Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qolları olmayan azərbaycanlı: at çapır, maşın sürür, yer belləyir - FOTO

Qolları olmayan azərbaycanlı: at çapır, maşın sürür, yer belləyir - FOTO

Date: 4 October 2016 17:22

At çapır, maşın sürür, yer belləyir. Naxırı qabağına qatıb otlaqlara aparır. Yayın istisində beli çiyninə alıb əkinləri suvarır.

Milli.Az sputnik-ə istinadən bildirir ki, qolları olmayan bir insanın gördüyü iş, etdiyi hərəkətlər çoxlarını təəccübləndirir. Barəsində eşitdiklərimiz bizdə də maraq yaratdı. Tərtər rayonunun Köçərli kəndində olub Alik Hüseynov və onun ailə üzvləri ilə görüşdük.
 
Aliki el arasında "Qulu" kimi tanıyırlar. Elə özü də bu adla təqdim olunmağını istəyir. Bu ilin iyununda o, 40 yaşını qeyd edib. Dediyinə görə, sağlam doğulubmuş, qollarını uşaq vaxtı ehtiyatsızlıqdan itirib: "10 yaşım yenicə tamam olmuşdu. Mal-qaramızı otarmaq üçün örüşə aparmışdım. Sahədəki elektrik transformatorunun yanında oynayanda qəfil tok vurdu məni".
 
Qulu qollarını 10 yaşı olanda, ehtiyatsızlıqdan itirib
 
Yüksək gərginlikli elektrik xəttinə toxunduğundan, cərəyan Qulunun bədəninə keçib. Amma necə olubsa, o, sağ qalıb. Valideynləri onu Bərdə rayon mərkəzi xəstəxanasına çatdırıblar. Buradan isə təcili olaraq Bakıya yola salınıb. "Semaşko" kimi tanınan xəstəxanada Qulunun, çiyninə birləşən, azacıq hissəsi saxlanılmaqla hər iki qolu amputasiya olunub. Az müddət keçməmiş təkrar cərrahi əməliyyata məruz qalıb və bu qol hissəsi lap kiçilib. Növbəti dərs ili Qulu məktəbə gedə bilməyib, çünki nə çantasını apara, nə kitabları vərəqləyə, nə də yaza bilirdi. Etiraf edir ki, heç əvvəldən yaxşı oxumayıb. Yalvar-yaxarla ailə üzvlərini, yenidən mal-qara otarmağına razı sala bilib. Qulu deyir ki, bütün günü təbiətin qoynunda olmaq ona dərd-qəmini unutdurub. Günlərin bir günü kəndə xəbər yayılır ki, Qulu qız qaçırıb. 

Anası Rəfiqə xanım deyir ki, burada heç bir məcburiyyətdən söhbət gedə bilməz: "Onlar bir-birlərini seviblər və birgə yaşamaq qərarı veriblər. Çox yaxşı toy etdik. İndi iki qızları var".
 
Fiziki məhdudiyyətinə baxmayaraq, evin, həyətin bütün işlərini Qulu özü görür
 
Uşaqlar artıq böyüyüb - birinin 13, o birinin isə 10 yaşı var. Hər ikisi məktəbə gedir. Onlar evdə olduqları vaxt atalarına çay içirir, yemək yedirirlər. Qulu hər axşam uşaqlarının dərsləri ilə maraqlanır, evə daha çox "əla" qiyməti gətirəni mükafatlandırır.

Rəfiqə xanım bu ailənin maddi təminatının zəif omağından şikayətlənir: "Oğlumun pensiyası 130 manatdır. Nəzərə almırlar ki, bu adam ailə başçısıdır, ona qulluq etdiyindən həyat yoldaşı da işləyə bilmir. Bu pulla özlərini və 2 uşağı necə saxlamalıdırlar? Uşaqlar hər gün məktəbə gedəndə ondan 20 qəpik "bulka pulu" istəyirlər. Qulu bəzən bu pulu tapıb verə bilmədiyindən utanır, dərd çəkir". Ailənin qayğıları artdıqca Qulu əvvəlkindən daha çox işləyir. Daim qoltuğunda saxladığından, belin, yabanın, baltanın sapları böyrünü əzir, kiçik qol hissəsinə güc düşür. Amma heç vaxt öz işini başqasına gördürmək istəmir. Gecə narahat yatsa da, səhər hamıdan tez oyanır və gün qalxana qədər heyvanlarının qarnını doyurmuş olur.

Qulu özünü sürücü kimi də doğruldub, uzun illər müxtəlif markalı avtomobilləri idarə edib: "Sükana nəsə quraşdırmamışdım, dizlərimlə onu idarə edirdim. Bakıya, Gəncəyə, Naftalana da gedib-gəlirdim. Heç vaxt qəza törətməmişəm. Sonuncu maşınımı 2 ay əvvəl satmışam. Yenisini almaq imkanım yoxdur. Deyirlər, əlillər üçün dövlət hesabına maşın verilir. Görəsən həmin avtomobildən mənə də verərlərmi?".
 
Həyat yoldaşına pis təsir edən odur ki, televiziya kanallarının əməkdaşları maraqlı, əyləncəli xəbər hazırlamaq üçün onların qapısına gəlirlər: "Qulunun at çapmağını, maşın sürməyini bir neçə dəfə çəkib televiziyada göstəriblər. Qulu tamaşaçıları əyləndirmək üçün onlara lazımdır. Amma heç vaxt maraqlanmayıblar ki, bu şikəst insanın ailəsi necə dolanır, hansı çətinlikləri var. Jurnalistləri qapımıza gətirən icra məmurları başqa vaxt qapımızı döymürlər, kiçik bir yardımlarını da görməmişik. Buna görə son vaxtlar onları qapıdan qovuruq". 

Milli.Az







Tags:  Qolları olmayan azərbaycanlı at çapır maşın sürür yer belləyir FOTO

RƏYLƏR


Top news