Nazir: "Türkiyə “BakuTel-2016” İT sərgi-konfransında iştirak edəcək"

Nazir: "Türkiyə “BakuTel-2016” İT sərgi-konfransında iştirak edəcək"
17:52 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ İstanbulda keçirilən XXVI Ümumdünya Poçt Konqressində iştirak edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb.
"Report"un İstanbulda olan müxbirinin verdiyi xəbərə görə, türkiyəli nazir Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşü yüksək qiymətləndirib və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi və genişlənməsi üçün böyük səylərini göstərməkdə davam edəcəklərini vurğulayıb.
"Bu gün keçirilən beynəlxalq tədbir bizim üçün çox önəmlidir. Burada dünyanın əksər ölkələrindən nümayəndələr iştirak edirlər. Lakin Azərbaycan nümayəndə heyətinin iştirakı və bizi yalnız qoymaması bizim üçün olduqca vacibdir",-  deyə türkiyəli nazir bildirib.
Azərbaycanla Türkiyə arasında işgüzar münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Ə.Arslan bugünkü görüşlər zamanı bu işgüzar əlaqələrin bundan sonra da genişləndirməyin yollarının axtarıldığını deyib: "Qeyd edim ki, bu il noyabrın 29-da Bakıda keçiriləcək “BakuTel-2016” beynəlxalq İT sərgi-konfransında da iştirak edəcəyik və bu əməkdaşlığı daha da inkişaf etdirəcəyik".
Ə.Arslan hazırda inşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə də toxunaraq onun 2017-ci ilin əvvəlində istismara veriləcəyini söyləyib: "Bildiyiniz kimi, hər iki ölkənin prezidenti bu layihənin inşasının tez bir zamanda yekunlaşması üçün göstəriş verib və hazırda ərazidə sürətli tikinti işləri aparılır. Bu layihə təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region ölkələrinin İpək Yolu xəttindən istifadə etməsini, ölkələrimizin isə həm ticari, həm də iqtisadi faydasının daha da böyüməsini hədəfləməlidir".

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/nazir-turkiye-bakutel-2016-i-t-sergi-konfransinda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR