Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Tanınmış jurnalistlərə “Şöhrət” ordenləri təqdim olunub

Tanınmış jurnalistlərə “Şöhrət” ordenləri təqdim olunub

Date: 4 October 2016 15:52

Bakı. 4 oktyabr. REPORT.AZ/ AZƏRTAC-da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilən əməkdar jurnalistlər Elmira Əliyeva və Qalina Mikeladzeyə “Şöhrət” ordenlərinin təqdim olunması mərasimi keçirilib.
“Report”un məlumatına görə, tədbirdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov çıxış edərək jurnalistikanın inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsirindən söhbət açıb.
O vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən qələm adamlarına göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Elmira Əliyevanı və Qalina Mikeladzeni Azərbaycan mətbuatının canlı klassikləri adlandıran baş direktor deyib ki, hər iki jurnalist öz istedadını hələ gənc yaşlarından göstərib, qəzet səhifələrində bir-birindən maraqlı, məzmunlu yazılarla çıxış edib: “Onların milli mənəvi dəyərlərə, xüsusən mədəniyyət və incəsənətimizə həsr olunmuş oçerk və məqalələri obyektivliyi, həyatiliyi, insanları düşündürmək keyfiyyətləri ilə fərqlənib. Geniş dünyagörüşünə, zəngin müşahidə qabiliyyətinə, həssas qəlbə malik jurnalist qələmindən çıxan bu yazılar həmişə müsbət əks-səda doğurub. Onların hələ sovet dövrü mətbuatında qaldırdıqları problemlər, taleyüklü məsələlər jurnalist vətənpərvərliyindən və prinsipiallığından xəbər verirdi. Elmira Əliyeva və Qalina Mikeladzenin yaradıcılığı bu gün gənc jurnalistlər üçün həyat və təcrübə məktəbi hesab oluna bilər”.
Azərbaycan mətbuatının iki böyük siması ilə AZƏRTAC-da keçirilən bugünkü görüşü unudulmaz hadisə kimi dəyərləndirən baş direktor onlara uzun ömür və cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən AZƏRTAC–ın əməkdaşları Elmira Əliyevaya və Qalina Mikeladzeyə ürək sözlərini və səmimi arzularını çatdırıblar. Qeyd olunub ki, hər iki jurnalist böyük həyat yolu keçib, maraqlı insanlarla görüşüb, nüfuzlu qəzetlərdə çalışıb. Bu cür insanları qorumaq, təbliğ etmək və gələcək nəsillərə tanıtmaq lazımdır. Onlar nəinki peşəkarlığı, eləcə də insani keyfiyyətləri ilə gənc nəslə örnəkdirlər.
Sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə layiq görüldükləri “Şöhrət” ordeni tanınmış qələm sahiblərinə təqdim olunub.
E.Əliyeva və Q.Mikeladze jurnalistlik fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.




Tags:  Tanınmış jurnalistlərə Şöhrət ordenləri təqdim olunub

RƏYLƏR


Top news