Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Mehriban Əliyeva Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
17:37 4 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün Xətai rayonundakı 3 nömrəli uşaq evində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olub, uşaq evinin sakinləri ilə görüşüb.
“Report”un xəbərinə görə, bu gündən paytaxtdakı daha bir uşaq evinin sakinləri ən müasir tələblərə cavab verən binada yaşayacaqlar. Xətai rayonundakı 3 nömrəli uşaq evi əsaslı təmir və bərpadan sonra kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların istifadəsinə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müəssisənin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu uşaq evinin binası 1976-cı ildə 12 qrupluq körpələr evi – uşaq bağçası üçün inşa edilib. 1990-cı ildən 110 yerlik uşaq evi olaraq fəaliyyətini davam etdirib.
Azərbaycanın birinci xanımı uşaq müəssisəsində yaradılan şəraitlə tanış oldu. Müəssisədə kimsəsiz və valideyn himayəsindən məhrum olan 107 uşaq yaşayıb tərbiyə alır. Uşaq evinin 3 yaşdan 18 yaşadək sakinlərinin təlim-tərbiyəsi ilə 44 nəfər pedaqoji, texniki və tibb işçisi məşğul olur. Burada rəqs, vokal, evdarlıq, xalçaçılıq, rəsm dərnəkləri fəaliyyət göstərir.
Otaqları gəzən Mehriban Əliyeva uşaq evinin sakinləri ilə söhbət edib, onların qayğıları və arzuları ilə maraqlanıb.
Söhbət zamanı uşaq evinin sakini Sənan Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlarla görüşlərindən birini xatırlayıb. Bildirilib ki, həmin görüş zamanı Leyla Əliyeva uşaqların istək və arzuları ilə maraqlanıb. Sənan isə ciddi göz xəstəliyindən əziyyət çəkdiyini deyərək, ən böyük arzusunun səhhətindəki bu problemin həll edilməsi olduğunu söyləyib. Heydər Əliyev Fondunun vitse-prezidentinin dəstəyi ilə Sənan uğurla əməliyyat olunub və hazırda onun görmə qabiliyyəti ilə yaşanan çətinliklər həll edilib.
S.Məmmədov ən böyük arzusuna çatdığına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.
Müasir üslubda təmir və bərpa olunan uşaq evi zəruri mebel – inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, internet və yanğın xəbərverici sistemləri yaradılıb. Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli sərəncamı ilə təsdiq edilən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2014-cü ilin iyul ayında başlanan əsaslı təmir-tikinti və bərpa işləri 2016-cı ildə başa çatıb.
Müəssisənin zəngin kitabxanası da var. Azərbaycanın birinci xanımı uşaqlar arasında kitab oxumağı təbliğ etməyin vacibliyini bildirib.Əsaslı təmir zamanı əlavə yeməkxana, gimnastika, idman və akt zalları, valideynlərlə görüş otağı inşa edilib.
Təmirdən sonra uşaq evinin binasının sahəsi 590 kvadratmetr artaraq 2126 kvadratmetr təşkil edir.
Həmişə olduğu kimi, bu dəfə də uşaq evinin sakinləri Mehriban Əliyevanın əhatəsinə toplaşdılar, ən böyük dost saydıqları Azərbaycanın birinci xanımına bacarıqlarını nümayiş etdirdilər, şeir söylədilər, birgə foto çəkdirdilər.
Müəssisənin həyətində süni yaşıl örtüklü idman meydançası yaradılıb, yaşıllıq salınıb, ərazidə və binanın fasadında müasir işıqlandırma sistemi, uşaqların istirahəti üçün dekorativ oturacaqlar quraşdırılıb.
Heydər Əliyev Fondu ölkədəki bütün uşaq evləri kimi, 3 saylı uşaq evinin sakinlərini də hər zaman diqqət və qayğısı ilə əhatə edir. Yay aylarında bu uşaqlar Fondun dəstəyi ilə Buzovna qəsəbəsində inşa edilən və müasir tələblərə cavab verən dördmərtəbəli sağlamlıq-istirahət mərkəzində dincəlirlər.
Uşaq evinin məzunları da Fondun dəstəyini hər zaman hiss edirlər. Belə ki, hərbi xidmətini başa vuran uşaq evinin keçmiş sakinləri neft emalı zavodunda iş və yataqxana ilə təmin olunurlar. Müəssisənin qız məzunları isə Masazırda uşaq evlərinin məzunları üçün inşa edilən binada yaşayırlar.
Uşaq evində yaradılan şəraitdən razı qalan Mehriban Əliyeva müəssisənin kollektivinə uğurlar arzulayıb.
















Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/mehriban-eliyeva-xetai-rayonundaki-3-nomreli-usaq-evinde-esasli-temirden-sonra-yaradilan-seraitle-ta

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR