom"u ələ keçirir.
Nəzərə almaq lazımdır ki, son illər Rusiyanın bu şirkəti yaxın qonşularla münasibətdə siyasi proseslərdə daha fəallıq göstərir. Bununla Moskva adıçəkilən müəssisəni dünya siyasətinə təsir edə biləcək bir güc kimi göstərməyə çalışır.
Ermənistanda nazir kreslosundan məhrum edilənlərdən biri də müdafiə naziri Seyran Ohanyandır. Onun yerinə Ermənistan Prezident Aparatının rəhbəri Viqen Sarkisyan təyin olunub.
S.Ohanyan da Dağlıq Qarabağda doğulan və Sarqsyan, Koçaryan kimi xarici havadarlarının yardımı ilə Azərbaycan torpaqlarının işğalında iştirak edənlərdəndir. Ermənistan ordusu yenə də Azərbaycanda anadan olan ermənilərin ixtiyarına verilib. Bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan təyin olunub. Movsesyan 1965-ci ildə Azərbaycanın Xocavənd (sovetlər dövründə Martuni adlanırdı) rayonunda doğulub.
S.Ohanyan Ermənistan hakimiyyətinin əsas fiqurlarından sayılırdı. Hətta onun perspektivdə ölkəyə başçılıq edəcəyi də ehtimal olunurdu.
Ancaq son illərdə barəsində yayılan çoxsaylı korrupsiya faktları, xüsusilə bu ilin aprelində Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistanın atəşkəsi pozması nəticəsində baş verən döyüşlərdə onun gücü, qurduğu ordunun bacarığı ifşa edildi. Məsələn, Ermənistan KİV-lərində ona qarşı ciddi kampaniya aparılırdı. Həmin yazılardan bir nümunəni diqqətinizə çatdırırıq: "Aprel hadisələrindən sonra təmas xəttində sakitlik hökm sürür. Amma bu qısa müddətdə bizim orduda xeyli sayda mənfi, təhlükəli və biabırçı hallar üzə çıxdı. Beşdən çox korrupsiya qalmaqalı (Ermənistan Müdafiə Nazirliyinin yüksək eşalonlarında), üçdən çox oğurluq faktları və oğurluq zamanı bir ölüm halı (məsələn, İcevanda yerləşən hərbi hissələrdən birində sıravi əsgər Ovanes Petrosyan yanacaq oğurluğunun qarşısını almaq istəyərkən öldürülüb) qeydə alınıb. Eyni zamanda, həm ölkə daxilində, həm də xaricdə yalnız Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş ərzaq məhsullarının satışı faktı aşkar edilib, hərbçilərin valideynləri özləri əsgərlər üçün hərbi forma alır, hər yerdə əsgərlərlə çavuşlar, əsgərlərlə zabitlər arasında nizamnaməyə uyğun olmayan hallar yaşanır (məsələn, mayın 16-da altı əsgər bölük komandirini döyüb), hərbi hissələrdə əsgərlərin zorlanması faktları aşkarlanıb".
Ermənistan KİV-lərinin hesablamalarına görə, təkcə iyun ayında Ermənistan tərəfinin itkiləri 9 ölü və 18 yaralı əsgər təşkil edib: "Bu, hərbi itkilər deyil, sadəcə, xaos və intizamsızlığın nəticəsidir. Bütün bunları görən valideynlər övladlarını xidmətə buraxmaq istəmirlər".
Ermənistan KİV-lərinin yazdığına əsasən, Azərbaycanın işğal altında olan Qarabağ ərazisində döyüşməmək üçün Ermənistanda hər bir çağırışçıdan 5 min ABŞ dolları məbləğində rüşvət tələb edilir.
"Transparency International" beynəlxalq antikorrupsiya mərkəzinin bu ilin fevralında yaydığı hesabat da bunu təsdiqləyir. Həmin hesabatda bildirilirdi ki, keçirilən yoxlama zamanı Ermənistan Müdafiə Nazirliyində böyük məbləğdə maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi məlum olub: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud aksiyalarda payları var". Məlumatda qeyd edilirdi ki, nazirin ailə üzvləri, yaxınları yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər.
Bu və başqa səbəblərdən Seyran Ohanyanın istefaya gedəcəyi də ehtimal edilirdi. Deyilənlər və ehtimallar özünü doğruldu. Moskva Ermənistan ordusundakı əsas fiqurlardan birini güdəza verdi. Bununla həm də Ermənistan ordusunun və havadarlarının aprel döyüşlərindəki uğursuzluğunun başlıca səbəbkarı aşkarlanaraq vuruldu.
Ermənistanda yeni hökumət, perspektivdə isə onun üzərində qurulacaq hakimiyyət formalaşdı.
Nəzərə almaq lazımdır ki, 2017-ci il aprelin 2-də ölkədə parlament seçkiləri keçiriləcək. Yeni konstitusiyaya əsasən, Ermənistan parlamentli respublika olacaq. Başqa sözlə, prezidentin səlahiyyətləri azaldılacaq, onu parlament seçəcək. Dövləti parlamentin təsdiqləyəcəyi baş nazir və onun kabineti idarə edəcək. Serj Sarqsyanın prezident kimi səlahiyyət müddəti isə 2018-ci il aprelin 9-da başa çatır.
Beləliklə, Ermənistanda hakimiyyətə milyarder Karen Karapetyanın timsalında yeni qüvvələr gətirilir. Bu, bir sıra məziyyətlərinə görə Gürcüstandakı hakimiyyət dəyişikliyinə də oxşayır. Moskva isə bu ölkənin idarə edilməsindəki prinsiplərini dəyişməyib - Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olan ermənilər tərəfindən idarə edilməlidir. Bu dəfə bu prinsipi gücləndirmək üçün ona "Qazprom"çuların timsalında maliyyə qaynağı da əlavə edib. Odur ki, Rusiyanın Yerevanda fiqurları dəyiş-düyüş etməsi fonunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı beynəlxaq vasitəçilərin verdiyi vədlər çox mənasız görünür. Ermənistanda kadrların düzülməsi Azərbaycan torpaqlarının yalnız ermənilər tərəfindən işğal edilmədiyini təsdiqləməkdədir. 

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/ermenistanda-hokumet-deyisikliyi-dagliq-qarabag-ve-qazprom-amili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR